MƏDƏNİYYƏT

Zülmətin qarşısında hamı kordur – Luiçi Pirandello

artkaspi.az Luiçi Pirandellonun «Səs» hekayəsini təqdim edir:

Markiza Borki, ölümündən bir neçə gün qabaq, hər şeydən çox, vicdanı rahat olsun deyə, təxminən bir il əvvəl gözləri tutulmuş oğlu Silvionu doktor Cunio Falçiyə də göstərmək istədi. İtaliyanın və xaricin ən məşhur göz həkimləri Silvioya baxmış, hamısı onun sağalmaz qlaukoma xəstəliyinə tutulduğunu söyləmişdilər.

Doktor Cunio Falçi bu yaxınlarda müsabiqədə qalib gəlib, göz klinikasının direktoru vəzifəsini tutmuşdu. Amma həmişə yorğun, fikri dağınıq göründüyünə görkəmi, yoxsa yöndəmsiz boy-buxununa, vaxtından əvvəl dazlaşmış iri başını dala ataraq süst, əl-qolunu ata-ata yeridiyinə görəmi, heç kəsin nə hörmətini, nə də rəğbətini qazana bilmişdi. O, bunu başa düşürdü, amma heç narahat olmurdu. Doktor tələbələrinə və xəstələrinə onları yorub əsəbləşdirən çətin və zəhlətökən suallarla müraciət edərdi. Markiza Borkinin dəvətilə onların evinə gələn doktor, ananın başqa həkimlərin rəyi və müxtəlif müalicə üsulları barəsində söhbətinə demək olar ki, qulaq asmadı, diqqətlə oğlanın gözlərinə baxdı. Bu qlaukoma idimi? Yox, yox, o, bu gözlərdə həmin xəstəliyin əsas nişanələrini görmədi. Hər şeydən əvvəl, ona elə gəldi ki, bu katarakta deyilən xəstəliyin çox nadir və qəribə bir formasıdır. Amma o, markiza Bokidə kiçicik ümid belə oyatmamaq üçün, fikrini açıb demək istəmədi. Doktor bu qəribə halın onda oyatdığı böyük marağı gizlədərək, xəstəyə bir neçə aydan sonra yenə baxacağını söyləyib getdi.

O, doğrudan da gəldi. Amma markiza Borkinin Prata da Kastellodakı yeni salınmış, daima boş olan küçədəki villasının açıq qapısında böyük bir izdiham gördü: markiza Borki gecə qəflətən ölmüşdü.

İndi o necə eləsin? Gerimi qayıtsın? Falçi düşündü ki, əgər o dəfə gəncin xəstəliyinin qlaukoma olmasına inanmadığını söyləsəydi, bəlkə də bu yazıq ana oğlunu sağalmaz kor kimi qoyub getməz, dünyadan ümidsiz köçməzdi. Elə isə, əgər o, anaya təskinlik verə bilməmişsə, onda indi bu ümidlə heç olmasa onun oğlunu yeni, gözlənilməz bir dərdə düçar olmuş gənci ovundurmağa çalışa bilməzdimi?

Doktor villaya daxil oldu. Orada hökm sürən çaxnaşma içində xeyli gözlədikdən sonra, qara paltar geymiş, çox ciddi, hətta sərt görünən sarışın bir qız özünü ona təqdim etdi. Bu, mərhum markizanın yaxın adamlarından idi. Doktor Falçi gəlişinin səbəbini dedi, yoxsa onun gəlişi yersiz görünərdi. Bu vaxt qız inamsızlıq bildirən süni bir təəccüblə soruşdu:

– Cavanlar da kataraktaya tutulurlar?

Falçi düz onun gözlərinin içinə baxdı, sonra istehzalı bir gülüşlə, sanki dodaqları ilə yox, baxışları ilə danışırmışkimi söylədi:

– Niyə də yox, sinyorina? Mənən həmişə, əgər sevirlərsə. Təəssüf ki, həmçinin fiziki cəhətdən də.

Sinyorina daha da sərtləşdi, söhbəti kəsib dedi ki, markizin belə ağır vəziyyətdə onunla danışması mümkün olan şey deyil, amma bir qədər sakitləşəndən sonra, o özü bu gəliş barəsində markizə xəbər verər və şübhəsiz ki markiz, onu yenə də çağırar.

