CƏMİYYƏT

“Aktyorluq bacarığı var idi, yaxşı rəsm çəkirdi, amma texniki fənləri bilmirdi…” – Şeyxin sinif yoldaşı

“Qonşu kənddən bir qızın ona gözü düşmüşdü”

AzEDU.az “Sinif yoldaşları” layihəsi çərçivəsində Qafqaz müsəlmanlarının şeyxi, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin sinif yoldaşı İltifat Muğbiloğlu ilə müsahibəni təqdim edir.

Layihəmizin tələbinə uyğun olaraq sinif yoldaşı hansısa məşhur haqqında danışıb, onunla bağlı xatirələrini bölüşməlidir. Lakin, əvvəlcə, İltifat müəllimin özünü də tanıyaq:

— 1948-ci il noyabrın 20-də Lənkəran rayonunda anadan olmuşam. Hazırda da elə orada yaşayıram. Orta məktəbi 1966-cı ildə bitirmişəm. Sonra indiki Bakı Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunmuşam. Oranı bitirdikdən sonra hərbi xidmətə yollandım, qayıtdıqdan sonra isə əvvəlcə bir il qonşu kənddə və uzun müddət Veravul kənd 2 saylı orta məktəbdə fiziki tərbiyə müəllimi kimi işlədim. Oradan da təqaüdə çıxmışam. Üç uşağım var idi;  ikisini itirdim, biri isə yaşayır. 4 nəvəm var: iki oğlan, iki qız.

— İltifat müəllim, Hacı Allahşükür Paşazadə ilə  neçə il bir sinifdə oxumusuz?

— Onunla sonuncu sinifləri birgə oxumuşuq. Bölgələrdə o vaxtlar orta məktəblər az idi. Bizim kənddə tam orta məktəb var idi deyə, onlar 8-i bitirdikdən sonra, təhsillərini davam etdirmək üçün bizim kəndə gəldilər. Allahşükür də qonşu Cil kəndində anadan olub və aşağı sinifləri orada oxuyub. Dinin əlifbasını atamın yanında öyrənib. Masallı rayonunun Ovaşer kəndində Qüdrət Abbasov adlı şeyx vardı, atamla birgə onun  yanına getdilər. Sonrakı təhsilini də həmin din xadimi ilə davam etdirdi.

WA2018-03-14 at 17.55.19.jpg

— Şeyxlə ilk tanışlığınızdan danışaq…

— Bu xatirələri yada salmaq bir az çətindir, amma xatırlamağa çalışacam: Onlar dediyim kimi, bizim kəndə başqa yerlərdən gəlmişdilər, qərib uşaqlar idilər. Bizim sinif çox güclü idi. Qonşu kənddən gələnlər başqa sinifdə oxuyurdular. Amma balansı qorumaq üçün şeyxlə yanaşı, başqa 3-4 şagird bizim sinfə düşdü. Səhv etmirəmsə, hər sinifdə 29 şagird olurdu.

Şeyx çox qətiyyətli, az danışan şagird idi. Mən onu  məqsədinin ardınca gedən biri kimi xatırlayıram. Çox güclü oxumasa da, bizimlə ayaqlaşırdı.

Bir dəfə müəllim bizə Məhəmməd Füzulinin “Söz” qəzəlini əzbərləməyi tapşırmışdı. Orada ərəb-fars sözləri çox, dili isə qəliz idi. Mənim də o sahədə bir qədər səriştəm vardı. Çünki, din xadimi olan atamın yanında oxumuşdum. Növbəti gün o qəzəli əzbər danışmaq lazım idi. Həmin gün şeyx dərsə hamımızdan yaxşı cavab verdi. Müəllim dedi ki, əhsən sənə. İnanın ki, bu mübaliğə deyil. Mən “4”, o isə “5” aldı. Həqiqətən, şeyx onu elə gözəl hazırlamışdı ki, hətta sinfin əlaçı şagirdləri belə qəzəli qırıq-qırıq danışdılar. Dil-ədəbiyyat müəllimimiz Adil Əsədov idi. Dedi ki, baxın, Allahşükürə. Uşaqlar isə cavab verdilər ki, ay müəllim, onun ərəb-farsca təhsili, bilgisi var da. Müəllimsə dedi ki, bu çıxış yolu deyil. Əzbərləmək istəyən ərəb-fars sözlərinə fikir verməzdi. Bu anı  heç vaxt unutmuram. Həmişə şeyxdən söhbət düşəndə bunu xatırlayıram.

