SİYASƏT

İsgəndər Həmidov: “Surət deyir ki, bizlər ”vətən xaini» olmuşuq, ən böyük xain onun özüdür»

“Ağdərə-Kəlbəcər yolu açılanda o, tankları və qoşunları geri çəkdi, guya tankları Gəncəyə təmirə aparırdı”

Türkiyədə biznes həyatı ilə məşğul olan sabiq baş nazir Surət Hüseynovun son günlərdə peyda olması və mətbuata verdiyi müsahibə ciddi müzakirələrə səbəb olub. Uzun illərdir yoxa çıxan və jurnalistlərin israrına rəğmən daim susan S.Hüseynovun qəfildən “dirilməsini” kimsə təsadüfi hesab etmir. O, müsahibəsində daha çox AXC-Müsavat hökumətinin ünvanına ittihamlar səsləndirsə də, ümumilikdə başlanan prosesin mahiyyətinin fərqli olduğu şübhəsizdir.

Həmçinin Surət Hüseynovun ardından Rusiyanın adamı kimi tanınan eks-prezident Ayaz Mütəllibovun da onu dəstəkləyən açıqlamalar verməsi şübhələri daha da artırıb və müəyyən qədər aydın təsəvvürlər yaratmağa başlayıb. Söhbət ondan gedir ki, regiondakı indiki mürəkkəb şəraitdə və xüsusilə 2018-ci ilin prezident seçkilərinə təxminən 1 il qalmış Rusiyanın əlaltıları kimi xarakterizə olunan şəxslərin fəallaşması müəyyən mətləblərdən xəbər verir. Maraqlıdır, Rusiya bu dəfə “5-ci kolon”unu bu tip adamlar üzərindən körükləyir? Və bir faktı da qeyd edək ki, 2013-cü ilin prezident seçkiləri ərəfəsində Rusiyanın projesi olan Milli Şura ərsəyə gəlmişdi. Diqqətçəkən məqamlardan biri də odur ki, Surət Hüseynovun açıqlamalarına Milli Şura reaksiya vermir, baxmayaraq ki, bu qurumun rəhbərləri vaxtilə AXC hökumətində olmuş adamlardır.

Cəhdlərimizə baxmayaraq, MŞ üzvlərini bu məsələ ilə bağlı biz də heç cür danışdıra bilmədik…

AXC-Müsavat hökumətinin daxili işlər naziri olmuş İsgəndər Həmidov isə “Yeni Müsavat”a sabiq baş nazirin dedikləri ilə bağlı sərt danışdı: “Surət Hüseynovun son zamanlar aktivləşməsi təsadüfi deyil. O pulu ilə heç bir torpaq almayıb, bir santimetr belə torpaq azad etməyib. Surət Hüseynov yaxşı xatırlayar, Ağdərə-Kəlbəcər yolu açılanda o, tankları və qoşunları geri çəkmişdi. Guya tankları Gəncəyə təmirə aparırdı. Rəhmətlik qardaşım Sərdar Həmidov orada Surət və Rəhim Qazıyevin əsgərlərini qovdu. Surət Hüseynovun heç bir əməyi olmayıb. O, hansı torpaqları azad edib, biz hansı torpaqları ermənilərə vermişik, bilmirik. Ona xatırlatmaq lazımdır ki, tarixə baxsın, torpaqların hansı dövrdə getdiyini görsün. O zaman görəcək ki, baş nazir kimi o torpaqların itirilməsində hansı məsuliyyəti var. Qarət adı ilə insanlarda xof yaradıb, o rayonları boşaltdılar, sonra da həmin rayonları qarət etdilər. İnsanlar elə yalan danışırlar ki, adam məəttəl qalır. Şerbakın diviziyası çıxarılanda Surətə o pulu İsa Qəmbər, Əli Kərimli və digərlərinin əli ilə dövlət, yəni onun bəyənmədiyi hakimiyyət verdi. Surət Hüseynov bəyənmədiyi hökumətin dövründə ən yüksək postları tutdu. O deyir ki, bizlər ”vətən xaini» olmuşuq, ən böyük xain onun özüdür. Onun atası rəhmətə gedib, Allah rəhmət eləsin. Mənim ölü ilə işim yoxdur, diri ilə işim var. İndi o, Türkiyədə biznes qurub, iş adamıdır. Amma unutmasın ki, AXC-Müsavat hökumətini quranlar bu gün acından ölürlər. Güclə özlərini dolandırırlar. Nə yaxşı ki, yaxşı insanlar var, hərdən yardım edirlər. 2018-ci ildə prezident seçkiləridir, düşünürəm ki, Surəti də müəyyən qüvvələr ortalığa yenidən salıblar».