Üç ay da keçdi. Doktor Cunio Falçini çağırmadılar.

 

***

Sözsüz ki, doktorun birinci gəlişi mərhum markizaya pis təsir bağışlamışdı. Cavan markizin qulluqçusu və nəzarətçisi olan siyorina Lidiya Veturi bunu yaxşı bilirdi. Lakin həddən artıq ikrah hissi oyadan bu doktordan zəhləsi getdiyinə görə o, nəzərə almamışdı ki, Falçi lap əvvəldən markizaya oğlunun sağala biləcəyinə ümid versəydi, markiza da onun haqqında pis fikirdə olmazdı. Özünə qaldıqda isə o, doktorun ikinci gəlişini, markizanın oldüyü gün gəlib xəstəliyə dair fikrini bildirmək niyyətini, talesiz bir bədbəxtə ümid vermək istəməsini fırıldaqçılıqdan da pis şey hesab edirdi. Bir də ki, gənc markiz, görünür, öz bədbəxt taleyi ilə razılaşmışdı. Anasının qəfil ölümündən sonra o, öz korluğunun qaranlığından əlavə, daxili bir zülmət də hiss etdi, bu zülmətin qarşısında isə hamı kordur. Görənlər heç olmasa ətrafa baxmaqla fikirlərini bu zülmətdən yayındıra bilərdilər, o isə yox. Çünki o, həyat üçün kor olduğu kimi, ölüm üçün də kor idi. Anası onu indi soyuq zülmət içərisində, qorxunc bir boşluqda tənha qoyub dinməzcə yoxa çıxmışdı.

Birdən o, zəif, titrək işığa bənzəyən, son dərəcə şirin bir səs eşitdi (o, bu səsi tanıya bilmirdi). Gənc markiz qorxunc boşluqda dolaşan varlığı ilə bu səsə sarıldı.

Sinyorina Lidiya onun üçün səsdən başqa bir şey deyildi, amma axır aylar o, markizaya hamıdan yaxın olmuşdu. Markiza da oğluna Lidiya haqqında deyərdi ki, (bu Silvionun yaxşı yadında idi) o, xeyirxahdır, qayğıkeşdir, mədəni və savadlıdır, gözəl ədaları var. İndi Lidiya ona qulluq edərkən, köməklik göstərərkən o, Lidiyanı, anası necə demişdisə, eləcə də təsəvvür edirdi.

Lidiya elə ilk günlərdən şübhələnmişdi ki, markiza analara xas olan xüdpəsəndlikdən, öz bədbəxt oğluna təsəlli üçün onu qulluğa götürüb. Lidiya bərk incisə də, məğrurluğunu saxlamağı qət etmişdi. Amma markiz, anasının ölümündən sonra, göz yaşları içərisində onun əlindən tutaraq gözəl, solğun bənizilə: «Məni tənha qoyma, tənha qoyma” – deyə yalvaranda, Lidiya onun zərifliyi və yazıqlığı qarşısında məğlub olub, tərəddüd etmədən həyatını ona həsr etməyi qərara aldı.

Günlər keçdi, markiz korlara xas olan cəsarətsiz, lakin inadlı və cansıxıcı bir maraqla Lidiyanı təngə gətirməyə başladı. Markiz onu öz zülmətində «görməyə”, onun səsini qəlbində bir surət kimi canlandırmağa çalışırdı.

Əvvəl o, boş və mənasız suallar verirdi. Lidiya oxuyanda və danışanda onu necə təsəvvür etdiyini deyirdi:

— Sarışınsan, düzdümü?

— Hə.

Sarışın idi, lakin cod və seyrək saçları dərisinin tutqun rəngi ilə qəribə bir uyğunsuzluq əmələ gətirirdi. Bunu ona necə deyəydi? Bir də axı nəyə lazımdı?

– Gözlərinsə mavidir, eləmi?

– Hə.

Mavi lakin tutqun və qəmli idi, çuxura düşmüşdü. Bunu ona necə deyəydi? Bir də axı nəyə lazımdı?

