CƏMİYYƏT

5 yaşadək uşaqlar və hamilələr bu peyvəndi vurdurmalıdır – HƏKİM XƏBƏRDARLIĞI

Hazırda fəsil dəyişimi və havaların qeyri-sabit keçməsi insanların sağlamlığında müəyyən problemlərə yol açıb. Əksər insanlarda öskürək, burun tutulması, gözlərdə şişkinlik, qızarma, halsızlıq kimi hallar müşahidə olunur. Xüsusən də azyaşlı uşaqlar qripdən əziyyət çəkirlər. Qripə qarşı peyvəndlər mövcud olsa da, insanlar bu peyvəndi elətdirib-elətdirməmək barədə qərarsızdırlar. Çünki bəzi həkimlər qrip peyvəndi etdirməyin onun qarşısını aldığı qənaətində olsa da, digərləri bunun heç bir faydası olmadığını bildirir. Bəs əslində necə olmalıdır? Qripə qarşı peyvənd etdirməliyikmi?

Bu məsələyə aydınlıq gətirən pediatr Vaqif Qarayev Ailem.az-a bildirir ki, hər burun tutulmasını qrip adlandırmaq düzgün deyil: “Qrip çox ağır infeksion xəstəlikdir və dəqiq törədicisi var. Əksər insanlar bir balaca burnu tutulan kimi deyir, qrip olmuşam. Amma bu, qrip deyil, adi bir virus infeksiyasıdır. Yəni tənəffüs yollarını zədələyən viruslar kifayət qədərdir, onların hamısı qrip deyil. Qripin törədiciləri müxtəlifdir. Burada ştamlar var — A, B, C və sair. Yaxud da son zamanlar H1N1, H5N1 kimi qrip törədiciləri var. Bildirim ki, qrip kifayət qədər təhlükəli xəstəlikdir və törədicilik qabiliyyəti çox yüksəkdir. Tarixdə də 100 minlərlə insanın həyatına son qoyan pandemiyalardır. Buna görə də hər qızdırmaya, burun axmaya, öskürəyə qrip xəstəliyi demək olmaz. İstəyirəm ki, bu barədə çox yazılsın və insanlar da bilsin. Məsələn, ötən il böyük bir ajiotaj yarandı, mediada yalan məlumatlar yer aldı ki, kimsə ölüb və sair. Yox, bu, belə deyil. Birincisi, əksər hallarda heç kəs özünü müayinə etdirmir ki, bu xəstəliyin törədicisi nədir. İndiki soyuqdəymələr gec sağalır. Bir çox hallarda insanlar sağalır, amma xəstəlik yenə də geri qayıdır. Həmin şəxs xəstəliyin törədicisinin nə olduğunu bilmək üçün müayinə etdirmir”.

Həkim vurğulayır ki, soyuqdəyməsi, hər hansı virus infeksiyası olan kəs insanların sıx olduğu yerlərə, qapalı məkanlara, işə, kollektiv arasına getməməlidir. Xüsusən uşaqları birmənalı olaraq məktəbə və bağçaya göndərmək olmaz. Bu zaman o, həm başqasını yoluxduracaq, həm də özünün xəstəliyi uzun çəkəcək və ağır keçirəcək. Ona görə də izolə mütləqdir.

V.Qarayev peyvəndin necə vurulması haqda da məlumat verdi: “Xüsusi elmi dairələr əvvəlcədən öyrənirlər ki, məsələn, Azərbaycanda bu qış qrip virusunun hansı ştamının yayılma ehtimalı var. Və biz oktyabr, noyabr aylarında həmin ştamma qarşı peyvənd edə bilərik. Amma burada vacib bir məqam var — A virusuna qarşı peyvəndi, B virusuna qarşı etmək olmaz. Biz tutaq ki, noyabr ayında B ştamına qarşı peyvənd elətdirsək və qışda A ştamı yayılsa, onda heç bir xeyri olmayacaq. Sonra həmin peyvənd də öz təsirini itirir. Hər ştamın özünün peyvəndi var. Son zamanlar isə oxşar qriplərə təsir etməkdən ötrü bir neçə ştamma təsir edəcək polivalent peyvəndlər yaradılıb. Mənim fikrimcə, bir neçə ştamma qarşı olan peyvəndlər daha tutarlıdır”.

Pediatrın bildirdiyinə görə, bütün peyvəndlər kimi, qripə qarşı peyvənd də yerli və ümumi reaksiya verə bilir. İki sutka ərzində halsızlıq, baş ağrıları kimi əlamətlər müşahidə edilə bilər: “Bəzən valideynlər bu peyvəndlərin sonrakı əlamətlərindən qorxurlar və elətdirmirlər. Amma, əsasən, 6 aydan 5 yaşadək uşaqlar, 65 yaşdan yuxarı olanlar, hamilələr və tez-tez xəstələnənlər peyvənd olunsa yaxşıdır. Mən bir həkim olaraq qripə qarşı peyvəndin vurulmasına razıyam. Amma yenə deyirəm, mütləq bilməliyik ki, peyvəndi qripin hansı ştamına qarşı vurmaq lazımdır”.

Paylaş:
Загрузка...