— Çox da güclü oxumadığını qeyd etdiniz. Hansı fənlərdə çətinlik çəkirdi?

— Texniki fənlərdə zəifliyi vardı, amma humanitar fənlərdən yaxşı idi. Riyaziyyat, astronomiya, triqonometriya, fizikada çətinlik çəkirdi.

— Hansı fənni və müəllimi daha çox sevirdi?

— Bilirsiz, o dövrün müəllimlərini müqayisə etmək olmur. Elə bir dövr idi ki, həmişə müəllimin yanında olmaq, onun dilindən tökülənləri yığmaq istəyirdik. Şəhər və kənd şəraiti başqadır. Ona görə də mən müəllimlərimizi müqayisə etməkdə çox çətinlik çəkirəm. Həddindən artıq yaxşı müəllimlərimiz vardı.  Hətta onların şivəsini götürməyə çalışırdıq. Müəllim yeganə ustaddır ki, özünün bütün biliklərini şagirdlərinə yönləndirmək istəyir, amma başqa fəndlərdə özü üçün  gizli bir məqam saxlayır. Şagird zirvəyə çatandan sonra ona qalib gələ bilməsin. Bizim müəllimlərdə isə paxıllıq yox idi. Allah müəllimlərimizə  rəhmət etsin. Onlara “mirzə” deyə müraciət edirdik.

2018-03-14 at 17.55.18.jpg

—  Şeyx humanitar fənlərdən hansılara daha çox üstünlük verirdi?

— Dil, ədəbiyyat, xarici dil, tarix, həmçinin, təbiət fənlərinə də marağı vardı. İnsan anatomiyası, fiziologiya və gigiyena dərslərini keçirdik.

— Hansı xarici dildə səlis danışa bilirdi?

— O dövrdə ingilis dili keçirdik. Bu fəndə siniflə tam ayaqlaşırdı. Bir məqamı sizə xatırladım: bizdən aşağı sinifdə oxuyan Rafael adlı uşaq var idi. Qonşu kənddən gəlmişdi.  İndi biologiya elmləri namizədidir.  O da deyirdi ki, mən öz kəndimizdə oxuyanda sinfin ən güclü şagirdi idim. Burada isə ən zəif şagirdlə belə ayaqlaşmağa çətinlik çəkirəm. Amma şeyxdə belə deyildi. Elə bil ki, onda Allah tərəfindən verilən fitrət vardı. Tez ünsiyyət quran idi. Tez qavramağı, götürməyi bacarırdı.

— Sinifdə ən yaxın dostu kim olub?

— Demək olar ki, mən. Çünki uşaq vaxtı bizə gəlirdi. Atamın yanında ərəb dilinin əlifbasını öyrənirdi, həm, ikimiz də yaxşı Quran oxuyurduq. İlahiyyata meylli idik. Ona görə də sözümüz bir-birimizlə tuturdu. Həmişə mehriban münasibətimiz olub.

— Digər sinif yoldaşları ilə münasibəti necə idi?

