CƏMİYYƏT

Əlillərlə bağlı yeni qanunda nələr var?

Hadı Rəcəblinin təqdim etdiyi layihə Milli Məclisdə birinci oxunuşdan keçdi

Fazil Mustafa: “Əlillərin metrolardan istifadə etməsi ciddi problemə çevrilib”

Milli Məcisdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

Bizimyol.info xəbər verir ki, layihəni parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli təqdim edib.

Layihədə Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı xüsusi dövlət proqramı hazırlanması nəzərdə tutulub. Layihədə bildirilir ki, əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedoqoji reabilitasiyası və sosial bacarıqların inkişafı məqsədi ilə Fərdi Reabilitasiya Proqramı (FRP) tərtib olunur. FRP-nın hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Proqramda uşaqların erkən, habelə sonrakı yaş həddində sosial psixoloji qiymətləndirilməsinin aparılması, inkişaf xüsusiyyətlərini aşkarlamaqla, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara və onların qanuni nümayəndələrinə zəruri məsləhətlərin verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının işində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların qanuni nümayəndəsinin iştirakı təmin edilir. Dövlət müəssisələri, idarələri və təşkilatları FRP-nın icrasını təmin etməlidir.

Bundan başqa, Azərbaycanda inklüziv təhsil (əlilliyi olan şəxslərin təhsil müəssisələrində digər şəxslərlə birgə təhsili) sistemi də qanunla təsbit olunur. Yeni hazırlanmış “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin 1-ci maddəsində inklüziv təhsil əsas anlayış kimi verilib. Qanun layihəsinin 20-ci maddəsində isə bildirilir ki, əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığı xüsusi və ya inklüziv təhsil formasında, xüsusi təhsil proqramları və fərdi təhsil planı əsasında həyata keçirilir. Eyni zamanda, qanun layihəsinin 22-ci (Əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi) maddəsində qeyd olunur ki, əlilliyi olan şəxsləri işlə təmin etmək üçün müəssisə, idarə və təşkilatlarda kvota müəyyən edilir. Kvota müəyyən edilmiş iş yerlərinə əlilliyi olan şəxslər müvafiq icra hakimiyyəti orqanının göstərişi ilə işə qəbul edilirlər. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilliyi olan şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər qanunla müəyyən edilmiş məsuliyyət daşıyır. Yeni qanun layihəsinə görə, Azərbaycanda bütün tikililərə (yaşayış və qeyri yaşayış) əlillərlə bağlı əlavə dizayn da veriləcək. Qanun layihəsində “universal dizayn” kimi təsbit olunan anlayışla ifadə olunur ki, yaşayış binalarında, ofis və iaşə obyektlərində əlillərin yaşayış və hərəkəti üçün icbari xüsusi dizayn verilməlidir.

Hadı Rəcəbli bildirib ki, Azərbaycanda 620 min əlilliyi olan şəxslər var ki, bu da ölkə əhalisinin 6 faizi civarındadır. Onun sözlərinə görə dünyada bu rəqəm 10-12 faizdir. Komitə sədri faiz göstəricisinin az olmasını bu sahədə ardıcıl işlərin görülməsi ilə bağlı olduğunu deyib: “Son illər əhalinin sayı 1,5 milyon nəfər artsa da, bu qrup insanların sayında artım yoxdur. Buna səbəb reabilitasiya mərkəzlərinin inkişaf etdirilməsidir”.

Müzakirələr zamanı deputat Fazil Mustafa deyib ki, bu qanun layihəsi son dərəcə vacibdir. “Hadi müəllim əlilliyinin sayının azalmasında ölkədə aparılan profilaktik tədbirləri göstərdi. Lakin hesab edirəm ki, bu 2 il əvvəl Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindəki dəyişikliklərlə bağlıdır. Nazirlikdə iki il əvvəl edilən dəyişikdən sonra, onlar da əvvəllər əlilliyin sayının artmasının qarşısını almaq üçün bürokratik əngəllərdən istifadə edildiyini etiraf etdilər”-deyə o bildirib. “Bizdə artımın olmaması əlillərin hüquqlarının tanınmaması ilə əlaqələndirildi. Son iki ildə tibbi komissiyada bu məsələ həllini tapdı”.

Deputat uşaq əlillərin bütün müəssisələrdə müalicəsinin pulsuz olması maddəsi əlavə edilməli olduğunu qeyd edib. “Bununla yanaşı ölkəmizdə ictimai nəqliyyat, təhsil məsələsində də əlillərin problemləri həll edilməlidir. Bəzi ictimai nəqliyyat növlərinin ləğv edilməsi əlillərin işini çətinləşdirib. Bakıda metro tikintisi ləng gedir, bu həm də dövlər büdcəsindən bu sahəyə ayrılan vəsaitin azalması ilə də bağlıdır. Millət vəkili olduğum Sabunçu rayonu Bakıxanov qəsəbəsində uzun illərdir metro tikintisi gündəmdə olsa da, hələ də bu məsələ yarımçıq qalır. Metro tikintisi hələ bir neçə il gecikəcək ki, bu da əlillərin işini çətinləşdirir. Əlillərin metroya daxil olması bu gün ciddi problemdir. Bəzi keçidlərdə bir neçə qatlı pilləkənlərdir, yolun ortasında isə betonlar yerləşdirilib. Əlillər haradan keçməlidir? Eşitmə qabiliyyətində çətinlik yaşayan əlillər üçün dövlət büdcəsindən maliyyələşən surdotərcüməçilər olmalıdır”.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Paylaş:
Загрузка...