Zahid Orucdan Elmar Vəliyevə sui-qəsd və Mingəçevir olayı ilə bağlı şok açıqlamalar

Zahid Orucdan Elmar Vəliyevə sui-qəsd və Mingəçevir olayı ilə bağlı şok açıqlamalar
Mingəçevir və Gəncədə baş verən hadisələr ölkə gündəminin əsas hadisələri olaraq qalmaqdadır. Eyni vaxta təsadüf edən bu hadisələrin hərtərəfli araşdırılmasına ehtiyac duyulduğunu nəzərə alaraq biz də media orqanı olaraq üzərimizə düşən missiyanı yerinə yetirməyə çalışırıq. Rəsmi qurumların hələlik istintaqın nəticələrini gözləməyi məsləhət verməsinin fonunda biz media ilə sıx təmasda işəyən, həmçinin mətbuata kifayət qədər açıq olan deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Zahid Oruca müraciət etdik.
Millət vəkili ilə söhbəti təqdim edirik:

- Zahid bəy, Gəncədə baş verən sui-qəsdə daha çox kriminal xarakterli hadisə kimi baxılır. Təhlükəsizlik komitəsinin üzvü kimi bu gözlənilməz olayı necə qiymətləndirirsiniz?

- Elşad bəy, dövlət adamları əleyhinə həyata keçirilən hər bir aksiya hətta şəxsi və özəl səbəblərə malik olsa da, heç vaxt məhdud çərçivədə tutula bilmir, ictimai diskussiyalar siyasi rəng alır və öz başlanğıc məcrasından çıxır. Xüsusilə də 90-cı illərdən sonra həyata keçirilən qiyam, terror və təxribatların böyük bir qismi Azərbaycanın ozamankı xarici və daxili kursu, mühüm neft-qaz müqavilələri və regional geosiyasəti müəyyən edən hərəkətləri ilə birbaşa bağlı olub. Bir daha "Əsrin kontraktı”ndan sonra keçdiyimiz yolu və verdiyimiz itkiləri göz önünə gətirəndə dediklərimizə əmin olursunuz. Əlbəttə, kriminalistlər baş verən cinayətlərin sifarişçilərini və kənara aparan izlərini peşə fəaliyyətlərinin baş məqsədləri elan etsələr də, bizlər üçün əsas hədəf hər zaman dövlətin strateji kursu və cari addımlarının hansı fövqəladə hadisələrə, diversiyalara və siyasi qətllərə səbəb olduğunu müəyyən etməkdir. O mənada, digər icra hakimiyyətləri ilə müqayisədə Elmar Vəliyev sıradan bir insan deyildi və Gəncə kimi dövlətçilik tariximizin son 200 ilində müstəsna rola malik olan bir şəhərin rəhbərinə qarşı hücum məişət qəzəbi sayıla bilməzdi. Onu bir adamın intiqamı kimi təqdim etmək gerçək tablonu görməyə imkan vermir. Həqiqəti isə ölkəmizin daxilində dərindən kök salan kəşfiyyat mərkəzləri və casus qrupları bilir. Təəssüf ki, araşdırmaçı jurnalistika və fundamental analizlərlə məşğul olan ekspert camiəsi, beyin mərkəzlərinin sayı ildən-ilə azalıb və ona görə də gündəliyi dayaz mühakimələr, dedi-qodu səviyyəli açıqlamalar tutub. Bizə ən böyük zərbəni vuran elə budur: dərin elmi-siyasi yanaşmaların əvəzinə, ortamı zəbt edən səthi ağız məhsulları...

"Xeyli müddətdir ki, hakimiyyətin çevrəsində qərarlaşan adamların böyük bir qismi siyasətdən qopub və özlərinin böyük korporativ işləri ilə məşğuldurlar” 
- İcra başçısına sui-qəsd edən Yunis Səfərovun vətəndaşlığını nəzərə alıb, onu Rusiya agenturası ilə əlaqələndirənlər haqda nə deyə bilərsiniz? Yeri gəlmişkən, yuxarıda dediyiniz professional fikir mühitini kim yaratmalıdır? Fakt budur ki, hakimiyyət nümayəndələri sırasında hətta Elmar Vəliyevə yaxın olanlardan belə reaksiya almaq olmur. Biz nəinki bir əyalət miqyasında, bəzən dövlət rəhbərinə qarşı olan hücumlar zamanı da çoxlarını "əhatə dairəsindən kənarda” görürük. Tapmaq olmur onları...

