SİYASƏT

Azərbaycanla Rusiya arasında “Zuyev qalmaqalı”: “Bəlkə də əclafın biridir…” — Keçmiş səfir

Azərbayan Rusiyanın Bakıya göndərmək istədiyi yeni səfirin namizədliyini qəbul etmir.

Yenicag.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə Komitəsi Georgi Zuyevin Azərbaycana yeni səfir təyinatını bəyənib.

Məlumata görə, təcrübəli diplomat kimi dəyərləndirilən Zuyev hazırda Rusiya Xarici İşlər Nazirliyi Kadrlar Departamenti direktorunun müavini vəzifəsini tutur.

Bununla belə, Zuyevin Bakıya yollanaraq, artıq postundan geri çağırılmış sabiq səfir Vladimir Doroxinin yerinə yeni vəzifəsinin icrasına başlaması deyəsən, çox çətin, hətta mümkünsüz olacaq.

Rusiya XİN-dəki mənbələrin bildirdiyinə görə, Azərbaycan ermənipərəst mövqedə olduğu deyilən Zuyevin namizədliyini qəbul etməyib.

Azərbaycan-Rusiya münasibətlərinin indiki durumunda Bakının Moskvanın yeni səfir təyinatına birmənalı və qəti etirazı artıq iki ölkə arasında diplomatik qalmaqalın yetişməsi kimi qiymətləndirilir.

Bu barədə Yenicag.az-a danışan Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadənin sözlərinə görə, Bakı bu mövqeyində sona qədər qətiyyətlə dayansa, Zuyevin səfir təyinatı gerçəkləşməyəcək:

hikmet“Diplomatik praktika belədir ki, konkret ölkə səfir təyin edir və həmin diplomatın işləyəcəyi ölkə bu təyinata münasibətini bildirir. Ancaq hansısa səfirin təyinatının qəbul edilməməsi diplomatiyada nadir hallardan sayılır.

Hər halda, səfir təyinatı ilə razılaşmamağı ciddi arqumentlərlə əsaslandırmaq tələb olunur. Yəni yeni təyin olunan səfirin antiAzərbaycan mövqedə olduğunu belə deyək, isbatlamaq lazımdır.

Ancaq Azərbaycan bu diplomatın təyinatı ilə razılaşmırsa, o zaman Bakının mövqeyi mütləq nəzərə alınmalıdır. Yəni Azərbaycan Zuyevi səfir kimi görmək istəmirsə, o, burada işləyə bilməz.

Açığı, Zuyevin fəaliyyəti haqqında elə bir məlumatım yoxdur, bəlkə də əclafın biridir (Hikmət bəyin ifadəsini xeyli yumşaldırıq – m.) Lakin Azərbaycanın Rusiyanın yeni səfir təyinatına etirazı məni də təəccübləndirdi. Deyim ki, Azərbaycanın bu etirazı artəq diplomatik qalmaqala bənzəyir.

Belə görünür ki, Rusiya Azərbayana göndərmək üçün yeni səfir seçməli olacaq. Ancaq Zuyev də yəqin açıqlamalar verəcək ki, yox, mən ermənipərəst deyiləm, Azərbaycanı sevirəm və sair. Azərbaycan bu mövqeyində möhkəm dayansa, Zuyev Bakıya gələ bilməyəcək. Görək də, necə olur…”.

Paylaş:
Загрузка...