CƏMİYYƏT

ADR-in tarixi qərar verdiyi gün

Avropa və Asiyanın qovşağında yeni bir ali təhsil ocağı yaradılıb.

1919-cu ilin 1 sentyabr tarixində Azərbaycan Demokratik Respublikasının (ADR) parlamenti Bakıda universitetin təsis edilməsi qərarı qəbul edib və onun nizamnaməsi təsdiq olunub. Beləliklə, Bakı Dövlət Universitetinin yaradılmasının əsası qoyulub.

Nəticədə Avropa və Asiyanın qovşağında yeni bir ali təhsil ocağı yaradıldı. Universitet ilk tədris ilini 2 fakültə ilə – tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başladı. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah V. İ. Razumovski olub.

Universitetin 1920-1930-cu illərdə aparıcı müəllimləri yazıçı Əbdürrəhim bəy Haqverdiyev, tanınmış şərqşünaslar – professor P.K.Jüze, professor A.O.Makovelski, professor A.O.Mişel və digər alimlər olublar. Həmin dövrlərdə universitet rəhbərliyinin dəvəti ilə Bakıya öz ixtisasları üzrə mühazirələr oxumaq üçün N.Y.Marr, V.V.Bartold, Şərq Elmlər Akademiyasının akademiki Fuad bəy Köprülüzadə universiteti ziyarət ediblər. Məşhur həmyerlimiz, Nobel mükafatı laureatı Lev Landau 1922-1924-cü illərdə bu universitetdə təhsil alıb.

Təəssüf ki, 1930-cu ildə Xalq Komissarlar Sovetinin qərarı ilə yenidən qurulma (reorqanizasiya) adı ilə universitet ləğv edildi və onun bazasında Ali Pedaqoji İnstitut yaradıldı. Ancaq 1934-cü ildə Dövlət Universiteti yenidən işə başladı və o, yenə də respublikada elmi-pedaqoji fikrin mərkəzinə çevrildi.

Prezident Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə universitetə özünüidarə (muxtariyyət) statusu verilmiş və həmin vaxtdan universitet fəaliyyətini öz nizamnaməsinə əsasən həyata keçirir. Hazırda Bakı Dövlət Universitetinin 17 fakültəsində müxtəlif elmi istiqamətlərdə bakalavr pilləsində 55 ixtisas, magistratura pilləsində isə 153 ixtisaslaşma üzrə 18000-ə yaxın tələbə təhsil alır.

Universitetin elmi kitabxanası 2,5 milyondan artıq ədəbiyyatı olan fonda malik olmaqla, onun 12 qiraət zalı, 5 abonement şöbəsi müntəzəm olaraq universitetin 15 mindən çox müəllim və tələbəsinin hər gün istifadəsindədir. //sputnik.az

 

Paylaş:
Загрузка...