MƏDƏNİYYƏT

«SƏS» filmi yenə mükafat aldı

İran və Azərbaycanın müştərək istehsalı olan “Səs” qısametrajlı bədii filminin uğurlu festival həyatı davam edir.

Panorama.az xəbər verir ki, Jahorina Beynəlxalq Film Festivalının qısametrajlı bədi film kateqoriyasında birinci mükafat (Golden Mapple) “Səs” filminin oldu. Filmin prodüseri Fariz Əhmədovun verdiyi məlumata görə, festival 20-24 sentyabr 2017-ci il tarixlərində Bosniya və Hersoqovinanın Pale şəhərəndə keçirilib.

Qeyd edək ki, film İranın Gənc Kinematoqrafçılar Birliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən istehsal olunub. Filmin çəkilişləri İranda aparılıb. Azərbaycan dilində çəkilən filmdə əsas rollarda Turan Malekara və Tağı Türkməni iştirak edirlər. Filmin rejissoru Ərturan Nəcəfi ADMİU-nun məzunudur. O, kinorejissor Oqtay Mirqasımovun kursunda təhsil alıb.

Filmin mövzusuna gəlincə, gecələr ərinin amansız xorultularından yuxuya həsrət qalmış qoca qadın, tədbir qılmağa çalışır. Ancaq istəmədən vəziyyəti daha da pisləşdirir.

Xatırladaq ki, “Səs” filmi qısa müddət ərzində artıq bir neçə mükafata layiq görülüb. Film 13-cü Kazan Beynəlxalq Film Festivalından “ən yaxşı qısametrajlı bədii film” mükafatı və Livanın Baalbek şəhərində keçirilən Baalbek Beynəlxalq Qısametrajlı Filmlər Festivalında (Baalbeck’s International Short Films Festival) Münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.

Film yaxın müddətdə Gürcüstan, Türkiyə, Rusiya, İran və digər ölkələrdə keçiriləcək festivalların nümayiş proqramına daxil edilib.

Paylaş:
Загрузка...