Süd və süd məhsullarının autizmli uşaqlara təsiri

Süd və süd məhsullarının autizmli uşaqlara təsiri
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir” rubrikası davam edir.

Medicina.az xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər rubrika vasitəsi ilə oxucuların diqqətinə çatdırılır. Bu dəfəki maarifləndirici mövzumuz isə "Süd və süd məhsullarının autizmli uşaqlara təsiri” mövzusunda olacaq.

Süd və süd məhsulları gündəlik qida rasionumuzun önəmli bir hissəsini təşkil edir. Bu məhsullar zülal, kalsium, B2 və B12 vitaminləri də daxil olmaqla bir çox qida maddəsinin mənbəyi hesab olunur. Süd məhsullarının tərkibindəki kalsium, sümük və dişlərin sağlam inkişafında, eləcə də hüceyrələrin normal fəaliyyətində xüsusi rol oynayır. Həmin qidaların tərkibindəki keyfiyyətli zülal isə uşaqlarda böyümə, böyüklərdə toxuma bərpası və hər yaş qrupunda orqanizmin fəaliyyətinə müsbət istiqamətdə təsir göstərir. Lakin autizmdən əziyyət çəkən uşaqlarda bu heç də belə deyil. Çünki süd və süd məhsullarındakı əksəriyyətini antibiotiklər, hormonlar, antihelmintik preparat, pestisid və baytarlıq dərmanları təşkil edən kimyəvi çirkləndiricilər autizm xəstəliyinin yaranması və gedişatında köməkçi faktor ola bilir. Həyat boyu davam edən autizm isə uşaqların sosial münasibətlərində, ünsiyyət vərdişlərində, təxəyyüllərinin inkişafında zəiflik və ya tamamilə yox olma ilə müşahidə edilən xəstəlikdir. Onların vərdişlərində müşahidə edilən rutinləşmə qidalanmalarında da əks olunur. Məsələn, hər dəfə eyni tərkibli qida məhsullarından asılılıq da buradan qaynaqlanır.

Bir sıra tədqiqatlar göstərir ki, süd zülallarının isidilməsi, müxtəlif zülal dəyişikliklərinə səbəb olur. Bu da onların həzmini həm in vitro, həm də in vivo azaldır. İnək südünün sənaye sterilizasiyası və qatıq emalında istifadə edilənə yaxın dərəcədə isidilməsi tərkibindəki kazein zülalını həzmə daha dözümlü hala gətirir. Bu zülalın istilik təsirindən aqreqatlaşması ehtimalı ilə izah olunur. Bundan əlavə radiasiya, qələvi emalı, oksidləşmə, yüksək təzyiq emalı, ekstruziya və qidaların dondurulması-əridilməsi tsikli də protein həzminə təsir göstərə bilər. Ultra emal olunmuş qidaların digər zərərli xüsusiyyətlərinə əlavə olaraq, bəzi emal üsullarının qida zülallarının həzminə olan mənfi təsiri nəzərə alınaraq autizmli uşaqların pəhrizində minimal emal edilmiş süd, yumurta, ət və balıq və s. məhsulları yer almalıdır. Autizmli uşaqlarda kazein və qlutendən təmizlənmiş pəhrizlə bağlı aparılan araşdırmada uşaqların qan nümunələrində CD26, CD69, streptokinaza, gliadin, kazein və IgG, IgM, IgA anticisimləri araşdırılıb. Əksəriyyətində də kazein və qliadinə qarşı anticisimlərin olduğu aşkarlanıb. Bundan əlavə streptokinaz gliadin və kazeinin limfosit və toxuma enziminə birləşməsi autizmli uşaqlarda iltihablaşma və immunitet reaksiyalarına səbəb ola bilir.

loading...

Xəbər lenti