CƏMİYYƏT

“Əkiz uşağımız olacaqdı, dərman verib öldürdülər” – Dəhşətli qətlin təfərrüatları

Bakıda sevdiyi qadını öldürən, iki nəfəri də yaralayan şəxsin məhkəməsi davam etdirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində evə basqın edərək bir nəfəri qətlə yetirib, 2 nəfərə isə xəsarət yetirməkdə təqsirləndirilən Sənan Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. İşə hakim Eldar İsmayılovun sədrliyi ilə baxılır.

Sonuncu məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, S.Məmmədov bu il iyunun 23-də gecə saatlarında Yasamal rayonu, İbrahim Əbilov 60 ünvanına (keçmiş “Sovetski”) gəlib. S.Məmmədov 1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızı və oğlu 1991-ci il təvəllüdlü Həsənov Laçın Gülbala oğlu öz evlərində bıçaqlayıb, 1989-cu il təvəllüdlü Əliyeva Mahirə Tofiq qızını isə qətlə yetirib. S.Məmmədovun qətlə yetirdiyi qadınla bir müddət əvvəl tanış olub və birgə yaşamağa başlayıb.

Hadisəni törədən 1991-ci il təvəllüdlü Sənan Məmmədov könüllü olaraq polisə gedib. S.Məmmədovun qeyd edilən hadisəni törətməsi barədə ittihamda yazılır ki, o, birlikdə yaşadığı Mahirə Əliyevaya verdiyi pulu geri ala bilməyib. Bu səbəbdən də aralarında mübahisə yaranıb.

Belə ki, S.Məmmədov vəfat edən anasının məzarına baş daşı almaq üçün evə 415 manat pul qoyub.

İttihamda yazılır ki, Mahirə Əliyeva işə gedən S.Məmmədova zəng edərək pulun oğurlandığını deyib. M.Əliyeva pulu qonşusu Laçın Həsənovun götürdüyünü deyib. S.Məmmədov əvvəlcə birlikdə yaşadığı qadınla, sonra isə qonşusu Laçınla mübahisə edib. Bir neçə gün sonra isə bu qanlı hadisə baş verib.

Amma S.Məmmədov məhkəmədə fərqli ifadə verib. O, Mahirə Əliyevanı pul üstündə yox, namus üstündə öldürdüyünü söyləyib.

O deyib ki, qonşusu Mətanət Həsənova onun arvadını yoldan çıxarıb.

S.Məmmədov ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilib və deyib ki, Mahirə Əliyevanı vurub, amma digər iki şəxsi öldürmək niyyəti olmayıb.

“Əvvəlcə onu deyim ki, Mahirə mənim sevgilim yox, həyat yoldaşım olub. İttihamda səhv yazılıb. Biz onunla evlənəcəkdik. Amma sənədlərimizdə problem olduğu üçün bir az gecikdi. Hadisədən 10 ay əvvəl Mahirə ilə tanış olmuşdum. Dostum mənə demişdi ki, qonşularında yetim bir qız var. Mənim özüm də yetiməm. Mahirə ilə görüşüb, tanış olduq. Axşam mənim qaldığım evə gətirdim. Ev sahibinə dedim ki, mənimlə yaşayacaq. O, məndən nikah şəhadətnaməsi istədi. Dedim ki, sənədləri yaxın günlərdə hazırlayıb, rəsmi nikaha girəcəyik. Ev sahibi dedi ki, onda qonşulara deyək ki, siz evlənəcəksiniz. Elə də oldu və biz yaşamağa başladıq. Ər-arvad münasibətlərimiz olub. Son bir neçə gündə aramızda soyuqluq yarandı. Səbəb isə qonşumuz Mətanət idi”- deyə S.Məmmədov sərbəst ifadəsində söyləyib.

O qeyd edib ki, mərhum Mahirə ona qonşusunun yaxşı qadın olmadığını deyirmiş: “Mahirə deyirdi ki, Mətanət Türkiyəyə gedib-gəlir. Pis işlərlə məşğul olur. Mən də onunla danışmamasını, görüşməməsini tapşırdım. Hətta bir dəfə də onunla görüşdüyü üçün Mahirəyə iki sillə vurdum. Mahirəni Mətanət yoldan çıxarıb”.

S.Məmmədov hadisəni namus üstündə törətdiyini bildirib və ifadəsinə bunları əlavə edib: “Dəqiq bilirəm ki, Mətanət Mahirəni yoldan çıxarırdı. Mətanətin oğlu Laçın mənə deyirdi ki, Mahirənin “başını tutacağıq”. Mənə bir dəfə də dedi ki, Mahirə əxlaqsızdır. Mən də söylədim ki, sənin ananla oturub-durur, yəqin ki, sənin anan, bacın da əxlaqsızdır. Onlar Mahirəni qaçırmışdılar. Yalandan deyirdilər ki, guya onu rayona toya aparıblar. Amma belə hadisə olmayıb. Dedim ki, əgər olubsa, toy görüntülərini versinlər. Yalan idi, Mahirəni hansı məqsədlə saxladıqlarını, hara apardıqlarını bilirdim. Həmin gün də Mahirəni onların evində görəndə vurdum”.