O, gözəl deyildi, amma qəşəng bədəni vardı. Əlləri və səsi isə həqiqətən çox gözəl idi. Xüsusilə, tutqun görkəminə, məğrur və qəmgin sifətinə yaraşmayan səsi çox məlahətli, şirin idi.

Lidiya başa düşürdü ki, markiz onu sehrli səsinə vurulduğuna görə, inadlı suallarına aldığı cəsarətsiz cavablara görə təsəvvür edir. O, güzgü önündə də özünü markizin uydurduğu kimi, o zülmətdə yaratdığı surət kimi görməyə çalışırdı. İndi onun səsi də öz dodaqlarından yox, markizin təsəvvür etdiyi dodaqlardan qopurdu. Gülürdü, tez də hiss edirdi ki, bu onün gülüşü geyil. Hiss edirdi ki, o öz gülüşünü markizin yaratdığı gülüşə oxşatmağa çalışır. O, bütün bunlardan dözülməz əziyyət çəkir, utanırdı. Lidiyaya elə gəlirdi ki, o öz həqiqi varlığını itirir, bu gənc özünə xəyanət edir. Yalnız ürək yanğısımı? Yox, bu artıq sevgi idi. İndi markiz onu həddən artıq cəlb edəndə o, əlini əllərindən, üzünü üzündən çəkə bilmirdi…

– Yox, belə yox… belə yox.

Axırda Lidiya, ağır olsa da, qərar qəbul etməli oldu. Gənc markizin ata-anası yox idi, öz-özünün ağası idi, ona görə də nə istəsəydi, elə də edərdi. Bəs camaat deməzdimi ki, Lidiya varlanmaq üçün markizin olmaqla onun bədbəxtçiliyindən istifadə edir? Əlbəttə, deyərdilər. Bunu da deyərdilər, hələ özgə şeylər də… bəs bu evdə daha necə qalmaq olardı? Bu kor gənci adamların nifrətinə görə tərk edib, mehribanlıqdan, qayğıkeşlikdən məhrum etmək rəhmsizlik olmazdımı? Sözsüz, sözsüz ki, Silvioya ərə getmək onun üçün böyük xoşbəxtlik idi. Lidiya vicdanı qarşısında da özünü bu xoşbəxtliyə layiq bilirdi, çünki onu sevirdi. Üstəlik, onun üçün ən böyük xoşbəxtlik markizi açıq sevə bilməsi idi. Lidiya onun yolunda canından belə keçməyə hazır idi. Markiz isə özünü görmürdü, öz bədbəxtliyindən başqa heç nə hiss etmirdi. Amma o, çox gözəl idi, olduqca gözəl idi! Qız kimi zərif idi. İndi Lidiya markiz hiss etmədən ona baxıb, şirin xəyallara dalıb düşünə bilərdi: «Budur, sən mənimsən, çünki özünü görmürsən, özündən xəbərin yoxdur. Çünki sən öz bədbəxtçiliyinin əsirisən, görməkçün, eşitməkçün mənə möhtacsan”.

Lakin markizin arzusuna əməl etməzdən qabaq, onun təsəvvür etdiyi kimi olmadığını açıb danışmaq vacib deyildimi? Bəs susmaq onu aldatmaq demək deyildimi? Bəli, aldatmaq idi! Amma markiz kor idi, deməli, indi ona Lidiyanın ürəyi kimi sadiq, yanımlı bir ürək və xəyalında yaratdığı gözəllik kifayət idi. Bir də ki, axı Lidiya kafir deyildi. Üstəlik də gözəl qadın bəlkə də bədbəxtliyindən istifadə edib, onu hər şeydə aldada bilərdi. İndi bu gəncə, onun heç vaxt görə bilməyəcəyi gözəl sifətdən daha çox sevən, yanımlı bir ürək lazım idi.

 

***

Uzun tərəddüddən sonra toy günü təyin edildi. Toy dəm-dəsgahsız, lap yaxın günlərdə, markizanın altı ayı çıxan kimi olmalı idi. Qarşıdakı şənliyə lazımi hazırlıq görmək üçün Lidiyanın ay yarıma qədər vaxtı vardı. Bu böyük xoşbəxtlik günləri idi. Vaxt, gələcək yuvanın xoş qayğıları və zərif nəvazişləri içində ötüb keçirdi.

