MƏDƏNİYYƏT

Nobel həsrətində – Qan Turalı yazır

artkaspi.az Qan Turalının «Nobel həsrətində» adlı məqaləsini təqdim edir:

Ədəbiyyatımızın dünya miqyasına çıxması hamımızın arzusudur. Amma çatışmayan nədir?
Əslində, çox şey. Amma məncə, ən əsas problem bizim dünyanı oxuya bilməməyimizdir.
Dünyada hansı proseslər baş verir, dünya yazıçıları hansı problemlər ətrafında baş sındırır, ümumiyyətlə, dünya hara gedir?
Biz bu prosesdən xəbərsizik, ən pisi də də odur ki, xəbərsiz olmağımızdan xəbərsizik.
İnformasiya əsrində bu xəbərsizliyə bəraət ola bilməz.
Biz dar dalanımıza dirənib durmuşuq.
Dəvədən yıxılanın höt-hötünü əldən qoymadığı kimi biz də bu dar dalanda Nobel həsrəti çəkirik.
Yaxşı yadımdadır, ustad şairlərimizdən biri Nobel mükafatının Bakı nefti hesabına verildiyini deyib buna görə də ölkəmiz üçün bir Nobel istəmişdi. Ağrılı olan təkcə bu absurd istək deyil.

Ağrılı olan budur ki, Nobel mükafatını təsis edən Alfred Nobel heç zaman Bakıda olmamışdır.
Bakıdakı neft şirkətləri sahibi onun qardaşları idi.
Alfred Nobel isə öz varidatını kəşf etdiyi dinamit patentindən qazanmışdı.
Və məncə, ustad şairimizin rüşeymindən yanlış olan bu cümləsi bizim nəyə görə dünyaya çıxa, onu keçdik, dünyanı oxuya bilməməyimizə ən yaxşı nümunədir.
Yəni, biz nəinki dünyanı heç özümüzü də tanımırıq.
Azərbaycan Şərqin sehrini özündə daşıyan bir ölkədir və bununla bərabər bir Avropa ölkəsidir.
«Qoca Şərqin qapısı» olan məmləkətimizin tarixinə nə qədər bələdik ki? Və burda artıq başqa məsələlər dövriyyəyə girir.
Misal üçün, alternativ tarix. Xətai ilə fəxr edirik, lakin onunla bağlı dünya oxucusunu maraqlandıran bir romanımız varmı?
Qədim tariximiz, misal üçün zərdüştilik haqda sanballı bir roman yazmışıqmı?
İstər Da Vinçi kimi belletristika olsun, istərsə də Eko kimi ədəbiyyat?
Elif Şəfəq orta səviyyəli Mövlanə romanı ilə aləmi qatmadımı?
Öz tariximizə biganə olduğumuz halda dünyanı bizə biganə olmaqla ittiham edirik.
Əslində, dünyaya biganə olan bizik. Misal üçün, fantastika janrı bizim niyə heç yadımıza da düşmür?
Hardadır axı bizim antiutopik romanlarımız?
Qulağımızın dibində, Suriyada müharibə gedir, hardadır dünyada ilk şiə dövləti quran Xətai nəvələrinin bu məsələyə münasibəti
Radikal islam haqqında bir romanımızın varmı ki?
Öz köhnəlmiş ədəbi söhbətlərlərimiz, nimdaşlaşmış təfəkkürümüzlə biz axı nəyə ümid edə bilərik?
Postmodernizmi nə qədər anlaya bilirik ki?
Köhnə-kürüş kənd romanlarımızı, sınıq-salxaq əhvalatlarımızı, sosial dramalarımızı postmodern adlandıranda bizi yuxarı başa keçirəcəklər? Əsas məsələmiz də budur, dünya üçün öz maraqlı hekayəmizi tapmaq.
Onu dünyanın anlaya biləcəyi tərzdə danışa bilmək.
Bu hekayəni tapana qədər «Nobel siyasi mükafatdır» spekulyasiyaları ilə özümüzü ovudacağıq.
Bu təfəkkürlə yaşadığımız müddət ərzində Nobel də Qodoya dönəcək, heç zaman gəlməyəcək.

Paylaş:
Загрузка...