S.Məmmədov bildirib ki, Mahirə Əliyeva ilə aralarında baş verənlərin səbəbi pul olmayıb: “İttihamda yazılıb ki, guya mən Mahirədən 415 manatı istəmişəm. Amma elə olmayıb. Düzdür, mən evə 415 manat qoymuşdum ki, anamın başdaşını alaram. Mahirə mənə dedi ki, pulu evdən Laçın götürüb və özünə narkotik alıb. Mahirə onlara gedəndə açarı stolun üstünə qoyub. Laçın da oradan götürüb. Mən buna görə Laçınla mübahisə elədim, onun qardaşı məni hədələdi. Mən polisə məlumat verdim ki, onlar Mahirəni qaçırıblar. Polisə gedəndə yalandan dedilər ki, guya mən narkomanam. Tələb elədim ki, məndən analiz götürsünlər. Mən heç vaxt narkotik istifadəçisi olmamışam. Sonra polisdən məcbur elədilər ki, mən yaşadığım evdən çıxım. Bundan sonra başqa evə köçdüm”.

Təqsilrəndirilən şəxs qonşusu, bıçaqladığı Mətanət Həsənova barəsində başqa ittihamlar da səsləndirib.

O, iddia edib ki, qonşusu onun doğulmamış uşaqlarının ölümünə də səbəb olub: “Mahirə hamilə idi. Əkiz uşaqlarımız olacaqdı. Mətanət Mahirəyə dərman verib ki, guya baş ağrısı üçündür. Bununla da uşaqlarımız tələf oldu”.

S.Məmmədov suallara cavabında bildirib ki, qətli namus üstündə törədib və əməlindən peşman deyil: “Burada söhbət mənim namusumdursa, peşman deyiləm. Hamısını edən Mətanət Həsənova və ailəsi oldu. Onlar Mahirəni yoldan çıxardılar”.

Təqsirləndirilən şəxs hadisə günü baş verənləri də danışıb: “Mənim kirayədə yaşadığım evdə paltarlarım qalmışdı. Həmin gün də xalam oğlu zəng elədi ki, görüşək. Xalam oğlu və iş yoldaşımla şəhərə çıxdıq. Onlardan xahiş elədim ki, mənim əşyalarımı gətirməyə kömək eləsinlər. Mən evə çatanda dedim ki, aşağıda gözləsinlər. Evə qalxıb qapını döydüm. Amma keçmiş ev sahibəm qapını açmadı. Qayıdanda gördüm ki, kimsə məni görüb qaçdı. Sonra bir də qapını açdı. Bu zaman gördüm ki, Mahirədir. Mətanətgilin evində olmasını görüb əsəbiləşdim. Çünki mən Mahirənin ata evinə getdiyini bilirdim. Mahirəni görən kimi, cibimdən bıçağı çıxarıb onu vurdum. Mətanət də gəldi. Qolumu tutub, məni dişləyəndə onu da vurdum. Laçın arxadan gəlib məni tutdu. Böyük güldanı başıma vuracaqdı. Mən də onun kürəyindən vurdum. Sonra evdən qaçdım. Polisə də könüllü təslim oldum”.

S.Məmmədov deyib ki, onunla birlikfə gələn qohumu və iş yoldaşının hadisədən xəbəri olmayıb. Və üzərində bıçaq götürməsinin səbəbi isə keçmiş qonşularının onu hədələməsi olub.

Hakim S.Məmmədova sual verərək istintaqda fərqli ifadələr verməsinin, içkili olduğunu deməsinin, Mahirəni pul üstündə öldürdüyünü söyləməsinin səbəblərini soruşub.

S.Məmmədov təhslinin olmadığını, oxuya və yaza bilmədiyini deyib. O, fərdi şəkildə ustalıqla məşğul olduğunu söyləyib.

Məhkəmədə mərhumun hüquqi varisi kimi Tofiq Əliyev ifadə verib. T.Əliyev mərhumun atası olduğunu deyib.

T.Əliyev bildirib ki, 4 qız atasıdır və M.Əliyeva onun kiçik qızıdır. Zərərçəkmiş ata deyib ki, qızı daha əvvəl də evdən qaçıbmış: “Mahirə bir nəfərlə qaçmışdı. Həmin adamın narkoman olduğunu bildim. Elə həmin gecə qızımı evə qaytardım. Bir neçə ay evdə qaldı. Sonra Bakıya qohumun evinə gəldi. Öyrəndim ki, burda da qaçıb. Onların münasibətlərinin ciddi olduğunu və evlənmək istədiklərini öyrəndim. Bizə gələcəklərini söylədilər. Mən də razılşadım”.

T.Əliyev deyib ki, qızı ilə S.Məmmədov arasında problemlərin olmasından xəbərsiz olub. O, təqsirləndirilən şəxsin yalan danışmamasını istəyib.

Xatırladaq ki, S.Məmmədov istintaqa ifadəsində M.Əliyevanın evdən pulu götürdüyünü və geri istəyəndə isə anasının qəbrini söydüyünü deyib. S.Məmmədov bundan əsəbiləşərək M.Əliyevanı öldürdüyünü bildirib.

Qeyd edək ki, S.Məmmədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29.120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29.120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 157.2-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mənzil toxunulmazlığını pozma) və 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) maddələri ilə ittiham edilir.

Paylaş:
Загрузка...