Toya həftədən bir qədər çox qalmışdı ki, Lidiyaya doktor Cunio Falçinin gəldiyini xəbər verdilər.

O, səbəbini özü də anlamadan:

– Mən evdə yoxam, – demək istədi.

Lakin Sivio pıçıltını eşidib soruşdu:

– Kimdir?

– Doktor Falçi,– deyə nökər təkrar etdi.

Lidiya dedi:

– Bilirsən, bu, ananın həmin bədbəxt hadisədən bir neçə gün əvvəl dəvət elədiyi doktordur.

– Hə, hə, yaxşı yadımdadır, o, məni diqqətlə müayinə etmişdi… demişdi yenə də gələcək…

– Gözlə, – deyə Lidiya həyəcanla onun sözünü kəsdi. – Qoy gedim öyrənim.

Doktor Cunio Falçi idi, daz başını dala atmış, gözlərini qıyaraq, tüklü çənəsini tumarlaya-tumarlaya qonaq otağının ortasında dayanmışdı.

– Əyləşin, doktor, – deyə hiss etdirmədən içəri daxil olan sinyorina Lidiya sözə başladı.

Falçi diksinib baş əydi:

– Üzr istəyirəm, əgər…

Lidiya həyəcanla, əsəbi halda onu qabaqladı:

– Sizi həqiqətən də indiyə qədər çağırmayıblar, çünki…

– Ola bilsin mənim indiki gəlişim də yersizdir – deyə Falçi yüngül bir kinayə ilə gülümsədi. Gərək məni bağışlayasınız, sinyorina.

– Yox… niyə ki? Əksinə… Lidiya qızardı.

– Siz yəqin təsəvvür etmirsiniz ki, bədbəxt bir alim üçün bəzi xəstəlik halları necə maraqlı ola bilər. Lakin mən sizə həqiqəti demək istəyirəm, sinyorina. Bu xəstəlik mənə qəribə görünsə də, düzü, onu tamam unutmuşdum. Dünən dostlarımla söhbət edərkən eşitdim ki, markiz Borki ilə toyunuz olmalıdır. Düzdürmü, sinyorina?

Lidiya ağappaq ağardı, amma qürurunu pozmadan başını tərpətdi.

– İcazə verin sizi təbrik edim. Lakin bilirsiz, o vaxt mənim yadıma, əgər yanılmıramsa, bir çox məşhur həmkarlarımın dediyi qlaukoma xəstəliyi düşdü. Sizi inandırıram ki, bu diaqnoz ilk baxışda həqiqətə oxşayır. Lakin mən əminəm ki, markiza oğlunu müayinə etdiyim zaman, onu mənim həmkarlarıma göstərsəydi, onlar da çox asanlıqla müəyyən edərdilər ki, bu qlaukoma deyil. Bu belə. Mən eyni zamanda ikinci, o uğursuz gəlişimi də xatırladım və düşündüm ki, sinyorina, siz əvvəl markizanın qəfil ölümü ilə keçirdiyiniz həyəcandan, sonra isə bu xeyir işin sevincindən yəqin ki, gəlişimi unutmusunuz, düzdürmü, unutmusunuz?

– Yox, – deyə doktorun uzun, zəhlətökən nitqindən əzab çəkən Lidiya sərt tərzdə onun sözünü kəsdi.

– Hə-ə, deməli, yox?

– Yox, – deyə o qətiyyətlə təkrar etdi. – Sizin gəlişinizdən sonra markiza oğlunun sağalmasına çox az inanırdı, üzr istəyirəm, açığını desək, ümidini tamam itirmişdi. Bu, mənim yaxşı yadımdadır.

Falçi tələsik etirazını bildirdi:

– Axı mən markizaya demişdim ki, oğlunun xəstəliyi mənim fikrimcə…

– Düzdür, siz bunu mənə demişdiniz. – Lidiya yenə də onun sözünü kəsdi. – Amma mən də markiza kimi…

– Ya az inanırdınız, ya da heç inanmırdınız, eləmi? Fərqi yoxdur, – deyə Falçi onun sözünü tamamladı. – İş ondadır ki, siz mənim gəlişimi markizə bildirməmisiniz, səbəbini isə…

– Dərhal yox.

