CƏMİYYƏT

24 yaşında 4 şirkət yaradan Azərbaycanlı gənc

24 yaşı olmasına baxmayaraq, artıq özündən yaşca böyük və kiçik 3500  tələbəsini biznes həyatına hazırlayıb. Həyatda bir şüarı var: “əgər çalışaraq istədiyimi əldə edə bilərəmsə, niyə də etməyim?” Onun fikrincə, bütün məqsədlərə getmək üçün maneələr var. Maneələr varsa, yolu dəyişmək lazımdır, amma məqsəddən dönmək olmaz. Əgər insan sona kimi getməyi bacarırsa, o, uğur qazanacaq. Çünki sona kimi gedənlər daim qalibdir. Əsl mübarizə yıxılandan sonra qalxana kimidir. Qalxa bildinsə, sən uğurlusan…

öz biznesini quranlar

Müsahibimiz biznes məsləhətçi, “Young Business Factory”, “Oley.az”, “Georgia Sweet House”, “Cool Business” şirkətlərinin yaradıcısı Rasim Adjalovdur. 2013-2014-cü illərdə İqtisadi İnkişaf Nazirliyinin dövlət tədbirlərində konsultant olaraq çalışıb. Həmçinin Almaniya, Türkiyə, Danimarka, Litva, Macarıstan, Gürcüstan, Latviya, Hollandiya kimi ölkələrdə biznes konsultant kimi təlimlər verib.
Rasim universitet təhsilini dondurub iş fəaliyyətinə başlayıb. Deyir ki, təhsilini dondurmaqda əsas məqsədi gənclərə universitet diplomu olmasa belə, iş qurmağın mümkünlüyünü sübut etmək idi: “Mənə görə, univeristetə daxil olmaq bir vasitədirsə, təhsil almaq məqsəddir. Hədəf isə həmin təhsili səmərəli istifadə etməkdir. Mən Xəzər Universitetində diplom olmadan belə iş qura bilməyin mümkünlüyünü sübut etmək üçün 3-cü kursda təhsilimi dondurdum. 1 illik fəaliyyətim ərzində 4 şirkət qurdum. Özəl şirkətlərdə təlimlər keçməyə başladım. Gənclərə sübut etmək istədim ki, insanın hədəfi olarsa, universiteti bitirmədən belə, onu həyata keçirə bilər. Önəmli olan aktivlik, sənin bacarığın və aldığın təhsildən səmərəli istifadə etməkdir. 1 il sonra universitetə qayıdıb təhsilimi davam etdirdim”.

– “Young Business Factory” və “Oley.az” gənclərə nə verir?

– “Young Business Factory”-ni 2013-cü ildə İstanbulda təsis etdik. Şirkətin hazırda dünyada 160-dan çox partnyoru var. Bir gəncə karyerasında nə lazımdısa, onu bizim şirkətdən ala bilər. Biz tələbəyə sıfırdan şirkətdə necə işə düzəlməyin, operator vəzifəsindən başlayıb rəhbər vəzifəyə kimi qalxmağın yollarını öyrədirik. Yetişdirdiyimiz gənclərin əksəriyyətini məşhur şirkətlərə işə göndəririk. Hətta xarici ölkələrə göndərdiyimiz məzunlarımız olub. Bütün biznes və karyera proqramlarımıza gəncləri müsahibələr əsasında seçirik.

Maraqlı ola bilər: Biznes ideyası olan tələbə nə etməlidir?

Bizə müraciət edən tələbələr hədəfli olmalıdır ki, biz onları hədəflərinə çatdıraq. Yaş həddi qoymamışıq. Məqsədimiz biznes sahəsində sıfırdan işçi hazırlamaqdır. Təlimlərimizdə iştirak edən işçiləri şirkət rəhbərləri ilə görüşdürürük, əksəriyyəti həmin şirkətlərdə işləyirlər. Standart olaraq 16 yaşından 50 yaşına qədər insanlar müraciət edir. Hər ay müraciət edənlərin sayı 500-ü keçir. Həmçinin şirkət beynəlxalq düşərgələr təşkil edir. Bununla yanaşı, işçilərinin dünyagörüşünü və əlaqələrini artırmaq üçün digər ölkələrin şirkət nümayəndələri ilə görüşlər keçiririk. Bundan əlavə, “Modern menecment” adlı layihəm var ki, sırf kadr yetişdirməklə məşğuldur. İldə bir dəfə olur. O təlimlərdən keçən şöbə müdirləri bu gün filial müdirləridir.
“Oley.az” da sırf gənclərə dəstək məqsədilə açılan veb saytdır. Bir gəncə lazım olan bütün faydalı xəbərləri bu saytda tapa bilər. Ən çox Amerika, Avropa ölkələri ilə bağlı xəbərlər yer alır. Gənclərin xaricə inteqrasiyası ilə bağlı məsələlərə önəm vermişik. Oley.az Azərbaycanda bütün xaricdə təhsil sərgilərinin təşkilatçısı və informasiya dəstəyi verən saytdır.