- Haqlısınız. Sonuncudan başlayaq. Doğrudan da prezidentimizə qarşı talibançı təfəkkürlə hücum edənlərin də qarşısına çıxanlar bir ovuc dövlət adamlarıdır. Bunun səbəbləri haqda çox danışmaq, sistemli və komandalı mübarizədə yaranan sapmların doğurduğu nəticələrə dair yüzlərlə nümunə gətirmək olar. Hər halda xeyli müddətdir ki, hakimiyyətin çevrəsində qərarlaşan adamların böyük bir qismi siyasətdən qopub və özlərinin böyük korporativ işləri ilə məşğuldurlar. Belə biganəliyin arzuolunmaz nəticələrinə dair onlarla tarixi nümunə gətirmək olar. Halbuki müxtəlif hakimiyyət qollarında təmsil olunan, mandatları və mühüm vəzifələri, rütbələri ilə cənab İlham Əliyevə mənən borclu olan on minlərlə insan öz missiyalarını düzgün qiymətləndirsəydi, mübarizə şəraiti və siyasi atmosfer indikindən xeyli fərqli olardı. Prezidentə hücuma biganə qalan adamların siyasi əqidəsi, daşıdıqları vəsiqələr və maddi sərvətlər mənə tamamilə boz rəngdə olan bir dairəni xatırladır. Məgər həmin insan resurslarını mütləq təşkil etmək və hər gün tapşırıq vermək lazımdır ki, məsələn, gedin Vidadi İsgəndərli kimi rəzil məxluqa, işidçi təfəkkür və əxlaq daşıyıcılarına qarşı savaşa çıxın? Xeyr, belə inzibati tapşırıq və direktivlər kommunist partiyasını qorumamışdı və uzun müddətli dönəmdə səmərəsiz olduğu hamıya bəllidir. Gərək ölkəyə və mənsub olduğun platformaya bütün varlığınla bağlı olasan.

"Prezidentə hücuma biganə qalan adamların siyasi əqidəsi, daşıdıqları vəsiqələr və maddi sərvətlər mənə tamamilə boz rəngdə olan bir dairəni xatırladır”
Ona görə də son hadisələri passiv siyasi mövsümün ayağına yazmaq olmaz. Həqiqətən də Elmar Vəliyevə qarşı edilən qəsdin məlum ictimai reaksiyalarını yönləndirmək üçün tribunası olan isimlərin böyük bir qismi susdular. Halbuki sosial mediada tüğyan edən mükalimələri hakimiyyət əleyhinə nifrət yaratma, inqilaba səsləmə, terroru siyasi mübarizə vasitəsitək seçməyə və digər təhlükəli çağırışların dəlalət etdiyi məqsədləri neytrallaşdırmağa heç də bütün qüvvələr qarşı çıxmadılar. Halbuki Gəncə kimi hər zaman Bakı və bütün ölkədaxili ictimai-siyasi mübarizələrə yön verən bir şəhərin rəhbərinə hücum lokal hadisə sayıla bilməzdi. Təsəvvür edin, cinayəti törədən şəxsin mifik bir obraza çevrilməsi anın içində baş vermədi. Əvvəlcə sürətli bir şəkildə Yunis Səfərovun namus və qeyrət yolunda belə amansız yola əl atdığı haqda fikirlər dövriyyəyə buraxıldı. Guya onun hamilə bacısının təhqir olunması əks tərəfi "samosud”a vadar edib. Daha sonra tablo bir qədər genişləndirildi və bir vaxtlar Xalq Cəbhəsi hakimiyyətinin iflasını doğuran 4 iyun qiyamının hekayəti ilə bir terrorçunun məramı arasında bərabərlik işarəsi qoyuldu. Sən demə, daim üsyanlar şəhəri kimi tanınan Gəncə diyarının bütün əhalisi "əli tətikdə mübarizəyə qalxmağa və fərdi xilas yolunu kollektiv hərəkata çevirməyə” hazırdırlar. Halbuki 25 il əvvəlki xaos dövrünə qayıtmaq üçün ölkədə mərkəzi və yerli hakimiyyəti dağıtmaq azdır, bir tapança və bir avtomatla Surət Hüseynov nümunəsi yaratmaq da qeyri-mümkündür. Gərək bütövlükdə ölkədə əldə olunan misilsiz uğurları büsbütün məhv edəsən ki, kimsə mənəvi, siyasi şəraiti, idarəçilik durumunu aparıb bir ovuc meydan romantiklərinin cahilliyi ilə bir tutsun. Əliyev siyasi erası tamam fərqli bir miqyasa malikdir və onun dövlətçilik irsini heç bir bölgədə kriminal, yaxud inqilabi addımlarla məhv etmək qeyri-mümkündür.

