İQTİSADİYYAT

Mərkəzi Bank uçot dərəcəsini dəyişmədi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti bu gün uçot dərəcəsinin və faiz dəhlizinin digər parametrlərinin dəyişməz saxlanılması (uçot dərəcəsi 15%, dəhlizin aşağı həddi 10%, yuxarı həddi 18%) barədə qərar qəbul edib.

AMB-dən verilən məlumata görə, makroiqtisadi sabitlik və real sektorda aktivliyin pozitiv dinamikası qorunur. Tədiyə balansının profisitli olması şəraitində valyuta bazarında tarazlıq təmin edilir və manatın məzənnəsi stabildir. Pul təklifi iqtisadiyyatın pula olan tələbatı, o cümlədən fiskal sektorun likvidliyə olan ehtiyacına uyğun olaraq artır. İnflyasiyanın monetar və qeyri-monetar amillərinin təhlili göstərir ki, pul siyasətinə əhəmiyyətli korreksiya etmək zərurəti yoxdur.

Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul edilərkən aşağıdakı makroiqtisadi meyillər nəzərə alınəb:

İqtisadi aktivlik. Real sektor göstəriciləri pozitiv dinamikanı qoruyur. 2017-ci ilin 8 ayında qeyri-neft sektorunda 2.2%-lik iqtisadi artım qeydə alınmışdır. O cümlədən qeyri-neft sənayesində 4.6%, ticarətdə 1.8%, turizmdə 2.6%, rabitə və informasiya sahəsində 4.9% artım müşahidə olunur. Qeyri-neft sektorunun inkişafına yönəldilmiş silsilə tədbirlər, dövlətin investisiya tələbi və xarici tələbin genişlənməsi iqtisadi artımın davam etməsində əhəmiyyətli rol oynamışdır. Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələri qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsini təsdiq edir.

Xarici balans və məzənnə. 2017-ci ilin I yarısında tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 2.5%-i səviyyəsində profisit qeydə alınmışdır. Bu neftin orta dünya qiymətinin ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli yüksəlməsi, eləcə də həyata keçirilmiş makroiqtisadi siyasət tədbirləri nəticəsində qeyri-neft sektoru üzrə cari hesab kəsirinin azalması sayəsində mümkün olmuşdur. Yanvar-avqust aylarında xarici ticarət balansının profisiti 1.9 mlrd. ABŞ dolları təşkil etmiş, ölkənin strateji valyuta ehtiyatları 11.5% artmışdır. İlin sonuna tədiyə balansında profisitin qorunacağı proqnozlaşdırılır.

Profisitli tədiyə balansı fonunda valyuta bazarı özünün tarazlığını, milli valyutanın məzənnəsi isə sabitliyini qoruyur. Manatın ABŞ dollarına nəzərən məzənnəsi ilin əvvəlindən möhkəmlənmişdir ki, bu da inflyasiya gözləntilərinə azaldıcı təsir edir. Manatın məzənnəsinin davamlı sabitliyi dollarlaşmanın azalması ilə müşaiyət olunur.

Monetar şərait. Dövr ərzində monetar şərait qismən yumşalsa da ümumilikdə neytral qalmışdır. Pul siyasətinin başlıca əməliyyat hədəfini təşkil edən pul bazası 2017-ci ilin ötən dövründə 8%-dən çox artmışdır. Kredit aktivliyinin bərpa olunmaması şəraitində pul bazasının artımı bank sistemində izafi likvidliyin akkumulyasiyası ilə müşaiyət olunur.

Mərkəzi Bank dövr ərzində müxtəlif müddətli açıq bazar və çərçivə alətlərini açıq saxlamışdır. Lakin, bank sistemində yüksək likvidlik şəraitində Mərkəzi Bankın sterilizasiya alətlərinə daha yüksək tələb olub.

Mərkəzi Bankın likvidlik əməliyyatları üzrə real faiz dərəcələri isə milli valyutada yığımları stimullaşdıra biləcək səviyyədə qalır.

İnflyasiya prosesləri. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən 2017-ci ilin 8 ayında orta illik inflyasiya 14% təşkil edib.

Qiymət dinamikası və inflyasiya gözləntilərinin amillərində əhəmiyyətli dəyişiklik baş verməyib. İnflyasiyanın xarici faktorlarında yüksək volatillik qalır. O cümlədən cari ildə dünya ərzaq qiymətlərində yüksəlmə və bəzi partnyor ölkələrdə milli valyutaların bahalaşması müşahidə olunmuşdur. Ümumi inflyasiya gözləntilərinin ayrı-ayrı məhsul qruplarının və qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin qiymətlərinin dəyişiminə həssaslığı qalmaqdadır.

İnflyasiyanın qısa və orta müddətli risk amillərinin təhlili hələ ki, pul siyasətinə hər hansı əhəmiyyətli korreksiya zərurətini şərtləndirmir.

Mərkəzi Bankın İdarə Heyətində faiz dəhlizinin parametrləri növbəti dəfə 15 noyabr 2017-ci il tarixdə müzakirə ediləcək.  //virtualaz.org

Paylaş:
Загрузка...