SİYASƏT

DSX-nin yeni silah və texnikaları təqdim edildi: “Spear”, “Harop”, LAHAT, “Zərbə”

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) inventarında yer alan bəzi silah sistemləri nümayiş olunub.

“AzeriDefence”nin məlumatına görə, prezident İlham Əliyevin iştirakı ilə DSX-də keçirilən tədbirdə Sərhəd Qoşunlarının silahlanmasındakı bir sıra silah sistemləri, optik cihazlar, sərhəd müşahidə avadanlıqları sərgilənib.

Dövlət televiziyasında nümayiş olunan videokadrlardan göründüyü qədər DSX bir çox ölkələrin ordularının yalnız “arzu etdiyi” müasir silah sistemlərinə malikdir. Hansı ki bu silah sistemlərinin əksəriyyəti regionda yalnız Azərbaycandadır.

Videoda göründüyü qədər DSX-nin silahlanmasında “Elbit Systems” şirkətinin istehsalı olan 120 mm-lik “Spear” avtomatik minaatan kompleksi BTR-70 şassisi üzərində yerləşdirilib. Minaatan özünü avtomatik doldurma və verilən koordinatlar üzrə hədəflərə avtomatik şəkildə yönəlmə prinsipinə malikdir. BTR-70 transportyorları öz növbəsində DSX-nin təmir mərkəzində modernləşdirilib. Mühərrik və idarəetmə qurğuları yenilənən maşın BTR-70S indeksi alıb.

Digər yenilik isə 4×4 təkər formuluna malik “Cobra” zirehli maşınına qurulan yeni döyüş moduldur. Döyüş modulu 1 ədəd 12.7 mm çaplı NSVT pulemyotu, AQS-30 avtomatik qumbaraatan və 2 ədəd LAHAT lazer başlıqlı tank əleyhinə raketlə silahlandırılıb. Modulun üzərində hər cür hava şəraitində izləmə imkanı verən elektro-optik sistem, lazer məsafəölçən və lazer işarələyici yer alır. LAHAT raketlərinin atış uzaqlığı yerüstü platformalardan atıldıqda 8 km, helikopterdən atıldıqda 13 km-dir.

LAHAT raketi, 12.7 mm NSVT pulemyotu və AQS-30 ilə silahlandırılmış döyüş modulu

DSX Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) istehsal etdiyi “Zərbə K1” kamikadze PUA-nın (gəzən sursat) ilk istifadəçisi olaraq adıçəkilən PUA-nı arsenalında nümayiş etdirib. “Zərbə” PUA gecə və gündüz, istənilən hava şəraitində sərbəst şəkildə düşməni izləmək və ona zərbə endirmək imkanına malikdir. Həmçinin partladıcı gücə malik yeni aparat qəlpəli fuqaslı piyada əleyhinə, müxtəlif texnikaya və canlı qüvvəyə qarşı effektivdir.

MSN və İsrailin Aeronautisc şirkətinin birgə istehsalı olan ZƏRBƏ kamikadze PUA

Digər diqqət çəkən yeni texnologiya isə İsrailin IAI (Israel Aerospace Industries) şirkətinin istehsalı olan “Harop” gəzən sursatıdır. DSX rəhbərliyi tərəfindən prezident İlham Əliyevə “Harop” və 2016-cı ilin aprel döyüşlərində onun tətbiqini əks etdirən videogörüntü təqdim olunub.

Sərgidə DSX-nin silahlanmasına daxil olan müxtəlif model snayper tüfəngləri, optik nişangahlar, yerüstü müşahidə radarı da yer alıb.

 

Paylaş:
Загрузка...