— Onlarla da münasibəti çox yaxşı idi. Mən birinci il sənədlərimi universitetin ərəb-fars dili fakültəsinə versəm də, qəbul ola bilmədim. Bakıda qalıb bir il  gəmi təmiri zavodunda işlədim. Növbəti il qəbul oldum. Buxarada İslam dininin tədris mərkəzi vardı, 6-7 nəfər orada oxumaq üçün getdi. Şeyx də onların arasında idi. Atam mənim dalımca gəldi ki, sən də qoşul onlarla get. Sözün düzü, kənd mühitindən çıxıb birdən şəhəri gördüyümə görə qaçıb gizləndim, getmək istəmədim. Atam dedi bala, öz yolunu özün seç. O cümlədən, Allahşükürün o vaxtkı müəllimi Şeyx Qüdrətin oğlu Əhməd Abbasov da onlarla idi. Hacı Mirəziz, Əlihəsən və başqaları da getmişdi. Yarısını xatırlaya bilmirəm. Üstündən xeyli vaxt keçib.

452018-03-14 at 17.55.20.jpg

— Hansısa müəllimlə problemi olubmu?

— Mənə elə gəlir ki, yox! Çünki şeyx elə adam deyildi.  Onun xarici görkəmi də çox şirin idi. İstəyirdi ki, hamı ilə tərəf müqabili olsun, ünsiyyət saxlasın. Qısa müddətdə özünə çoxlu dost-tanış tapmışdı. Mehriban insan idi.

— Dərslərə davamiyyəti necə idi? Dərsdən qaçdığı vaxt olub?

— Əvvəllər belə şeylərə qarşı o qədər ciddi münasibət vardı ki, dərsdən qaçmaq, yayınmaq, dərsə gəlməmək mümkün deyildi. Bir-birimizlə bəhsə girirdik ki, kim daha yaxşı qiymətlər alacaq, müəllimlərlə münasibəti daha yaxşı olacaq, özünü sevdirəcək. Yəni şərait, mühit belə idi.

— Şeyxin dinə marağı nə vaxtdan və necə başlamışdı? Kiminsə təsiri olmuşdumu?

— Uşaq vaxtından meyli var idi. Atam mənə dini sahəni tədris etməyə başladı. Şeyx məndən bir yaş kiçikdir. Həmin vaxtlar şeyxin atası ilə atamın münasibətləri yaxşı idi. Atama dedi ki, oğlum da gəlib burada məşğul olsun. Bir müddət bizə gəlib-getdi, oxudu. Kəndlərimiz arasındakı məsafə 4-5 kilometr ancaq olardı. Təzə cığır yolu ilə daha yaxın idi, amma avtomobil ilə bir az uzaq düşürdü. Qonşu Vilvan kəndini keçib gəlməli idik.  O vaxtlar maşın az idi. Maşını olan insanlarda belə bir xarakter var idi ki, yolda kimisə görəndə götürürdülər. Yük maşınları ilə daha çox hərəkət edirdik. Özümüz də maşının kuzasına minəndə sevinirdik, soyuq hava da bizə təsir etmirdi. Təki avtomobildə hərəkət edək. Əcnəbilər göydə balonlarla gəzir, biz hələ avtomobilə minmirdik.

— Şeyxin ailəsinin vəziyyəti necə idi? Maddi çətinlikləri vardı?

— O  dövrdə hamının maddi vəziyyəti çətin idi. 1960-65-ci illərdə aclıq yaranmışdı. Çörək tapmaq çox çətin idi. Şeyxgilin ailəsi bizimkinə nisbətən kiçik idi. Biz evdə 11 uşaq idik, amma onlarda bizdən az idi. Şeyxin bir qardaşı var idi —  Cavanşir. Bizdən yaşca balaca idi.

2018-03-14 at 17.55.jpg

— Ata-anası hansı peşənin sahibi idilər? Atası da din xadimi idi?

— Yox, atası din xadimi deyildi. İkinci dünya müharibəsində iştirak etmişdi. Müharibə veteranı idi. Dəqiq yadımda deyil. Amma rayonda çox hörməti vardı. Hamı onu tanıyırdı.

— A.Paşazadə ilə bağlı ən yadda qalan xatirəniz hansıdır?