– Bəs sonra?

– Sonra da yox, çünki…

Doktor Falçi əlini qaldırdı:

– Başa düşürəm. Sevgi oyanmış və… Məni bağışlayın, sinyorina. Doğru deyirlər ki, sevgi kor olar, lakin siz doğurdanmı istəyirsiniz ki, sinyor markizin sevgisi bu dərəcədə, hətta fiziki cəhətdən də kor olsun?

Lidiya hiss edirdi ki, bu adamın sarsıdıcı soyuqqanlığı qarşısında dayana bilməyəcək, mənliyini iyrənc bir şübhədən qoruya, təkəbbürünü saxlaya bilməyəcək. Ona görə də üzə vurmayıb, zahiri bir sakitliklə dedi:

– Deməli, siz deyirsiniz ki, markiz görə bilər.

– Tələsməyin, sinyorina, – Falçi yenə əlini yuxarı qaldırdı. – Mən hər şeyə qadir allah deyiləm. Sinyor markizin gözlərinə tək bircə dəfə baxmışam və məncə qlaukoma söhbəti boş şeydir. Elə ona görə də mənə belə gəlir ki, heç olmasa, şübhə və ya ümid doğura biləcək bu fikir, əlbəttə, əgər nişanlınızın taleyi sizə əzizdirsə, gəlişimi ona bildirməkçün kifayət idi.

– Bəs əgər sizin şübhələriniz düz olmasaydı, əgər ümid boşa çıxsaydı, onda necə? – Lidiya tələsik, həyəcanlı danışırdı. – Onda siz öz bədbəxtliyi ilə razılaşmış bir ürəyi yenidən amansızcasına sarsıtmazdınızmı?

– Yox, sinyorina, – Falçi ciddi, sakit tərzdə cavab verdi. – mən bu dəfə də dəvətsiz gəlməyimi həkimlik borcu sayıram. Çünki, burada söhbət, əgər bilmək istəyirsinizsə, təkcə xəstəlikdən yox, daha ciddi bir şeydən məsələn, vicdandan gedir.

– Siz şübhələnirsiniz ki… – Lidiya onun sözünü kəsmək istədi. Lakin Falçi ona imkan vermədi:

– Siz özünüz indicə məni razı salmayan bir üzrxahlıqla, gəlişim barədə markizə heç nə demədiyinizi söylədiniz, – deyə sözünə davam elədi. – Bu üzrxahlıq məni ona görə razı salmır ki, məni təhqir edir, ona görə ki, mənə inanıb-inanmamaq sizin yox, markizin öz işidir. qulaq asın, sinyorina, bəlkə də çox xardaçılıq eləyirəm, amma demək istəyirəm ki, markiz mənim klinikama gəlsə, mənim ondan heç bir təmənnam olmayacaq. Orda markizə elmin imkan verdiyi səviyyədə qayğı və köməklik göstəriləcək. Bundan sonra gəlişimi markizə bildirməyinizi xahiş etsəm, bu həddindən artıq cəsarətli bir hərəkət olmaz ki?

Lidiya ayağa qalxdı.

– Tələsməyin, – Falçi də ayağa qalxdı və həmişəki görkəmini aldı.

– Sizi inandırıram ki, ikinci gəlişim barəsində markiz heç nə bilməyəcək. Əksinə, əgər istəyirsinizsə, mən özüm ona deyərəm ki, siz toydan qabaq gəlməyimi inadla tələb etmisiniz.

Lidiya qəzəblə düz onun gözlərinin içinə baxdı:

– Siz hər şeyi necə varsa, elə danışacaqsınız? Yox, mən özüm danışacağam!

– Nəyi, mənə inanmadığınızı?

– Bəli!

Falçi çiyinlərini çəkib gülümsədi:

– Siz işləri korlaya bilərsiniz. Mən bunu istəməzdim. Əksinə, siz mənim gəlişimi toydan sonraya keçirmək istəsəydiniz, inanın ki, mən buna da razı olardım.

