XƏBƏRLƏR

Kontr-admiral: Xəzər dənizində Azərbaycanın ən güclü hərbi qruplaşması Sərhəd Qoşunlarıdır

Dövlət Sərhəd Xidməti (DSX) Azərbaycanın dəniz sərhədlərinin mühafizəsini ən yüksək səviyyədə təşkil edir və bu sahədə böyük imkanlara malikdir.

Bunu “AzeriDefence”yə açıqlamasında DSX Sahil Mühafizəsinin dəniz təlimlərini və yeni gəmilər inşası ilə bağlı həyata keçirdiyi tədbirləri şərh edən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) ilk komandanı, istefada olan kontr-admiral Rafiq Əsgərov bildirib.

DSX-nin bu sahədə son illər mühüm addımlar atdığını qeyd edən R.Əsgərovun sözlərinə görə, Xidmət Gəmi İnşası və Təmiri Mərkəzini yaradaraq xarici şirkətlə birlikdə iki tip hərbi gəminin inşasını həyata keçirir: “General-polkovnik Elçin Quliyevin Sahil Mühafizəsinə xüsusi diqqət yetirdiyi, bu qurumun inkişafına maksimum səviyyədə çalışdığını müşahidə edirik. Sahil Mühafizəsi öz imkanlarına görə hətta Hərbi Dəniz Qüvvələrini qabaqlayır. Sahil Mühafizəsi Xəzər dənizində neft-qaz infrastrukturlarının mühafizəsi, o cümlədən axtarış-xilasetmə əməliyyatlarında yaxından iştirak edərək təcrübə qazanıb”.

Kontr-admiral hesab edir ki, bu gün Xəzər dənizində Azərbaycanın ən güclü hərbi qruplaşması Sərhəd Qoşunlarıdır. DSX Sahil Mühafizəsi hərbi gəmilərin inşasını vaxtında başlamaqla boşluğu doldurmağa müvəffəq olub.

“Ümummilli lider Heydər Əliyevin göstərişi ilə mən komandan olarkən HDQ-nin balansından Sərhəd Qoşunlarına P-205 layihəli gəmilər verdik. Onlar həmin gəmiləri təmir edərək saz vəziyyətdə saxladılar, istifadə elədilər və iki il əvvəl yenidən HDQ-nin balansına qaytardılar. Sərhədçilər hərbi gəmi inşasına başlamazdan əvvəl “Neftqaz” layihəli gəmiləri hərbiləşdirərək istifadəyə qəbul elədi. Bu gəmilər böyük qabaritə və geniş imkanlara malikdir. Xüsusilə də döyüş texnikalarının daşınması və sahilə desantın çıxarılması baxımından”, – deyə kontr-admiral qeyd edib.

Admiral DSX Sahil Mühafizəsinin gəmi heyətlərinin müqaviə əsasında komplektləşdirilməsinin də xidmətin keyfiyyətinə müsbət təsir göstərdiyini vurğulayıb.

R.Əsgərov hesab edir ki, bu gün Azərbaycanın Xəzər dənizində daha çox korvet sinifli – raket-artilleriya gəmilərinə və tral gəmilərinə ehtiyacı var.

Qeyd edək ki, bu günlərdə Prezident İlham Əliyev DSX Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində “Tufan” layihəli yeni gözətçi gəmisi ilə tanış olub. Prezidentin iştirakı ilə 2014-cü ildə istifadəyə verilən müəssisədə bu günədək 6 ədəd “Şahdağ” (orijinal adı “Shaldag Mk.5”) və 4 ədəd “Tufan” (orijinal adı “Saar 62”/ OPV-62) layihəli gözətçi gəmisi inşa edilib. Müəssiədə yaxın perspektivdə 72 metrlik (800 tondan artıq su basımına malik) gəmilərin inşası nəzərdə tutulur.

Paylaş:
Загрузка...