"Əliyev siyasi erası tamam fərqli bir miqyasa malikdir və onun dövlətçilik irsini heç bir bölgədə kriminal, yaxud inqilabi addımlarla məhv etmək qeyri-mümkündür”
- Bəs, "Rusiya izi” barədə iddialar?..

- "Rusiya izi”ni iddia edənlərin arqumentləri adi pasport görüntüsündən o yana keçmir. Doğrudur, bir vaxtlar QRU-nun, Moskvanın baş kəşfiyyat idarəsinin bölgədə müxtəlif ssenarilər hazırladığı və pərdə arxasında həyata keçirdiyi məkrli planlar təəssüf ki, tariximizdə qalıb. Lakin indi Kremldən Bakıya müttəfiqlik nəzərlərinin dikildiyi bir dövrdə gəlib regionda qətllər törədib qeyri-sabitlik qurşağını bir qədər də genişlədirmək ruslara gərək ola bilməz. Əksinə, iki dövlətin arasına girmək istəyənlər an azı həmin versiyalarla antimoskva düşərgəsində əsassız fobiyanı bir qədər də gücləndirməyə çalışırlar.

"Başa düşmək lazımdır ki, hər bir sahədə baş verən qısaqapanma lokal bir qurumun böhranı kimi qalmır, şaxələnir və böyüyür, bütün ölkənin üzərinə əksi düşür” 
- Zahid bəy, səslənən digər versiyalar haqda nə demək olar? Məsələn, din faktoru və ya İranla sərhəddə atışmadan sonra ölkənin ikinci böyük şəhərdən zərbə alması ssenarisi ağlabatan görünürmü?

- Bilirsiniz, dövlətin təhlükəsizlik xidməti və əks-kəşfiyyat orqanları hər bir hərəkətin daha geniş boyutda izlərini axtarmağı vəzifə borcları saymalıdılar. Çünki orada müxtəlif sabiq məmurların böyük biznes və iqtisadi maraqları mövcud idi və həmin dayaqlara zərbə vurulması sakit ötüşə bilməzdi. Lakin İran və Rusiyanın daxilində hazırda çox böyük sarsıntılar var. Xüsusilə Tehran əleyhinə beynəlxalq sanksiyalar sərtləşən kimi daxildə üsyanlar da sinxron şəkildə meydanlara daşınıb. Belə şəraitdə ETTELAT gəlib Gəncədə din davası aparası deyildi. Digər tərəfdən, Elmar Vəliyevin Gəncəyə rəhbərliyi dövründə bütün etiqadlı insanlara səlib yürüşü apardığını iddia edənlər də sadəcə özlərinə bir konflikt ocağı axtarırlar. Axı, "İmamzadə” kompleksinin, Göy məscidin, Şah Abbas məscidinin və daha neçə-neçə mənəvi istinadgah ünvanının həmin məkanda inanclı insanların istifadəsində olduğunu necə görməzdən gəlmək olar? Bəllidir ki, dini əlində tutarqaya çevirib zəncirli hərəkat düzəldənlərə və Nardarandan bölgələrə qədər gedən böyük dəhlizdə bir-birilə əlaqədə olanlara, əsasən xarici dairələrin təsir dairəsinə düşənlərə qarşı Elmar Vəliyevin kəskin münasibəti olub. Onu din düşməni kimi qələmə vermək, imam Hüseyn əleyhdarı adı ilə hücum etmək əslində insanların müqəddəs duyğularını istismar etməkdən başqa bir şey deyil və heç bir məntiqə sığmır. Hüseyniyyə və Həzrət Zeynəbin adına olan mənəvi qalalara orada kim qıfıl vurub ki? Özü də Gəncədə yüz illərdən bəri davam edən mədəni ənənələr yalnız dini abidələrlə məhdudlanıb qalmır axı. Bu günlərdə Nizami yurduna bir xeyir məclisinə getmişdim. Şəhərin girişində böyük şairimizin tükənməz xəzinəsi sayılan dünya şöhrətli "Xəmsə”yə aid olan abidə kompleksinə, bir-birinin ardınca sıralanan gözəl sənət əsərlərinə, həmçinin ədəbiyyat və mədəniyyət incilərinin daşdan ucaldılan incilərinə xüsusi heyranlıqla baxdım. Bunu yaradan bir insanı din və mənəviyyat düşməni elan etmək doğru ola bilməz. O biri yandan Məhsəti Gəncəviyə olan münasibəti də tarix qarşısında xidmətlərdən saymaq olar. Yaxud da Cavad xanın mirasını əbədiləşdirmək, tərənnüm etmək üçün nə qədər zəhmət çəkilib. Ona görə də kiminsə xalq əleyhinə obrazını yaradarkən vurulan boyaları gerçək rənglərdən fərqləndirmək lazımdır. Hətta bu yerdə icra hakimiyyəti orqanlarının işində ölkə miqyaslı yeniləşmə tərəfdarlarının arqumentini gücləndirmək üçün də silaha əl atmaq alqışlana bilməz. İslahatı avtomat, tank və topla aparmaq olmaz. Siyasi mübarizənin yönünü dəyişən və fərdi qətllərə haqq qazandıran qüvvələrin ölkənin hüquq müstəvisindən çıxacağı təqdirdə nələrin baş verəcəyini təsəvvür etməsi o qədər də çətin deyil.