– Yox, – Lidiya həyəcandan boğulurdu, o, doktorun zahiri alicənablığının səbəbini başa düşürdü, ona görə də qıpqırmızı qızarmışdı. Etirazını bildirdi və içəri keçməyi işarə elədi.

Silvio Borki Lidiyanı səbrsizliklə gözləyirdi.

– Silvio, bu doktor Falçidir, – deyə Lidiya içəri keçdi. – biz orada bir məsələni aydınlaşdırırdıq. Yadındadır, doktor birinci dəfə gələndə demişdi ki, bir də gələcək, düzdümü?

– Bəli, – deyə Borki cavab verdi. – Yaxşı yadımdadır, doktor!

– Sən bilmirsən, amma anan ölən gün doktor gəlmişdi. O mənimlə danışdı və dedi ki, onun fikrincə, sənin xəstəliyin o biri həkimlərin dediyi xəstəlik deyil. Ona görə də doktor deyir ki, sən sağala bilərsən. Mən bu barədə sənə heç nə deməmişəm.

– Axı, niyə elə danışırsınız, sinyorina? – deyə Falçi tələsik əlavə etdi. – bilirsinizmi, mən o dəfə öz şübhələrimi çox dolaşıq, dumanlı söyləmişdim. Görünür sinyorina mənim sözlərimi sizə təskinlik kimi başa düşüb, o qədər də əhəmiyyət verməyib.

Lidiya dərhal məğrur-məğrur dedi:

– O vaxt mən belə fikirləşmişəm, amma o, başqa cür düşünür. – Silvio, doktor Falçi məndən şübhələnir ki, onun ikinci gəlişi haqda mən bilə-bilə sənə heç nə deməmişəm. İndi o, təmənnasız qulluq təklif etmək üçün özü sənin yanına gəlib. İndi sən də doktor kimi düşünə bilərsən ki, mən sənə ərə getmək üçün gözünün açılmasını istəməmişəm.

— Nə danışırsan, Lidiya? – deyə markiz qışqırdı.

– Bəs necə, – Lidiya qəribə bir gülüşdən sonra, sözünə davam etdi. – Bəlkə də bu fikir doğrudur, axı mən sənə yalnız bu yolla ərə gedə bilərdim…

– Sən nə danışırsan? – Borki onun sözünü yarımçıq kəsdi.

– Silvio, əgər doktor Falçi sənin gözlərini açsa, sən özün hər şeyi başa düşəcəksən. Mən sizi tərk edirəm.

– Lidiya, Lidiya, – deyə Borki qışqırdı.

Lakin qız qapını arxasınca çırpıb otaqdan çıxmışdı.

 

 

