MƏDƏNİYYƏT

Sən yer üzündə ən alçaq varlıqsan! – Roberto Brakkonun hekayəsi

artkaspi.az Roberto Brakkonun «Yenidən doğulmuş» adlı hekayəsini təqdim edir:
…Nəhayət, səhərə yaxın oğrunun əlinə bir iş keçdi. O, uzun qaçhaqaçdan, nəhayətsiz pusqulardan yorulub, Kavour meydanının qəbiristanlıq kimi qaranlıq və kimsəsiz bağçaları yanında, havadan nəm çəkmiş səkinin üstündə oturub, öz uğursuz bəxt ulduzuna lənət oxuyurdu. Oğrunun gözü, cırıldayan, iri təkərləri daş döşənmiş kələ-kötür səkidə səs sala-sala, böyük Forna yolundakı möhtəşəm binaların arası ilə Muzeo, ya da Konstantinopoli küçəsinə tərəf gedən arabalara dikilmişdi. Bəxtindən, soymaq istədiyi adam gözünə dəyəndə, yolda bir dənə də araba görünmürdü, küçəylə gedənlər isə uzaqdaydılar.
  Yaxşı məqamdı, hücum eləmək lazımdı. O, yoldan keçən yorğun, yuxulu adamın üstünə tullanıb, boğazından yapışdı, bərk-bərk sıxıb əmr etdi:
  – Tez ol! Nəyin var çıxart!
  Bu, zəif, balacaboy bir adamdı. Çətin ki, özünü müdafiə edəydi.
  – Öldürmə məni! – o, dişləri bir-birinə dəyə-dəyə, diz çöküb yalvarmağa başladı, daha da balacalaşdı. Saatımı, zəncirimi götür, amma məni öldürmə, yazığın gəlsin mənə.
  – Saatla zəncir mənə bəs etməz.
  – Qızıldır.
  – Bəs etməz. Pul da ver!
  Oğru iti bıçağı onun boğazına dirədi.
  – Dayan, öldürmə məni… Məni öldürməyin sənə nə xeyri? Nə istəsən verərəm. Gözlə.
  – Mən də belə fikirləşirəm. Belə daha yaxşı olar.
  Oğru tələsik onun ciblərini eşələməyə başladı. Bir dəsmal, bir açar, siqar və bir pul kisəsi tapdı. Açarı və dəsmalı özünə qaytarıb, sağ-salamat buraxdı.
  – Get işlərinin dalınca, arxaya çevrilib eləmə. Yuxun şirin!
  Kişi təqib olunan siçan kimi, yerindən götürüldü. Oğru isə pul kisəsinin içinə baxmaq həsrətilə, bağın dəmir hasarını aşdı, xəlvət-xəlvət xiyabana çəkildi. Burada arxayınca qənaətini hesablaya bilərdi.
  Aydınlıq payız gecəsi idi. Ulduz dolu səmadan yerə işıq süzülürdü. Oğru elə pul kisəsini açmaq istəyirdi ki, birdən yaxında, ağacların arasında dizi üstə çökmüş bir qadın qaraltısı görüb diksindi; lakin elə bu an qadın dikəlib həyəcanla dedi:
  – Yox, yox! Məni ələ verə bilməzsən! Verə bilməzsən! Mən hələ burdayam. Uzaqlaşmamışam. Hələ onu atıb getməmişəm. Məni ələ verə bilməzsən!
  Oğru bir qədər aralıda, balaca xəndəyin içində bələk gördü.
  – Ax, əclaf! – Oğru həyəcanını boğmağa çalışdı. Bu ki, körpə meyididir!
  – Yox, o sağdır! – Qadın özünü təmizə çıxarmağa çalışdı. – Oğlan uşağıdır, oğlandır, özü də sağdır!
  – Baxım!
  – Toxunma, yatıb.
  – Yatıb?!
 – Bu bəxtiqara çox gözəl, sağlam uşaqdı… Ayrıla bilmirəm. Ona görə də dörd gün gizli saxlamışam. Çünki yataqdan qalxa bilmirdim. Mənə gizlincə kömək etmiş adamlarsa, mənim görməli olacağım işi görə bilməzdilər. Amma bu gecə mənim də onu öldürməyə cəsarətim çatmadı.
  – Ona görə diri-diri basdırmaq istədin, hə?
  – Yox! Yox! Onu öz bəxtinə tapşırmaq istəyirdim. Düşündüm ki, kim bilir, bəlkə rəhmdil Allah ona kömək elədi!
  – Bu xəndəyi də sən qazmamısan, yırtıcı qızı?
  – And içirəm ki, mən qazmamışam, hazır tapmışam. Elə bil özü məni gözləyirmiş.
  – Sən də insafsızın qızı, qanı qanından bu günahsız varlığı atıb gedirdin? Atıb gedirdin, eləmi?
  – Sən məni ələ verə bilməzsən, ələ verə bilməzsən, çünki hələ onu atıb getməmişəm!
