İQTİSADİYYAT

Komitə sədri leş ətindən kolbasa düzəldib “rossiyski” brendlə satanlardan danışdı

Azərbaycanda tanınmış brendləri mənimsəyərək eyni adlı məhsul istehsal edən şirkətlər cəzalandırılacaq. Əmtəə nişanlarının bu cür qeyri-qanuni istifadəsi ilə bağlı qanunvericiyə dəyişiklik olunub.

Bunu virtualaz.org-a açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib. Onun sözlərinə görə, əvvəllər bu məsələ qanunvericilikdə öz əksini tapmadığından bəzi problemlər yaranırdı. Artıq qanunvericiliyə dəyişiklik olunub və belə şirkətlər cəzalandırılır: “Əvvəllər əmtəə nişanının qeyri-qanuni istifadəsi ilə bağlı bizim qanunvericilikdə cəzalandırma yox idi. Artıq qanunvericiliyə müəyyən dəyişikliklər olunub və əqli mülkiyyətin müəyyən sahəsi ilə -patentlər, əmtəə nişanları ilə də məşğul olduğumuza görə bu məsələ bizə tapşırılıb. Bizim komitə tərəfindən artıq bunun tətbiqinə başlanılıb”, — deyə R. Həsənov bildirib.

Komitə sədrinin sözlərinə görə, artıq saxtalaşdırılmış bir neçə əmtəə nişanının qarşısını alınıb: “Bir neçə saxtalaşdırılmış əmtəə nişanının qarşısını almışıq. Yəni biz bu prosesə başlamışıq və davamlı olacaq”, — deyə R. Həsənov qeyd edib.

Xatırladaq ki, Azərbaycanda demək olar ki, bütün mağazalarda yerli istehsalı olan “Plombir”, “Belıye noçi”, “Lakomka”, “Veçerniy bulvar” dondurmaları, “Servelat”, “Doktorskaya”, “Yubileynaya”, “Qovyajya”, “Baranya”, “Turistskiye kolbaski” və digər kolbasa və sosiska məhsulları, üzərində rus dilində “Squşennoe moloko” yazılmış əslində isə Kürdəmirdə istehsal olunan qatılaşdırılmış süd, o cümlədən digər içki və şirniyyatlara rast gəlinir. Bu ərzaq mallarının üzərində marka adları rus dilində, kiril əlifbası ilə yazılır, onların əslində Azərbaycanda, hansısa zirzəmidə, yaxud sanitariya normalarına cavab verməyən sexlərdə, eləcə də tanınmış yerli şirkətlərdə istehsal edildiyini isə ancaq etiketin hansısa küncündə kiçik hərflərlə qeyd olunan yazıdan görmək olar.

Paylaş:
Загрузка...