İ.Həmidov sabiq baş nazirin təhqirlərinə də cavab verdi: “Onu türmədə bir az ”müalicə etdilər». O zaman onun başı bir az getmişdi. İndi də hava istidir, qızmar günəşdən yenə də başında tərpənmə olub. Ona görə danışığını bilmir. Ümumiyyətlə, ölü-dirisinə qiymət verən şəxs təhqirlə danışmaz. Onun ata-anası rəhmətə gedib, onlara rəhmət diləyirəm. Amma gərək o da kiminsə ölüsünü təhqir etməsin, gün gələr cavabı qayıdar. Surət təhqirlə danışmaqla özünü qəhrəman kimi qələmə vermək istəyir ki, yəni onları mən təhqir də edə bilərəm. Qorxusundan dabanına tüpürüb Türkiyəyə gedən və orada yaşayan şəxs indi bizləri tənqid, təhdid edir. Yaxşı baxsın, o zaman ittiham etdiyi hökumətin vaxtında heç bir torpağın getmədiyini görəcək. Dövlət çevrilişindən sonra onun sayəsində beş rayon dalbadal getdi. Ruslarla əlaqəyə girib min oyundan çıxdı. Ayaz Mütəllibovun da mətbuata müsahibəsində onu dəstəklədiyi təsadüfi deyil. Bu, zərrə qədər məni təəccübləndirmədi. Azərbaycanda hər kəsə məlumdur ki, Ayaz Mütəllibov Rusiyanın projesi idi. Bunların hamısı Rusiyadan gələn komandadır. Ayaz Mütəllibov heç olmasa Xocalı hadisələrini yada salıb xəcalət çəksin. Bu yaşda saç-saqqalı ağarmış adam bu qədər yalanı necə danışır, bilmirəm. Rusiyanın vasitəsilə bu tipli şəxslər ortaya atılıb. Çünki bizlərin gələnilki seçkilərdə namizədimizin olacağını və onu dəstəkləyəcəyimizi yaxşı bilirlər. Ona görə də bu cür kampaniyaya keçiblər. Rəhmətlik Əbülfəz Elçibəyin vaxtında Ayaz Mütəllibovun ailəsinə hər cür qayğı göstərilib. Amma bunlar bizi hədəfə alırlar. Baş nazir, korpus komandiri olmuş şəxs kimlərisə ittiham edir ki, vətən xainidirlər. Hərbiçi kimi torpaqları sən vermisən. Ağdam məcburi köçkünlərini danışdırın, görəcəksiniz ki, hər biri deyəcək ki, Surət Hüseynov və onun gədələri torpaqları verdilər. O vaxt Tərtərdə ona görə uğur qazandıq ki, qardaşım Sərdar Surət Hüseynovun dəstəsini oradan qovub çıxardı. O şəxslərə deyirəm ki, azacıq xəcalət çəkib utanın. Bu millətin qarşısındakı günahlarını etiraf etmək əvəzinə bunu kiminsə üzərinə yıxırlar. Ağdam, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzulunun işğalında Surət Hüseynov baş nazir idi. Alan idisə, o işğalların qarşısını alardı də. Onu dövlət heç vaxt “vətən xaini” elan etməyib. Düzdür, AXC-nin İcraiyyə Komitəsi onu “vətən xaini” elan edib. Sonradan da ona “vətən xaini” maddəsini bizdən sonrakı hakimiyyətin dövründə məhkəmə verdi».

Paylaş:
Загрузка...