İQTİSADİYYAT

Xoşbəxt Yusifzadə: «Bizim 100 ilə çatacaq qazımız var”

Bu gün Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə «Şərqlə qərbin qovşağında: yeni enerji və kommunikasiya imkanları» adlı konfrans keçirilib.

«Ölkə.Az»-ın məlumatına görə, konfransda partiya rəhbərliyi, hökumət üzvləri, partiyanın yerli təşkilatlarının rəhbərləri və deputatlar iştirak edir.

Tədbirdə çıxış edən YAP sədrinin müavini-İcra katibi, baş nazirin müavini Əli Əhmədov son illər Azərbaycanın təşəbbüsü ilə keçirilən qlobal enerji, nəqliyyat layihələrinin ölkəyə verdiyi dividendlərdən danışıb.

O qeyd edib ki, bu layihələr xalqın rifahının yaxşılaşmasına xidmət edir.

Bu konfransın əlamətdar bir gündə keçirildiyini deyən Ə.Əhmədov qeyd edib ki, dekabrın 24-də prezident İlham Əliyevin doğum günüdür:

«Mən Azərbaycan xalqı, Yeni Azərbaycan Partiyası adından prezident İlham Əliyevi təbrik edirəm. Prezidentimizə möhkəm can sağlığı arzu edirəm. Azərbaycanda 2018-ci ildə növbəti prezident seçkiləri keçiriləcək. Cəmi 10 aydan sonra. Prezident İlham Əliyevin yüksək nüfuzu, reytinqi, onun həyata keçirdiyi siyasətin insanlar tərəfindən birmənalı şəkildə dəstəklənməsi, Azərbaycanın həyatında baş verən ciddi pozitiv dəyişikliklər, Azərbaycanın dünya miqyasında rolunun artması — bütün bunlar məcmu halında prezidentimizin yüksək seçki şansını təmin edir. Mən inanıram ki, 2018-ci ildə prezident seçkilərindən sonra biz gələn ilin dekabr konfransını prezidentimizin yeni qələbəsinin tarixi sevinci altında keçirəcəyik”.

«Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, müasir nəqliyyat-logistik şəbəkələri və xidmətləri vasitəsi ilə respublikamızın tranzit imkanlarından geniş və səmərəli istifadə edilməsi üçün tədbirlər görülür:

«Milli nəqliyyat sisteminin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyasını təmin etmək üçün dəmir yolu, dəniz, avtomobil, hava, boru kəməri yolları tədqiq edilir. Ölkədə nəqliyyat sektorunda görülən tədbirlər ölkənin tranzit daşımalarında iştirak imkanlarını genişləndirir. Azərbaycan yolayırıcında yerləşən ən mühüm ölkə hesab edilir. Yolayrıcılığının yaratdığı imkanlardan səmərəli istifadəni təmin etməklə tranzit xidmətlərindən əldə edilən vəsaitin büdcənin əsas gəlir mənbəyinə çevrilməsi qarşıya qoyulan əsas məqsədlərdən biridir».

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə isə qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsinin işə salınması üçün 44-45 milyard dollar lazımdır. Onun sözlərinə görə, bu vəsaitin 25 milyard dolları artıq xərclənib:

«Bu layihə üzrə işlərin böyük hissəsi artıq görülüb. 2018-ci ildə TANAP, 2019-cu ildə isə TAP layihəsi hazır olacaq. Azərbaycan bu borular vasitəsi ilə Avropanı qazla təmin edəcək. Hərdən belə fikirlər səsləndirilir ki, bizdə o qədər həcmdə qaz olacaqmı? Biz bu boru xəttini doldura biləcəyikmi? Hər çıxışında prezident İlham Əliyev də təsdiq edir ki, Azərbaycanda təsdiq olunmuş qaz ehtiyatları həcmi 2,6 trilyon kubmetrdir. Təsdiq olunmamış qaz ehtiyatları və perspektivlərlə birlikdə 6 trilyon kubmetr qaz var. Odur ki, bizim bu kəmərləri doldurmağa qazımız olacaq. İran və Rusiyanın da gələcəkdə bu boru kəmərlərinə qoşulması ilə bağlı söhbətlər var. Sözü gedən ölkələr bu layihələrə qoşulmasalar belə, bizim öz qazımız bu kəmərləri doldurmağa çatacaq. Bizim böyük «Şahdəniz» qaz yatağımız var. Bu yataqa 1 trilyon 200 milyard kubmetr qaz, 240 milyon kondensat mövcuddur. Belə bir yataq dünyada açıq dənizdə demək olar ki, yoxdur. Odur ki, bizim «Şahdəniz» yatağımız kifayətdir ki, bu boruları qazla təmin eləsin. Bundan başqa, Azərbaycan öz gücü ilə Abşeronda qaz yataqları kəşf edib. Bu yataqlarda da qazın həcmi az deyil. «Ümid» yatağında 200 milyon kubmetr qaz, 40 milyon ton kondensat var. «Abşeron» yatağında 350 qaz var, 70 milyard kubmetr qaz var. Bizim öz ehtiyatlarımızı da bu rəqəmlərin üzərinə gələndə bizim 100 ilə çatacaq qazımız var”.

Daha sonra tədbir bədii hissəylə davam etdirilib.

Paylaş:
Загрузка...