Lidiya üzüqoylu çarpayıya yıxıldı, hirsindən balıncı ağzına basıb hönkürdü. Bir az sakitləşəndən sonra, elə bil, özü öz vicdanından qorxmuşdu. Ona elə gəldi ki, bu doktorun çox soyuqqanlıqla dediklərini o, çoxdan özü-özünə demişdi. Daha doğrusu, elə bil kimsə həmişə bu sözləri onun daxilində söyləyir, amma o özünü eşitməməzliyə vururdu. Bəli, o həmişə, həmişə Falçini xatırlamışdı. Hər dəfə də doktorun surəti, tənə kölgəsi kimi, xəyalında canlananda «fırıldaqçı” deyə onu qəzəblə özündən uzaqlaşdırmışdı. Çünki o istəyirdi, – axı, indi bunu necə inkar etmək olar, – əlbəttə, istəyirdi ki, onun Silviosu kor qalsın. Çünki Silvionun korluğu onların sevgisi üçün vacib şərt idi. Axı, sabah onun gözləri açılsa, gözəl, cavan, varlı, nəcib markiz onunla nəyə görə evlənərdi? Bəlkə minnətdarlığa görə? Bəlkə yazığı gəldiyinə görə? Əlbəttə, yox! O bunu qəbul edə bilərdimi? Deməli, o, Silvionu sevirdi və sevgidən başqa ona heç nə gərək deyildi? Deməli, Lidiya sevgisini, səadətini onun bədbəxtliyində, bəraətini isə həyatını kor adama həsr etməkdə görürdü? Bəs bu cür, hiss olunmadan öz vicdanını satmaq, özgəsinin bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olarmı? Düzdür, Lidiya o vaxt doğurdan da inanmırdı ki, düşməni olan bu doktor bir möcüzə göstərib Silviosunun gözlərini aça bilər. O, buna indi də inanmırdı. Bəs niyə susurdu? Doktora inanmadığına görəmi? Bəlkə ona görə ki, doktorun şübhələri doğru çıxsaydı, bu Silvio üçün ümid şüası, onun üçünsə, əksinə, ölüm, sevgisinin ölümü olardı? Lidiyaya indi də elə gəlirdi ki, onun sevgisi Silvionun xoşbəxtliyini təmin edə bilər. İndi də inanırdı ki, bir möcüzə sayəsində Silviosunun gözü açılsa, nə bu gözəl nemət, nə var-dövlət, nə də özgə bir qadının məhəbbəti Lidiyanın itirilmiş sevgisinin yerini verə bilməz. Lakin bütün bunlar yalnız onun özü üçün inandırıcı idi. Silvio üçünsə yox. Əgər Lidiya gedib deyə bilsəydi ki, – «Silvio, sən ya görməyi seçməlisən, ya da məni”, – o sözsüz ki, soruşardı: «Bəs sən məni niyə kor qoymaq istəyirsən?” Əlbəttə, ona görə ki, Lidiyanın xoşbəxtliyi yalnız bu cür, yalnız Silvionun bədbəxliyi bahasına mümkündü.

Birdən, kimsə onu çağırırmış kimi, yerindən dik atıldı. Görəsən, doktor hələ oradadırmı? Görəsən, o, nə deyir? Silvio nə düşünür? İstədi ayaqlarının ucunda indicə çırpdığı qapıya yaxınlaşıb qulaq assın, lakin özünü saxladı. Budur, indi o, qapı arxasında qalmışdı. İndi o, bu qapını həmişəlik öz üzünə qapamışdı. Bəs o, doktorun iyrənc təklifini qəbul edə bilərdimi? İşi gör nə yerə gətirmişdi ki, doktor toydan sonra gəlməyi təklif edirdi. Əgər Lidiya buna razı olsaydı… Yox! Yox! Onun bütün vücudu bu iyrənc, bu ürəkbulandırıcı fikirdən sıxıldı. Bu necə murdar bir alver, iyrənc bir yalan olardı!

Lidiya qapının açıldığını eşidib diksindi. Qeyri-ixtiyari özünü Falçinin keçəcəyi dəhlizə atdı.

– Sinyorina, mən sizin həddən artıq ürəkaçıqlığı ilə dediyiniz sözləri təsdiq etdim. Mən öz diaqnozumun dəqiqliyinə əminəm. Markiz səhər mənim klinikama gələcək. İndi isə gedin, gedin, o, sizi gözləyir. Sağlıqla qalın.

Lidiya əzab içində, gözlərində mənasız, boş bir ifadə, doktoru dəhlizin axırına qədər müşayiət etdi. Sonra onu çağıran Silvionun səsini eşitdi. Onu dəhşətli bir təlaş bürüdü, gözləri qaraldı, az qaldı yıxılsın. Göz yaşlarını saxlamaq üçün əlləri ilə üzünü örtüb, onun yanına qaçdı.

Silvio yatağında oturub, əllərini ona tərəf uzatmışdı. Lidiya yaxınlaşan kimi, onu bərk-bərk qucaqladı, çılğınlıqla öz xoşbəxtliyindən danışmağa başladı, dedi ki, gözlərinin açılmasını yalnız ondan ötrü, öz əziz, gözəl həyat yoldaşını görməkdən ötrü istəyir:

– Bəs niyə ağlayırsan? Bax, görürsən, mən də ağlayıram. Ah, necə də xoşbəxtəm! Mən səni görəcəyəm!.. Səni görəcəyəm! Mən görəcəyəm!