"Vəliyevləri tanıyanlar bilirlər ki, onlar heç zaman separatizmlə məşğul olmayıblar, fərqli antihakimiyyət dairələrində və qruplaşmalarında yer almayıblar, iki stulda oturmayıblar”
- Vaxtaşırı Gəncə rəhbərinin daha yüksək vəzifələrə irəli çəkiləcəyi barədə də xəbərlər yayılıb. Belə bir təəssüratınız varmı ki, Elmar Vəliyevə qarşı edilən sui-qəsdin onun karyera perspektivi ilə bağlılığı olsun?

- Bilirsiniz, Gəncənin statusu və oraya rəhbərlik edən adamların sonrada idarəetmənin daha yüksək eşelonlarına daşınmasını əslində müsbət nümunə saymaq lazımdır və onu ənənəyə çevirmək, hətta qanunvericiliklə bunu təsbit eləmək də olar. Elmar Vəliyevin şəxsiyyəti ətrafında cərəyan edən diskussiyalar, təhlillər və nəinki iki rayonu özündə birləşdirən, eləcə də bir neçə bölgədə təsir gücünə malik olan adamın əleyhdarları onu iddialı göstərmək üçün müxtəlif vəzifələr ətrafında proqnoz və xəyal məhsullarını reallıq kimi qələmə verməyə çalışırdılar. Görünür, bu yolla onu dövlət rəhbərinə ambisiyalı adam kimi təqdim edərək müəyyən qədər karyera pilləkəninə baryer qoymaq istəyənlər ehtimal ki, olmamış deyildilər. Lakin vəliyevləri tanıyanlar bilirlər ki, onlar heç zaman separatizmlə məşğul olmayıblar, fərqli antihakimiyyət dairələrində və qruplaşmalarında yer almayıblar, iki stulda oturmayıblar və ən başlıcası, Xanlar Vəliyev kimi təcrübəli dövlət adamı o nəslin üzərində böyük mənəvi təsirə, ağıllı yol göstərənə çevrilib. Ona görə də Elmar Vəliyevə Bakının gələcəkdə meri kimi güllə atıldığını iddia etmək üçün gərək xəfiyyə strukturunun adamı olasan. Hər halda o fikrin hər zaman tərəfində olmuşam ki, boş qalan vəzifə müxtəlif qüvvələrin süni rəqabətini doğurur, vahid gücü sarsıdır, idarəetməyə bir qədər qeyri-sabitlik gətirir və ona görə də Hacıbala müəllimin boş qalan taxtını mütləq doldurmaq lazımdır. Yoxsa, paytaxta boylananların sayı və müxtəlif kanalları hərəkətə gətirmələri tam komanda kimi formalaşmaya mənfi təsir edir. Lakin bir təhlilçi kimi mənə prezidentin seçkilərdən sonra geniş vüsət alan hökumətdə yeniləşmə kursunun artıq icra hakimiyyəti sisteminə keçidi dövründə son hadisələrin baş verməsidir. Əslində 2015-ci ildən MTN kimi cinayət yuvasının dağılması bütövlükdə köklü dəyişiklərinin aparıldığı tarixi mərhələ adlandırıla bilər. Kadr quruculuğunun yeni dönəmi seçkilərin ertələnməsi şəraitində xaricdən həyata keçirilməyə macal tapmayan planların ziddinə aparılmaqdadır. Gürcüstan və Ukraynadan, hətta Ermənistandan fərqli olaraq, Azərbaycanda dövlət və hökumət strukturları Moskva və Brüssellə razılaşdırılmadan aparılır. Kurasiya altında idarə olunan postsovet ölkələri ilə müqayisədə bizdə bu məsələdə də müstəqillik mövcuddur. Lakin mənim üçün Gəncədəki son hadisələr bir cəhətinə görə də daha çox əlamətdar mənaya malikdir. Diqqət yetirin, Quba və İsmayıllıda lokal toqquşmalar zamanı həmin qabarmaları doğuran təhqir iddialarının toparladığı əhali kütləsi ilə müqayisədə bu dəfə şəhərin mərkəzində həyata keçirilən siyasi terrora kiçik bir əhali qrupu belə qətiyyətlə qoşulmadı, hətta əksinə, həvəskar çəkilişlərdən göründüyü kimi dəhşətli cinayət kimi yanaşan, onu ağlasığmaz əməl adlandırılan şəxsin ifadələri lentə düşdü. O üzdən komplo nəzəriyyəsi quranlar bunu unutmasınlar. "İnqilabi şəhər” deyib sakit düzənini pozmaq istədikləri tarixi bir yurdun isti axşamlarını silah səsləri ilə doldurmaq bizlərin hamısı üçün ağırdır. Cinayət törədən şəxsi Robin Quda çevirib tapança ilə ona əsatir düzlətmək, sovet hökumətinə qarşı çıxan qaçaq-qulduru  proletariat hökumətinin qəhrəmanı kimi təqdim etmək təbirinə çox bənzəyir. Necə olub indi həmin o miflər? Elmar Vəliyevi deyil, əslində Gəncəni, hakimiyyət təmsilçilərini hədəf seçib son sui-qəsdin tablosunu böyüdənlər yaxşı bilir ki, o atəşin səsi hansı ünvanlara çatmalıdır, onun sifarişçiləri kimdir və gerçək motivi də nədən ibarətdir. Ermənistanda Rusiya siyasətinə qarşı çıxan elitanı parlament binasında gülləbaran edən Nairi Unanyan da "anlaqsız, sadə xalq içərisindən çıxan birisi” idi. Sonrası isə hamınıza bəllidir...