– Az yaşınız var, amma böyük işlər görürüsünüz… Adətən bu yaşda gənclər əyləncəyə üstünlük verir…

– Əyləncə hər zaman olacaq. Mən yaşımdan tez böyüdüm. Hədəf, məqsəd hər bir insanda fərqli olur və hər insanın zövqləri də müxtəlif olur. Bəziləri boş vaxtlarını əylənərək keçirməkdən zövq alır. Bir qisim gənc isə mənim kimi, işləməkdən zövq alır. Mən müəyyən işlər görüb nə isə əldə etməkdən məmnun qalıram. Düşüncə tərzim belədir ki, əgər mən bu işi görə bilərəmsə, nə üçün bunu etməməliyəm. Bu şüarla hərəkət edirəm. İnsan özünü hər yaşda yeni imkanlarla dəyərləndirməlidir.

Maraqlı ola bilər: Böyük şirkətdən ayrılıb öz biznesini qurdu

Avropaya çıxanda hiss edirsən ki, nə qədər uğurlu insanlar var. Nailiyyət əldə etmək üçün dayanmadan işləyirlər. Məncə,  hər bir gəncin məqsədi bu olmalıdır. 15-16 yaşımdan iş həyatına atılmışam. Məktəb illərindən  asudə vaxtlarımı düzgün dəyərləndirmişəm. İlk iş yerim olan “Dirol”da transporter işləmişəm. Daha sonra “Nar mobile”ın açılan ilk 10 dükanının birində menecer işləmişəm. Universitetə daxil olduqdan sonra ictimai sektora daha çox yaxınlaşdım. Müəyyən insanlarla tanış oldum. Dövlət tədbirlərində məsləhətçi kimi çıxış etməyə başladım. Sahibkarlıqla bağlı bir sıra layihələr, problemlər araşdırıb lazımi qurumlara təqdim etdik. Burada da müəyyən uğurlarımız oldu.

– Gənclərlə çox işləyirsiniz. Gənclərimizin biznes bacarıqlarını necə qiymətləndirirsiniz?

– 2010-cu illə müqayisədə xeyli inkişaf var. Amma istiqamətləndirmə çox zəifdir. Müəyyən şəbəkələr var ki, gəncləri aldadır. İnvestisiyaların düzgün bölünməməsi sahibkarlığa yeni başlayan gəncləri ruhdan salır. Əgər bir gənc universitetə daxil olursa, iqtisadiyyat və biznes müəllimləri ona dəstək verib, motivasiya edib ruhlandırmırsa, bu gənc standart olaraq yalnız universitet həyatını görür. Orda nə sosial həyatı olur, nə də ətrafı genişlənir. İnsanı karyerasında irəli apara biləcək 3 əsas qayda var: liderlik, kommunikasiya-ünsiyyət və analiz etmək qabiliyyəti… Bizim cəmiyyətdə reallıq budur ki, 100 nəfərdən 10-u işə başlayır, 90-ı isə gözləyir ki, kimsə ona nəsə təklif etsin. Bu cəhətdən universitetlərdə fəaliyyəti bir az da genişləndirmək lazımdır.

– Uğurlu karyerada riskin önəmi nə qədərdir? Biznesdə risk nə dərəcədə lazımdır?

– Biznesdə sadəcə ağıllı risk lazımdır. Ən əsası isə görəcəyin işə inanmalısan. Amma inanıb arxayın olmaq uçuruma aparar. İnanıb çalışmaq lazımdır. Əgər fokuslansan ki, bu iş alınmayacaq. Onda heç başlamağa ehtiyac yoxdur. Onsuz da batıracaqsan. Özünə və görəcəyin işə inanmalısan. “Düşsəm də, qalxacam” deyib uğura fokuslanmalısan. Əgər “a” planı tutmadısa, “b” planın olacaq. Ağıllı düşündükdə, mütləq çıxış yolu olur.

– 24 yaşınızda özünüzdən yaşca böyüklərə təlimlər keçir, biznes məsləhətləri verirsiniz? Yaşınıza görə sizə inanmayan olubmu?

