MƏDƏNİYYƏT

«Ay qoca, sən harana barbi deyirsən?» — Əməkdar artist ona edilən təhqirlərdən danışdı

Əməkdar artist Ruhəngiz Allahverdiyevanın Milli.Az-a müsahibəsi.

— Ruhəngiz xanım, müğənnilərin adətən iş rejimi çox gərgin olur. Siz rejiminizi necə bölmüsünüz?

— Vallah mənim heç bir vaxt rejimim olmayıb, nə vaxt işim bitib, o vaxt da başımı atıb yatmışam. Nə vaxt da lazımdır, yuxudan oyanmışam. Hər işimi özüm görmüşəm, hər əziyyətə özüm qatlaşmışam. Bir sözlə hər şeyi özüm tək etmişəm.

— Qadın güclü varlıqdır, amma bəzən o da əziyyətlərdən bezib-usanır.

— Bəli, son zamanlar tamamilə bezirəm, amma yenə də sağa- sola baxıram. 3 övlad böyütmüşəm, ali savad vermişəm. Bütün bunlara baxanda özümü çox xoşbəxt hiss edirəm. Çox şükür, nəvəm də var.

— Əvvəl gündən hər şeyi özünüz tək etmisiniz?

— Həyata necə başlayırsansa, təməli necə qoyursansa elə də gedir.

— Sizin tip xanımlar daxilən azadlıq istəyir. Olmaya sizdə də belə oldu?

— Bu bəlkə də mənim dünyaya gəldiyim bürclə bağlıdır. Mənim bürcüm əqrəbdir, dünyanı əqrəb bürcü idarə edir. Əqrəb özü özünə edər, özü- özünü öldürər. Amma çox güclü bürcdür. Enerjini çox toplayır. Çox adam mənə deyir ki, bu yaşda səhərə kimi oxuyursan, yorulmursan? Deyirəm ki, bu Allahın mənə ən böyük mükafatıdır. Bu gücü, qüvvəti verən də Allahdır, alan da. Mən Allahın yaratdığı adi bəndəyəm, titullar bizə sonradan verilir.

— Erkən ailə həyatı qurmusunuz?

— Mənim həyatımda elə şeylər var ki, onları hələ ki, açıqlamaq istəmirəm. Mənə o vaxt deyəndə ki, Allahdan xoşbəxtlik istə, mən o zaman bunu anlamırdım. Xoşbəxtliyin içində hər şey olur, amma bəzən sənə lazım olan nəyisə tapa bilmirsən.

— Belə başa düşürəm ki, ailə həyatınız yarımçıq qalıb. Bu sizdən asılı oldu?

— Mən bir az tərs insanam. Bunu boynuma alıram. Mənim də səhvlərim olub. Bir işi düz başlamayanda sonu da düz getmir. Ona görə də ola bilər ki, nəyisə səhv etmişəm, axırı yaxşı olmayıb. Mən insanlara pislik edə bilmirəm. Hirslənə bilərəm, qəlbinə dəyə bilərəm, amma yenə də oturub ağlayaram.

— Hər şeyə rəğmən özünüzü xoşbəxt qadın hesab edirsiniz?

— Mən həmişə həyat yoldaşıma minnətdar olmuşam. Bəlkə də mən nəyisə götür-qoy edəndə səhv edə bilərdim, amma o mənə həmişə yol göstərib. İstər geyimimdə, istər sənətimdə, istərsə də həyata baxışımda. Onun çox məsləhətlərini almışam. Bunu etiraf edirəm. Hər şeyə rəğmən çox xoşbəxtəm. Xoşbəxt deyiləm desəm, Allah məndən inciyər.

— Belə başa düşdüm ki, həyat yoldaşınız sizə sənətdə yol göstərsə də, müəyyən məqamlarda sizi başa düşməyib…

— Məni nəinki həyat yoldaşım, həyatda heç kim başa düşməyib. Problem isə mənim sənətimdə olub. Heç bir kişi, bir heç bir ailə heç kim istəməz ki, onun yoldaşı, yaxud bacısı müğənni olsun. Mən onları çox gözəl anlayıram. Məni hamı çox sevir. Bunların içində anlayanı da var, anlamayanı da. Kimsə mənə «can, qurban olum» deyəndə o mənim sənətimi sevib deyir. Bunu kimin ailəsi götürər ki? Bizim sənətimiz çox çətin sənətdir. Mən həmişə çətin günlərimdə əllərimi göyə qaldırıb dua etmişəm. Artıq o qədər bezmişdim ki, özüm istəmədim ki, oxuyum. Ziyarətgaha gedib dua etdim, evə gələn kimi səsim batdı. 2 il səsim batdı, oxuya bilmədim. Fikirləşirdim ki, qoy mənim xoşbəxtliyim ailəmdə olsun, mənə oxumaq lazım deyil. 2 dəfə səs telimi əməliyyat etdilər. Bəmdə oxuya bilirdim, amma zilə qalxa bilmirdim.

— Bütün bunlara rəğmən ailənizi qoruya bildiniz?

— (Uzun pauzadan sonra) Ailəm yerindədir, yaşayırıq da. Yenə də deyirəm ki, mənim üçün əsas övladlarımın həm ailəsinə, həm cəmiyyətə yararlı olmasıdır. O qədər bir yerdə yaşayan insanlar var ki, ailənin içində ayrıdırlar. Yoxsa tək övlad böyüdən qadınlarımız azdır?

— Gözlərinizdə bizdən gizlətdiyiniz bir kədər var. Nədən incik düşmüsünüz?

— Bəli, mən özüm- özümlə çox danışıram. O qədər təhqirlər yazıb, söyürlər ki. Mən onlara o vaxt əhəmiyyət verərəm ki, gəlib sözü üzümə desinlər. Mən bir aynayam, hər kəs özünü məndə görür. Qoy yazsınlar, təhqir yazanlar özlərini bizdə görürlər. Geyimlərimi, işimi tənqid etsələr, qəbul edərəm. Amma çox ədəbsiz yazılan sözlər var ki, qəbul etmirəm. Deməli o insan ailə tərbiyəsi görməyib. O insan görün nə qədər alışıb yanır ki, həmin sözü yazır. Mən o rəylərə görə həmin insanların yerinə də xəcalət çəkirəm. Həqiqətən oxuyanda şok keçirirəm.

— Siz həm də sənətə yeni geyim dəbi gətirdiniz. Amma bunu da birmənalı qarşılamayanlar oldu. Belə ki, aktrisa Naina İbrahimova müsahibələrində barbi dəbini sizdən öncə gətirdiyini bildirmişdi.

— Bəli, barbi dəbini ilk dəfə efirə mən gətirmişəm. Məndən öncə efirlərə heç kim bu geyimdə çıxmayıb. İlk dəfə bu geyimləri müğənni Xəyyam Nisanovun anası Amerikadan mənim üçün gətirmişdi. İstər şlyapaları, istərsə də geyindiyim geyimləri. O ki, qaldı Naina xanıma.. Mən ondan 30 yaş böyüyəm. Bir çoxları mənə yazır ki, «Ay qoca, sən harana barbi deyirsən?» Vallah, mən bunu özümə demirəm, mənə bu adı o vaxtlar uşaqlar mənə deyirdi. Çünki o vaxtlar barbi gəlincikləri yeni çıxmışdı.

Paylaş:
Загрузка...