""Rusiya izi”ni iddia edənlərin arqumentləri adi pasport görüntüsündən o yana keçmir” 
- Zahid bəy, özü də Mingəçevirdə enerji blokunda yaşanan qəzadan sonra sanki Gəncədəki atəş sinxron şəkildə bir-birinə bağlandı. Bu hadisələr arasında hansısa rabitə axtarmağa dəyərmi? Ölkə prezidentinin keçirdiyi müşavirədə kəskin notlarla çıxış etməsini necə qiymələndirirsiniz?

- Əslində xalqımızın tarixi yaddaşında enerji blokunun partladılması özü ilə bərabər, xeyli faciələr gətirib. AzTV-nin binasında 19 yanvar 1990-cı ildə yaşananlar və təəssüf ki, son qəza yenidən millətin nizamını pozan ovaxtkı hadisələrin üzərinə çəkilən dəmir-betonları yerindən oynatdı. Başa düşmək lazımdır ki, hər bir sahədə baş verən qısaqapanma lokal bir qurumun böhranı kimi qalmır, şaxələnir və böyüyür, bütün ölkənin üzərinə əksi düşür. Özü də on illər ərzində hakimiyyətin haqlı olaraq dünyaya bəyan etdiyi neft-qaz strategiyası və təhlükəsizlik salnaməsi bir reledən asılı olunca, müəyyən bir silkələnməyə məruz qalır və bizim hər birimizin içərisində yer alan güvəncə sanki hücum çəkir. Müşavirədə prezidentin daxili dünyasında yaşatdığı təlatümün məhz qeyd etdiyimiz səbəbə bağlı olduğunu görməmək mümkün deyildi. Uğurlu bir ölkə qurmaq üçün on illərlə fədakar və titanik bir zəhmət içərisində olan lider - cənab İlham Əliyev birdən-birə ən güclü saydığı platformadan zərbə alır. Söhbət heç iqtisadi ziyanlardan da getmir. Hərçənd onların da əhəmiyyəti danılmazdır və bizim pul itirməyə heç haqqımız yoxdur. Keçmiş hökumət dönəmində asan pulların bəzən səmərəsiz axıb getdiyi bir tarixçədən qurtulmaq üçün bizə indi hər manatın qədrini bilən məmur sistemi gərəkdir. Müasir, menecerlikdən baş çıxaran və dövlətçilik idealları yüksək olan komanda güclü bir liderin möhkəm dayağına çevrilməlidir.

