Türkiyə prezidentini seçir: İncə, yoxsa Ərdoğan?

Türkiyə prezidentini seçir: İncə, yoxsa Ərdoğan?
Bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir.

Qaynarinfo Milliyet-ə istinadən xəbər verir ki, ölkədə 56 milyon 322 min 632 seçici var. Türkiyə vətəndaşları 81 bölgədə yerləşdirilən 180 min 65 sandıqda səs verəcək. Səsvermə prosesi Bakı vaxtı ilə 09:00-da start götürüb və 18:00-a qədər davam edəcək. Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları üçün təşkil edilən səsvermə prosesi artıq yekunlaşıb və səslər ölkəyə gətirilib.

Prezident seçkilərində 6 namizəd mübarizə aparır: Ədalət və İnkişaf Partiyası (AK Part) və MHP-nin "Cümhur İttifaqı"ndan Rəcəb Tayyib Ərdoğan, CHP-nin namizədi Məhərrəm İncə, HDP-dən Səlahəddin Dəmirtaş, "İYİ" Partiyasının rəhbəri Maral Akşenər, Səadət Partiyasının sədri Təməl Karamollaoğlu və Vətən Partiyasından Doğu Perinçek. Əsas mübarizənin Ərdoğan və İncə arasında gedəcəyi gözlənilir. 

Qeyd edək ki, seçki səbəbilə saat 06:00-dan 24:00-a qədər içki satışı qadağan edilib, əyləncə yerləri, çayxanalar bağlanıb. Təşkil edilən mərasimlərdə, toy məclislərində içki servisi də dayandırılıb. Türkiyə vaxtı ilə saat 18:00-a qədər seçki barədə fikir bildirmək qadağandır, 18:00-21:00 aralığında ancaq Ali Seçki Komissiyasının məlumatlarını yaymağa icazə verilib. 

Seçkinin nəticəsində ölkəni 5 illik idarə edəcək prezident və 600 millət vəkili müəyyənləşdiriləcək. Seçki ilə 1923-cü il 29 oktyabrdan bəri tətbiq edilən baş nazirlik sistemi ləğv ediləcək. 

Təhlükəsizliyi təmin etmək məqsədilə 54 min polis, 4 helikopter, zirehli texnika, polis qayıqları, "drone"lar fəaliyyət göstərəcək.


Xəbər lenti