— Bayaq qeyd etdim ki, şeyx xarici görkəmcə şirin uşaq idi, toppuş idi. Qonşu kənddən bir qızın ona gözü düşmüşdü. Hətta məktub da yazmışdı. Məktubun üstü açıldı. Biz də məsxərəyə qoyub zarafatlaşdıq. Şeyx də deyirdi ki, vallah mənim xəbərim yoxdu. Qorxuram şeyxin qulağına gedib çatar.

Atası dünyasını dəyişəndə sinif uşaqlarından 5-6 nəfər yığışıb getdik. Təsəvvür edin ki, orta məktəbin üstündən neçə il keçmişdi. Şeyx həmin mühitdə, biz isə kənddə. Allahşükür bir sinif yoldaşımızı gördü, dedi: “Tanıdım! Məşədi İbadın hambalıdır”. Həmin oğlan məktəb vaxtı Üzeyir bəyin “O olmasın, bu olsun” əsərini səhnələşdirəndə o obrazı canlandırmışdı.  Mənə dedi ki, vicdansız, sənin kimi Quran oxuyan var idi? Niyə gəlmədin? Dedim, Allah hərəyə bir tale yazıb. Atam mənim dalımca gəlmişdi. Mənə qismət olsaydı, mən də gəlib sizinlə oxuyardım. Mümkün olmadı, mən qaçıb gizləndim.

— Şeyxin başqa nələrə marağı vardı?

— Yaxşı əl qabiliyyəti vardı, gözəl rəsmlər çəkirdi. O vaxtlar bir hind filmi gəlmişdi. Adı səhv etmirəmsə “Toz içərisində çiçək” idi. Filmdə bir saqqallı kişi vardı. Onu adi qələmlə elə həkk etmişdi ki, biz təəccübləndik. Dedik bunu sən çəkmisən? Dedi indi çəkdim də, görmədiz? Onda çox yaxşı rəsm qabiliyyəti vardı.

— Rəsmlərində də dini mövzulara yer verirdimi?

— Mən görməmişəm. Kəndlərimiz bir qədər aralı idi. Həm də bizim asudə vaxtımız olmurdu. Çalışırdıq ki, dərsləri bitirək tez gedib futbol oynayaq. Stadionumuz vardı. Amma onlar qonşu kəndə gedirdilər. Futbolda bizə qoşulmurdu.

— Şeyx ailəsinin yanında qalırdı?

— Bəli, 5-6 km  məsafəni qət edib bizə gəlirdi. Məktəb bitəndən sonra  Masallı rayonuna dini tədris üçün gedirdilər. Mənim atam Cildən məktəbə gedirdi. Xatirələrindən danışanda deyirdi ki, çox çətin dövr idi, bəzən yol pulum olmurdu. Gah qohumların yanında qalardım, gah da bir kötüyün altında gecələyərdim.

— Şeyxin bədii ədəbiyyatla arası necə idi? Hansı əsərlərə üstünlük verirdi?

— Bizdə belə bir tendensiya vardı ki, bədii ədəbiyyata, tarixi romanlara çox müraciət etmək üstündə yarışardıq. Səhv etmirəmsə, Jül Vernin “İyirmi min lye su altında” əsəri idi, onunla bağlı bizimlə fikir mübadiləsi aparırdı.  V.Hüqonun “Səfillər”ini də oxumuşdu.

— Şeyxlə bu günəcən aranızda hansısa inciklik olub?

— Əsla! Çünki şeyx elə insan deyildi. Bütün sinfin adından da deyə bilərəm ki, bir problemi olmayıb. Xatırlamıram ki, şeyx kiminləsə vuruşsun, xətrinə dəyəcək ifadə işlətsin.

232018-03-14 at 17.55.19 (2).jpg

— İndi onunla əlaqəniz varmı?