"Gürcüstan və Ukraynadan, hətta Ermənistandan fərqli olaraq, Azərbaycanda dövlət və hökumət strukturları Moskva və Brüssellə razılaşdırılmadan aparılır 
Ona görə də ölkə daxilində diversifikasiya olunan enerji siyasətinə keçid elə həmin müşavirənin ən böyük nəticəsiydi. Müharibə şəraitində Mingəçeviri heç raketlərlə deyil, kiberhücumla sıradan çıxarmağa çalışan düşmənin bütün tank-topumuzu bir enerji mənbəyindən asılı qoymağa ölkənin Ali Baş Komandanı heç vaxt dözə bilməz. Digər tərəfdən, prezidentin haqlı qəzəbi məsuliyyət daşıyan hər kəsi xalq qarşısında üzrə, bağışlanmaya məcbur etməsi idarəçilik mədəniyyəti, dövlət ərkanı sayılmalıdır. Çoxları böyük dövlət adamı Əziz Əliyevdən və mərhum Zərifə Əliyevadan gələn qan bağları ilə daha çox mərhəmətə və rəhmdilliyə üstünlük verən, hər kəsi yaxşı nümunələrlə tərbiyə etməyə çalışan İlham Əliyevin 2015-ci ildə yaxın komanda üzvlərindən aldığı zərbələrə verdiyi kəskin reaksiyanı bir daha xatırladı. Ona görə də mənim nəzərimdə ölkə başçısı həm də mənsub olduğu irsin həm genetik, həm də mənəvi-siyasi varisi olaraq çox zaman hər iki xətti son dərəcə peşəkarlıqla tətbiq edir. Bir lider kimi mənim nəzərimdə İlham Əliyev 57 yaşlı Heydər Əliyevə çox bənzəyir.

"Hər bir halda enerji blokundakı qəza zamanı dövlət və hökumət orqanları içərisində biz Prezident Administrasiyasını daim dəqiq məlumatların üzərində gördük”
Qaldı ki, təxribatların silsilə xarakteri həqiqətən də bizi dərindən düşündürməli və narahat etməlidir. Bir diqqət yetirin, son 3 ildə "Günəşli” yatağında 32 nəfərin canını alan fəlakətə düşürük. Sonra Nərimanov NQÇ-də bir qədər kiçik miqyasda oxşar qəza təkrar olunur və on nəfər sıralarımızdan gedir. Daha sonra Binəqədidə bina yanğını baş verir və 15 insana qarşı terror edilir. Bir az irəlidə bizi Giləzidə silah anbarında partlayış gözləyir. Biz buraya Narkodispanserdəki yanğını, sonra pambıq tarlalarındakı zəhərlənmələri də əlavə edəndə bir-birinə zəncirlə bağlanan bir daxili müharibə mənzərəsi meydana çıxır. Açığı, vaxtilə Ukrayna lideri Şerbitskini yol qəzasında öldürən sovet DTK-sının Qərblə iqtisadi müharibələrinə dair yüzlərlə məxfi əməliyyatlarını yenidən xatırlayanda bütün bunlara təsadüfi xarakterdə baxmaq olmur. Ümidvaram ki, millətin nəzərində xeyli zərbə almış təhlükəsizlik orqanlarımız sözügedən olayların ruslar demiş, "istirovka” olmadığını üzə çıxaracaqlar. Hər bir halda enerji blokundakı qəza zamanı dövlət və hökumət orqanları içərisində biz Prezident Administrasiyasını daim dəqiq məlumatların üzərində gördük. Fövqəladə vəziyyətlərdə xilasetmə işlərinə məsul olan qurumlar yetərincə yaxşı işlədilər. Polis orqanı təmsilçiləri xüsusi rəğbətə layiqdirlər, çünki  hər cür fədakarlığa və xeyirxah əməllərə imza atdılar. Sosial şəbəkələrdə öz asayiş qoruma funksiyası ilə yanaşı, həkim, psixoloji və mənəvi yardımlaşma işinə çiyin verən yüzlərlə polis nümayəndəsini, yaxud yollarda işıqforlara çevrilən, özü də çoxu patrul xidmətinin əməkdaşı olan adamları görəndə düşünürsən ki, qaranlıq heç vaxt bu millətə qalib gələ bilməz! Ona görə də hər kəsin prezident qarşısında hesabat verərkən şax dayananları və əyilənləri yaxşı görür.

//azxeber.com

Xəbər lenti