MƏDƏNİYYƏT

Anar 41 il qabaq Aşıq Ədalət haqqında nə yazmışdı?

Kulis.az Anarın «Çan kiminçün çalınır, saz kiminçün çalınır» adlı məqaləsini təqdim edir: 

Yazıçılar Birliyiylə bağlı mənasız və yersiz qalmaqalın tüğyan etdiyi günlərdə məni həqiqətən sarsıdan və ağrıdan xəbər böyük sənətkar Ədalət Nəsibovun ölüm xəbəri oldu.

Ədalətlə dəfələrlə görüşmüşdük, söhbət etmişdik. Təkrarsız çalğısını canlı ifasında  böyük zövqlə dinləmişdim. Sevdiyim ifaçıların — Qədir Rüstəmovun, Habil Əlityevin ölümləri kimi Ədalətin vəfatı da sənətimizçün də,  şəxsən mənimçün də  ağır itkidir. Ədalət bizim nəslə mənsub idi və ingilis şairi Con Donnun sözləri yadıma düşdü: bir kəs ölərkən soruşma ki, əcəl çanı kiminçün çalınır? Çan səninçün çalınır.

O da yadıma düşdü ki, düz qırx bir il bundan qabaq «Ulduz” jurnalında (1976, №12) Ədalət haqqında yazı yazmışdım, o vaxtkı əlifbamızla —  kirillə çap olunmuş bu yazını sonralar heç yerdə nəşr etməmişəm. Ədalətə Allahdan rəhmət diləyərək həmin yazını 41 il qabaq yazıldığı  şəkildə, bir sözünü dəyişmədən oxuculara təqdim edirəm.

Məlumdur ki, aşıq sənəti vəhdətdir — söz — şeir, musiqi — bəstə və ifaçılıq. İfaçılıq deyəndə biz ilk növbədə oxumağı, yəni insan səsinin ifasını nəzərdə tuturuq. Bu ifanı saz müşayiət edir.

Ədalət də oxuyur: aşıq havaları ifa edir. Amma mənim fikrimcə, onun aşıq sənətimizdə xüsusi yeri — sözsüz ifaçılığı, saz çalmasıdır. Ədaləti xidməti ondadır ki, o, sazın — müşayiət aləti olan tək bir sazın, aşıq sənətinin bütün zənginliyini ifadə etməyə qadir olduğunu sübuta yetirmişdir. Ədalət sazının heç bir sözə, oxumağa ehtiyacı qalmır. Bu saz öz-özlüyündə, təkbaşına bütün duyğuları — yanıqlı kədəri də, həzin qəmi də, məğrur nikbinliyi də  öz diliylə, doqquz teliylə canlandıra bilir. Sazı  muğam  sənətində tarın, kamançanın tutduğu mövqeyə Ədalət çatdıra bilmişdir. Bu məharət isə ondan doğur ki, ifaçı bütün varlığı ilə çaldığı alətə qovuşur.

Ədaləti dinləyərkən ifaçıyla sinəsindəki sazın sərhədini  təyin etmək olmur — insan barmaqları çaldığı alətin tellərinə harada keçir, saz harda  insan qəlbinin ən dəruni titrəyişlərinə səs verir? İş onda deyil ki, Ədalət sazı istədiyi şəkildə, hətta nümayişkaranə ədalarla çala bilir: boynunun ardında, qoltuğunun altında — sazdan yalnız simli alət kimi yox, yeri gələndə zərb aləti kimi də istifadə edir. İş ondadır ki, Ədalət bu aləti ram etmiş, öz iradəsinə tabe etmişdir. Çünki o, sazın hər bir sirrinə vaqifdir, bütün imkanlarına bələddir.

Əkinçi şumlayıb əkdiyi torpağın hər sirrinə — isti-soyuğa dözümünə, çovğun-qar sınağına, bərəkətinin gücünə və verimliliyinin həddinə bələd olan kimi, əfsanəvi, yaxud real igidlər atının hər addımını — yerişini, yürüşünü, duruşunu, yorğasını, dördnalasını, yoxuşu çıxmasını, enişə enməsini bildiyi kimi, susuzluğunu, aslığını, sürətini və etibarını duyduğu kimi — Ədalət də sazın bütün mahiyyətini, məğzini, həddini hiss edir. Sədaların, pərdələrin ahəngini, aralarını, sükutların müddətini o qədər dəqiq ölçüb-biçir ki, bir səs sönməmiş, amma sönə-sönə ikinci səs onun rezonansına, əks-sədasına calanır, səslərin uğultusu havada əriməmiş yeni melodik naxışlar ilmələnir. Adama elə gəlir ki, çalınan təkcə bir saz deyil, çoxsəsli orqandır, ya da çox alətli orkestr.

Qaracaoğlandan, Qurbanidən aşıq Ələsgərə qədər aşıq şeirinin minlərlə incisi gəlib bizə çatıb. Koroğlunun, Kərəmin, Dilqəmin, Hüseynin adları aşıq havalarının neçə-neçəsində yaşayır. Bəs tarix hansı saz çalanın adını qoruyub hifz edib? Sazın ulu babası qopuz ustalarından bu günə  qədər hansı ifaçının sənəti bizə gəlib çatıb? Ədalətin xoşbəxtliyi ondadır ki, lent yazıları ixtira olunan bir zamanda yaşayır. Onun ifasının yalnız sədaları deyil, zahiri görümü də, tamaşası da maraqlıdır. Yaxşı ki, axır vaxtlar  Ədalət sənəti kinomuza daha sıx-sıx cəlb olunur. Bu sənətkar haqqında xüsusi film çəkilməlidir. Onun sənəti bütün cəhətləriylə əks olunmalı və çox uzaqlarda belə yayılmalı, tanıtdırılmalıdır. Bu həm indiki, həm də gələcək nəsillər qarşısında nəsib xidmət olardı.

41 il qabaq yazılmış bu sözlərə yalnız onu əlavə etmək istəyirəm ki, çan ölülərçün, Ədalətin sazı dirilərçün çalınır. /525.az/

Paylaş:
Загрузка...