SİYASƏT

Mahmud Məmmədquliyev: “Azərbaycanın Avropa Şurasından çıxması düzgün ideya deyil”

“Düşünmürəm ki, Azərbaycanın Avropa Şurasından çıxması düzgün ideyadır. İkili standartlara və Azərbaycana qarşı ədalətsiz münasibətə baxmayaraq, güman edirəm ki, biz bu təşkilatda qalmalıyıq və öz mövqeyimizi müdafiə etməliyik”.

Bunu virtualaz.org-a eksklüziv şərhində Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Qeyd edək ki, M.Məmmədquliyev Avropa İttifaqı ilə danışıqlara cavabdehdir.

Mahmud Məmmədquliyev qeyd edib ki, hələ Azərbaycan Avropa Şurasına daxil olmazdan əvvəl o, uzun illər ərzində bu strukturda Azərbaycanın nümayəndə heyətinə başçılıq edib.

“Mərhum Heydər Əliyev Avropa Şurası ilə münasibətlərə böyük önəm verirdi. Məhz onun tapşırığı ilə biz bu təşkilata üzv olmaq üçün uzun müddət danışıqlar aparmışdıq. Düşünmürəm ki, bir neçə anti-Azərbaycan elementinə görə mövqelərimizdən geri çəkilməliyik. O ki qaldı Yaqlanda, o, vur-tut baş katibdir və əsla bütün təşkilat demək deyil. Bu gün var, sabah yoxdur. Amma Avropa Şurasında Azərbaycanın gözəl münasibətlər qurduğu 47 ölkə var”, — nazir müavini bildirib.

Onun sözlərinə görə, Azərbaycan Avropa Şurasında başqa ölkələrin malik olduğu eyni hüquqlara malikdir.

“Biz bu təşkilata könüllü və şüurlu şəkildə daxil olmuşuq. Mövqeyim belədir ki, orada qalmalı və mövqelərimizi müdafiə etməliyik. Azərbaycanın Avropa Şurasındakı fəaliyyətinə heç kim mane ola bilməz”, — o deyib.

Paylaş:
Загрузка...