– Ən çox rastlaşdığım problem yaş problemidir. Avropada, böyük dövlət konfranslarında da belə olur. Hər şey mikrofonu əlinə alıb ağzını açana kimidir. İlk 7 saniyədə adamlar düşünür ki, 24 yaşlı gənc bizə heç bir şey verə bilməz. Hər şey danışıqdan sonra başlayır. Sonuncu təlimdə şöbə müdirləri öz aralarında deyirdilər ki, “aaa, budurmu bizim menecmentdən olan təlimçimiz?” Amma başlayandan sonra hər şey dəyişdi. Çünki bizim verdiyimiz bilgilər bütün şirkətlərdə keçdiyimiz təcrübi bilgilərdir. Biz işçiyə, şirkətə nə lazım olduğunu bilirik və lazım olanı deyirik. O baxımdan adamlar gördükləri görüntü qarşısında gözlədiyindən daha artığını alırlar.

– Xarici ölkələrdə azərbaycanlı gəncin təlim keçməyi necə qarşılanır?

– Azərbaycan kimi kiçik ölkədən çıxaraq təlim verən gəncləri təəccüblə qarşılayırlar. Biz 2011-ci ldə “Avropa sahibkarlıq çempionatı”nda iştirak edib 25 ölkə arasında 6-cı yer çıxmışdıq. Bu, avropalılar üçün çox təəccüblü idi.
 

– Uğur sirriniz nədir?

– 2010-cu ilə qədər xaos həyat yaşamışam. Düzdür, işləyib qazanmışam. Amma qazandığımın qədrini bilməmişəm və lazımsız işlərə xərcləmişəm. İnsanları dəyişdirən yenə insanlardır. Mən müəyyən insanlarla söhbət etdikdən sonra, özümdəki potensialı hiss etdim. İnsan bir an düşünür ki, “sən həyatda nələr edə bilərsən və necə faydalı ola bilərsən?” Məncə, uğurumun sirri hədəflərim, əzmim, məqsədim və faydalı olmağa çalışmağımdır. Mən heç bir yerdə birinci yer tutmamışam. Amalım birincilik olmayıb. Hər dəfə düşünmüşəm ki, işin nəticəsinə fokuslanmaq lazımdır. Hər yerdə birinci olmaq o demək deyil ki, sən biznes həyatında birincisən. İnsanların potensialı uduzanda daha çox üzə çıxır, nəinki irəli gedəndə. Ona görə uduzmaqdan qorxmamışam, əksinə, səhvlərimi görüb stimul almışam.

– Yəni uğur qazanmaq üçün uğursuzluqdan qorxmamaq lazımdır?

– Uğursuzluq həmişə olacaq. Əgər insan bundan nəticə çıxarsa və sona kimi getməyi bacarsa, o, uğur qazanacaq. Sona kimi gedənlər daim qalibdir. 10 dəfə uduzub, ayaq üstə durana qədər çalışan insanlardır uğurlu insanlar. Uğurun ən böyük sirlərindən biri insanın şəxsi keyfiyyətinin yaxşı olmasıdır. Əgər şəxsi keyfiyyətlərin yaxşı deyilsə, nə qədər savadlı olsan da, müəyyən dərəclərin olsa da, insanlarla ünsiyyət qurub yola gedə bilmirsənsə, uğur qazana bilməyəcəksən. Problemi həll etmək qabiliyyəti, ünsiyyət qurmaq bacarığı olmayan insanın uğuru maksimum 3-4 ay çəkir. 5-ci ayda məğlub olur. Bu problemlərlə başa çıxa bilməyənlər deyir ki, Azərbaycanda işsizlikdir. Azərbaycanda işsizlik problemindən çox, işçisizlik problemi var. Nə qədər iş yerləri var ki, bizdən işçi istəyirlər. Biz öz tələbələrimizi müsahibələrə göndəririk,  amma yenə də kifayət etmir. İnsan uğursuzluqdan qorxmamalı və öz üzərində işləməlidir. Şəxsi inkişaf üçün həyatda 8 hədəf növü var ki, onu inkişaf etdirməlisən. Bunlar ailə, hobbi, insanın işi, dostları, ətraf mühit, insanın cəmiyyətə faydası, problemlərin həlli yolunu düşünməsi və insanın cəmiyyətdə roludur.

– Gələcək planlarınız nədir?

– Universitetlərdə böyük layihələr gerçəkləşdirməyə hazırlaşıram. Gələcəkdə Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı böyük layihələr həyata keçirəcəyik. Çalışırıq Azərbaycanda problemli tələbə və problemli şirkət işçisi qalmasın. Bizim tələbə Avropaya gedəndə, oradakı tələbələrlə rəqabət apara biləcək gücdə olmalıdır. Təmiz, şəffaf sahibkarlıq sistemini ölkəyə gətirməyi planlaşdırırıq. Rəqabət olacaqsa,  hamı istədiyi mövqedə olacaq, rəqabət olacaqsa, ölkə inkişaf edəcək, ölkə inkişaf edəcəksə, biz inkişaf edəcəyik….

Paylaş:
Загрузка...