  – Sən yer üzündə ən alçaq varlıqsan! Sənin kimi adam üçün həbsxana da cənnətdir. Ardımca gəl!..
  O, qadının qolundan yapışıb, arxasınca çəkmək istədi. Qadın müqavimət göstərmədi, amma onu hədələdi:
  – Məni ələ versən, səni oğurluq üstündə tutduraram!
  Oğru dərhal onun qolunu buraxdı. Dırnaqlarını çeynəməyə başladı. Sonra sakitcə soruşdu:
  – Görmüsən?
  – Mən o biri qaranlıq tərəfdən gəlib burada dayananda birdən səkidə səni gördüm. Qaçmaq istəmədim. Fikirləşdim ki, birdən polis olar. Qaçsaydım işim bitərdi, məni görə bilərdin. Əyilib bu skamyanın dalına girib gizləndim. Çıxıb getməyini gözləyirdim. Amma sən getmədin. Mən də yerimdən tərpənmədim. Sən o adama yaxınlaşanda öz-özümə dedim: «Yolkəsəndi, hər halda polisdən yaxşıdır”. Sən onun yolunu kəsib saxlayanda, mən körpəni bu xəndəyə qoydum. İnanmırdım ki, bu tərəfdən gələrsən… Amma görünür, ikimiz də günah iş sahibiyik, şeytan hər ikimizi yolumuzdan eləyib! Özün öz ayağınla gəlib çıxmısan bura. İndi sən dilini saxlamasan, mən də açıb əhvalatı deyəcəyəm. Həbsxanaya getməli olsaq, birlikdə gedəcəyik.
  – Daha sənə nə deyim?! Haqlısan. Mən, həyatımı təhlükəyə atıb, namuslu arvadımı dolandırmaq üçün oğurluq edirəm, sən vicdansız isə, bətnində böyümüş körpəni diri-diri torpağa basdırırsan, amma ikimiz də bir yuvanın quşuyuq.
  – Mən sən fikirləşən qədər də alçaq insan deyiləm. Mənim nə ərim, nə atam, nə qardaşım, nə də bir sevənim var. Namusuma toxunan adam da ölüb. Anamı dolandırmaq üçün dəridən çıxıram. Adamlar mənim bic doğduğumu bilsələr, üzümə tüpürərlər. Daha heç vaxt özümə iş tapa bilmərəm. Bir də ki, onu kim saxlayacaqdı? Onu necə dolandıracaqdım? Bəs yerindən qalxa bilməyən, ayaqları şikəst anamın vəziyyəti necə olardı?
  – Eh! – oğru bir qədər yumşaldı. – Bu dünyanın işləri heç vaxt biz istədiyimiz kimi olmur. Həmişə tərsinə olur!.. Bilirəm nə deyirəm.
 O, papağını çıxartdı. Başını qaşıya-qaşıya fikrə getdi. Sonra xəndəyə tərəf əyildi. Biləyini astaca qaldırdı. Körpənin başı açıq qalmışdı. Gözləri qapalı idi, alt dodağı sallanmışdı. Qulağını körpənin sinəsinə qoydu, bir neçə saniyədən sonra arxayın, astadan dedi:
  – Sağdır. Nəfəs alır.
  O, ayağa qalxdı. Pul kisəsini açıb, içindəki pulları diqqətlə saydı və öz-özünə söylədi:
  – Yaxşı…
  Sonra soyduğu adamlarla danışırmış kimi, sərt tərzdə dedi:
  – Get işlərinin dalınca. Arxaya çevrilib eləmə.
  – Nə fikrə düşmüsən? – qadının titrək səsində kövrək bir səksəkə duyulurdu.
  – Evimə aparıram. – oğru ona tərəf baxmadan cavab verdi. – Diri-diri basdırılmaqdansa, evimə aparsam yaxşıdır. Süd almağa pulum var. Arvadım da razı olar. Bir oğlan uşağına o, gözlərinin ikisini də qurban verər. Nə edəsən ki, bu dünyanın işləri həmişə əksinə olur. Bu onun öz oğlu olmasa da, hər halda mənim ona hədiyyəmdir. Neçə dəfə yalvarıb ki, heç olmasa bir yetim uşaq gətir saxlayaq… Ona ana deyəndə yazıq arvad sevinəcək.
  O, yenə aşağı əyildi. Yavaş-yavaş, oyatmamaqçün körpəni ehtiyatla qucağına götürdü.
  Qadın tutqun bir görkəmlə hələ də onun yanında durduğundan oğru acıqlı-acıqlı pıçıldadı:
  – Sən çıxıb gedəcəksən, ya yox?
  – Gedirəm.
  – Amma yadında saxla, bir-birimizi tanımırıq. Anladın? Nə sən məni görmüsən, nə də mən səni. Anladın, ya yox?
  – Anladım.
  – Get işlərinin dalınca, arxaya çevrilib eləmə.
  Qadın arxaya çevrilmədən uzaqlaşdı. Oğru körpənin üzündən öpdü.
Paylaş:
Загрузка...