İQTİSADİYYAT

Güzəştli mənzil alanlarla bağlı son xəbər

Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsinin yanvar-iyun ayları ərzində icra vəziyyəti açıqlanıb.

Oxu.Az xəbər verir ki, hesabatda 2017-ci ilin ilk altı ayı ərzində “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilən tədbirlərin 23 faizinin icrasının tamamlandığı qeyd edilib.  Bildirilib ki, müəyyən edilən tədbirlərin 65 faizinin icrası üzrə işlərə başlanılıb.

Uyğun qiymətə mənzil təminatının layihələndirilməsi və həyata keçirilməsi üçün MİDA-ya müəyyən strategiya və hədəflərə əsaslanan səlahiyyətlərin verilməsinin 20%-i icra olunub, 80%-nin icrasına start verilib. Bundan başqa, uyğun qiymətə mənzil bazarının fəaliyyətinə əlverişli şərait yaradan əsas mexanizmlərin həyata keçirilməsinin 25%-i icra olunub, 58%-nin icrasına başlanılıb, 17%-nin icrasına başlanılmayıb.

 Görülmüş işlər

Agentliyinin birinci layihəsi olan “Yasamal” yaşayış kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimi keçirilib. “Yasamal” yaşayış kompleksinin sahəsi 11,6 hektar təşkil edir; bu ərazidə 29 çoxmənzilli yaşayış binasının tikintisi nəzərdə tutulub. Bu binalardakı 1843 mənzildən 324-ü birotaqlı, 1052-si ikiotaqlı, 467-si isə üçotaqlı olacaq. Birotaqlı mənzillərin sahəsi təqribən 31-33 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi təqribən 50-58 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi isə təqribən 70 kvadratmetr təşkil edəcəkdir. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə birlikdə vətəndaşlara təklif olunacaqdır. Kompleksin ərazisində bir sıra sosial obyektlərin, o cümlədən 240 yerlik uşaq bağçası və 960 şagird üçün orta məktəb binalarının tikintisi nəzərdə tutulub.

Əhalinin yaşayış sahələrinə olan ehtiyacının ödənilməsi məqsədilə güzəştli mənzil tikintisinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 22 fevral tarixli Sərəncamı ilə Bakı şəhəri Suraxanı rayonunun Hövsan qəsəbəsinin qərb hissəsində 20 hektar torpaq sahəsi “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına verilib. Hövsan layihəsi üzrə işlərə başlanılıb.

Bununla yanaşı, 2017-ci il mayın 30-dan etibarən “Güzəştli mənzil” sistemi “Elektron hökumət” portalında fəaliyyətə başlayıb. Bu sistem vasitəsilə müraciətlərin qəbulu həm “Elektron hökumət” portalı üzərindən, həm də 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində və Sumqayıt “ASAN xidmət” mərkəzində həyata keçirilir. Fəaliyyətə başladığı gündən 2017-ci il iyunun 30-dək bu sistem vasitəsilə 5283 müraciət qəbul edilmiş, 4839 nəfərin güzəştlə mənzil əldə etmək hüququ təsdiqlənərək, həmin şəxslər üçün elektron kabinetin yaradılması təmin edilib.

Əsas problemlərə gəlincə, mənzil tikintisi proqnozunun alternativ maliyyələşdirmə mənbələri hesabına hazırlanması üzrə araşdırmalar aparılmayıb. Dövlət tərəfindən maliyyələşmənin minimuma endirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə iş görülməyib.

Paylaş:
Загрузка...