Onun hər sözü Lidiya üçün ölümə bərabər idi. Amma markiz, sevincinə baxmayaraq, başa düşmüşdü ki, Lidiyanın göz yaşlarının özgə səbəbi var. Silvio ona dedi ki, o dəfə özü də doktorun sözlərinə inanmazdı, əlbəttə inanmazdı, ona görə də bu haqda yetər. İndi daha nəyin fikrini çəkmək lazımdı? Axı, bu gün bayramdır! Rədd olsun bütün qəm-qüssə, bütün fikirlər! İndi o, həqiqətən xoşbəxt olacaqdı, çünki öz həyat yoldaşını görəcəkdi! İndi öz yuvalarını bəzəmək üçün Lidiya da daha sərbəst idi, onun daha çox vaxtı vardı. Bu yuva, bir xəyal kimi gözəl olmalı idi. Markiz gözlərini ilk dəfə bu yuvanı görməkçün açacaqdı. O, söz verdi ki, klinikadan gözləri bağlı çıxacaq, gözünü burada – öz yuvalarında açacaq:

– Danış, bir az danış! Məni tək danışmağa qoyma.

– Yorulmusan?

– Yox… Bu səsi bir də eşitmək istəyirəm, bir də soruş: «Yorulmusan?” olarmı sənin səsini, bu dodaqlardan qopan səsi öpüm?

– Hə…

– İndi isə danış, bizim evimizi-yuvamızı necə düzəldəcəyindən danış!

– Necə?..

– Hə, indiyədək bunu səndən soruşmamışam. Yox, yox, indi də heç nə bilmək istəmirəm, onu sən düzəldəcəksən. O, mənim üçün qəribə, məftunedici bir şey olacaq… mən gözlərimi açıb yalnız səni görəcəyəm, yalnız səni!

Lidiya hönkürtüsünü güclə saxladı. Özünü ələ aldı. Silvionun qarşısında diz çöküb, onun qolları arasında, sanki qulağına pıçıldayırmış kimi, heç zaman o günkü qədər şirin və füsunkar olmamış səsi ilə ona öz sevgisindən danışmağa başladı. Amma Silvio məst olaraq, onu ağuşuna sıxıb, buraxmayacağı ilə qorxudanda Lidiya dikəlib, sanki öz üzərində çaldığı qələbəylə fəxr edirmiş kimi, özünü yığışdırdı. Budur, indi o, Silvionu həmişəlik özünə bağlaya bilərdi. Amma yox, o bunu etməzdi, çünki, onu sevirdi.

Gecə yarıya qədər Lidiya onu öz səsi ilə məst elədi. O, hələ də inanırdı ki, Silvio onunkudur. İnanırdı, çünki o, hələ də zülmətdə idi. Bu zülmətdə Lidiyanın Silvio tərəfindən uydurulmuş xəyali surəti kimi gözəl bir ümid parlayırdı.

Ertəsi gün o, Silvionu əlil arabasında klinikaya qədər yola saldı, ayrılarkən dedi ki, narahat bir qaranquş kimi işə başlayacaq:

– Sən görəcəksən!

İki gün dəhşətli həyəcan içərisində cərrahiyyə əməliyyatının nəticəsini gözlədi. Hər şeyin xoşbəxtliklə bitdiyini bildikdə isə boş qalmış otaqlarına baş çəkdi. Onun üçün lazım olan hər şeyi böyük bir məhəbbətlə hazırlayıb, adam göndərdi ki, bir dəqiqəliyə olsa daonu görməyə can atan Silviodan bir neçə gün də gözləməyi xahiş edir. Ona görə xəstəyə baş çəkməyə gəlmir ki, Silvio həyəcanlana bilər… doktor icazə vermir…

– Doktor icazə verir? Yaxşı, onda Lidiya gələr.

Lidiya şeylərini yığışdırırdı. Silvionun xəstəxanadan çıxmağına bir gün qalmış, onun gözünə görünməmək, xəyalında heç olmasa bir səs kimi yaşamaq xatirinə çıxıb getdi. Silvio isə zülmətdən çıxandan sonra, yəqin ki, bu səsi əbəs yerə neçə-neçə dodaqlarda axtaracaqdı.

 

 

Paylaş:
Загрузка...