SİYASƏT

Ermənilər cəbhədəki kamera və optik qurğuları bu cihazla sıradan çıxarırlar – FOTO/ TTX

Ermənistanın cəbhə xəttində Azərbaycanın istifadə etdiyi videomüşahidə kameralarını sıradan çıxardığı cihaz xəbər verdiyimiz kimi ötən həftə Moskvada “Ordu-2017” beynəlxalq forumunda nümayiş olunub.

“AzeriDefence”nin məlumatına görə, Ermənistan Hərbi Sənaye Komitəsinin stendində təqdim olunan 3K01M optik-elektron sistemin rəqibin 2.5 kilometr uzaqlıqda yerləşən optik və optik-elektron sistemlərini aşkar etdiyi bildirilib.

İstehsalçı müəssisənin mütəxəssislərinin sözlərinə görə, qurğu 1.5 km-ə qədər məsafədən güclü lazer şüası ilə rəqibin texnikası ciddi şəkildə zədələnə bilir. Xüsusilə də cihaz müşahidə kameralarını bir neşə saniyə ərzində sıradan çıxarır. 3K01M optik-elektron sistemi snayperlər üçün də xüsusi təhlükə hesab olunur. Nişan alarkən lazer şüası snayperin gözünə toxunarsa, ciddi xəsarət yetirə, həətta snayperin göz bəbəyini yandıraraq kor edə bilər.

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının nümayəndəsi podpolkovnik Aram Sayadyan bildirib ki, 3K01M cihazının əsas üstünlüyü canlı qüvvəni və optik kəşfiyyat avadanlıqlarını kor edə bilməsidir.

“Bu cihazın üstünlüyü gizli snayperləri aşkarlamağa imkan verməsidir. Snayperin yerini aşkarlamaqla yanaşı güclü lazer şüasından istifadə edərək onun optikasını sıradan çıxarır. Lazer şüası eyni zamanda rəqibin görmə qabiliyyətini zədələyir. Kompleks iki cihazdan ibarətdir”, – deyə Sayadyan əlavə edib.

Qeyd edək ki, 3K01M lazer cihazı “LT-Pyrkal” erməni-rus birgə müəssisəsi hazırlayıb.

Xatırladaq ki, “Azeri Defence” saytı bu ilin yanvar ayında ermənilərin cəbhədə lazer vasitəsi ilə müşahidə kameralarını sıradan çıxardığını yazmışdı.

Paylaş:
Загрузка...