SİYASƏT

Azərbaycan XİN: “Nalbandyan özünü gülünc vəziyyətinə qoyur”

«Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində sentyabrın 22-də ATƏT-in Minsk qrupunun həmsədrləri, sentyabrın 23-də isə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ilə görüşü nəzərdə tutulub. Ancaq Ermənistan xarici işlər naziri yenə də öz ənənələrinə sadiq qalaraq sözügedən görüşlərdə guya prezidentlərin mümkün görüşü və Minsk qrupunun həmsədrlərinin regiona səfəri kimi yalnız protokol xarakterli məsələlərin müzakirə ediləcəyini iddia edir».

Virtualaz.org bildirir ki, bunları Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri E.Nalbandyanın açıqlamasını şərh edərkən deyib.

Onun sözlərinə görə, E.Nalbandyan bu əsassız iddiası ilə yenə də özünü gülünc vəziyyətinə qoyur və həmsədrləri “ciddi danışıqlar imkanı olmayan” “turist” və ya yalnız “tədbir təşkilatçısı” kimi təqdim etməyə çalışır: «Gərgin iş qrafikində həmsədrlərin ABŞ-a gələrək bu görüşləri təşkil etməkdə məqsədləri protokol və texniki məsələlər deyil. ATƏT-in Minsk qrupunun ABŞ-dan olan sabiq həmsədri Riçard Hoaqland tərəfindən münaqişənin həlli planı və prinsipləri geniş ictimaiyyətə açıqlanıb. İndi Ermənistan Xarici İşlər Nazirliyi E.Nalbandyanın timsalında əlacsız şəkildə bundan qaçmağa çalışır. E.Nalbandyandan fərqli olaraq, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov həmsədrlərlə hazırda danışıqlar masasında olan və artıq hər kəsə bəlli olan təkliflər əsasında ciddi və substantiv danışıqlar aparacaq».

Paylaş:
Загрузка...