CƏMİYYƏT

5 yaşlı uşağını zəhərləyən ana: «Qızımı heç vaxt döyməmişəm»

Qusarda 5 yaşlı qızın zəhərləyərək qətlə yetirməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə başlayıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid Vahid Babayev ifadə verib.

Qusar rayon sakini olan V.Babayev bildirib ki, eyni kənddə yaşayıblar və qohumdurlar: «Uşağın atası zəng edib dedi ki, belə bir şey olub. Onu deyə bilərəm ki, bu qadın  qızını döyürdü. Hətta uşağı internata vermək fikri varıydı»

Təqsirləndirilən şəxs isə buna etiraz edib və söyləyib ki, deyilənlər yalandır: «Qızımı heç vaxt döyməmişəm».

Şahid V.Babayev G.Seyfullayevanı ittiham edib: «Sən uşağı qəsdlə öldürmüsən. Düzünü etiraf elə».

G.Seyfullayeva şahidin bu sözlərinə qəzəblənib və uşağını öldürmədiyini bir daha təkrarlayıb.

Vəkilin suallarını cavablandıran V.Babayev əlavə edib ki, G.Seyfullayevanın anası onu məcbur edib ki, 5 yaşlı Luizanı internat evinə versin.

Növbəti məhkəmə iclası noyabrın 1-nə təyin edilib.

Qeyd edək ki, hadisə iyul ayında  Qusarın Hil kəndində baş verib.

Həmin kənddə fermada yaşayan Gülnarə Saypullayeva qızı, 2012-ci il təvəllüdlü Saypullayeva Luiza Bəxtiyar qızının qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının öldürüldüyü müəyyənləşib.

Gülnarə Saypullayeva qızı,  Luizanı zəhərləyəndən sonra peşman olubmuş. Belə ki, bir neçə gün əvvəl 5 yaşlı Luiza səhər saatlarında yuxudan qalxandan sonra anası ona yemək verib. Bu zaman qadın uşağa verdiyi südün içinə ziyanvericilərə qarşı istifadə edilən kimyəvi məhlul qarışdırıb. Az sonra uşağın halı pisləşib. Bunu görən Gülnarə ferma sahibinin yanına qaçaraq kömək istəyib və onun maşını ilə uşağı Qusar xəstəxanasına çatdırmağa çalışıblar. Lakin artıq gec olub, 5 yaşlı qız yolda keçinib. Xəstəxanadakı müayinədən sonra uşağın öldüyü dəqiqləşib və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Müəyyən şübhələr olduğundan uşağın qanından və digər toxumalardan nümunələr götürülərək ekspertizaya təqdim edilib. Ekspertizanın nəticəsi azyaşlının zəhərlənməsini üzə çıxarıb.

Dünən Luizanın anası Gülnarə Saypullayeva izahat verməsi üçün çağırılıb və bu zaman o, törətdiyi cinayəti etiraf edib. Lakin qadın yeganə övladını niyə öldürməsinə məntiqi izah tapa bilməyib: «Birdən beynimə düşdü, qəfil qərara gəldim ki, uşağı zəhərləyim».

Qadının psixoloji vəziyyətini qiymətləndirmək üçün müvafiq ekspertiza təyin edilib.

Paylaş:
Загрузка...