— Biz kənd yerində, o isə Bakıda yaşayır. Vaxtı həddindən artıq məhduddur, amma münasibətlərimiz doğma olaraq qalıb. Yaşla əlaqədar atamın gözləri tutulmuşdu. Paşa Qəlbinur onu əməliyyat etdi. Şeyx Paşa Qəlbinurun yanına gəlmişdi. Dedi ki, vaxtım azdır, Paşa, bu mənim müəllimimdir ha! Paşa doktor da dedi ki, sənin müəllimin mənim də müəllimimdir. Atam rəhmətə gedəndə gəlmişdi. İndi də kəndimizə yolu düşəndə gəlib atamın məzarını ziyarət edir. Bu yaxınlarda burada imiş. Mən görməmişəm. Amma çatdırdılar ki, şeyx bura gəlmişdi. Atamın məzarını ziyarət edib. Deyib ki, gedək, ona baş çəkək, o layiqli insan idi.

— Şeyxlə son görüşünüzü necə xatırlayırsız? Sonuncu dəfə onunla nə vaxt görüşmüsüz?

— Demək olar ki, hər gün onunla televizorda görüşürəm. Xatırlamıram. Onu bilirəm ki,  bir neçə gün qabaq burada olub. Səhər xəbər tutdum. Dedim ki, gedib onunla görüşərdim. Dedilər ki, artıq getdi. Ondan inciməli deyil. Hətta bir dəfə onunla hansısa məclisdə görüşdük. Dedi, məndən incimə. “Səndən heç kim inciməz”,- dedim,- bizim mühitimiz başqadır, səninki başqa. Sən daim səfirlərlə, din, siyasət adamları ilə ünsiyyətdəsən. Bu, vacibdir. Başa düşürük ki, sən bu sahənin adamısan.

— Şeyxin toyunda iştirak etmişdiniz?

— Xeyr, xatırlamıram. Şeyxin toyu olan vaxt mən əsgərlikdə idim.

— O, dini təhsil almağa başlayanda ailəsinin buna münasibəti necə oldu?

— Həm kənd mühiti idi, həm də bu günlə  müqayisə etmək olmaz. Mən 5-6 dəfə onların kəndinə qonaq getmişəm, amma şeyxgildə  çox az olmuşam.

— Məktəb illərində gələcəklə bağlı söhbətlərinizdə  sizə planları haqda nəsə deyirdi?

— Xeyr! Şeyx bir qədər qapalı insan idi, sirrini hər kəsə açmazdı. Bəzən nəğmə, rəsm dərslərində şuluqluq edərdik, amma o çox sakit, təmkinlə dayanıb tamaşa edərdi. O, bizimlə avaralıq etməzdi.

— İlk dəfə onun şeyxülislam seçildiyini eşidəndə reaksiyanız necə oldu?

— O qədər sevindik ki! O, bizim fəxrimizdir.  Hətta bir sinif yoldaşımız var, sürücüdür. Deyirəm ki, gedəndə mənim də salamımı çatdır. Biz gedə bilmirik. O isə tez-tez yollardadır. Görüşürlər. Şeyxülislam seçiləndə həm təəccübləndik ki, belə gənc adam bu cür posta layiq görüldü. Həm də digər tərəfdən isə bunun İlahi bir fitrət olduğunu düşündük. Sevincimiz hədsiz idi. Dostlar bir-birimizlə görüşəndə deyirdik ki, xəbərin var, Allahşükür filan vəzifəyə təyin olunub. Hamı bir-birinə şad xəbər verirdi.

— O dövrdə bayramlar indikindən daha dəbdəbəli qeyd olunurdu. Bu vaxtları necə xatırlayırsız?

— Düzdür, o vaxtdan təxmini 50 il keçib. O vaxt əsərləri səhnələşdirərdik. Kənd camaatı da gəlib baxardı. Səməd Vurğunun “Vaqif”ini, “O olmasın bu olsun”dan müəyyən parçalar oynayırdıq. Şeyx “Vaqif” pyesində də iştirak edirdi.  Amma hansı rolda olduğunu unutmuşam. Səhv etmirəmsə, vəzir obrazını canlandırırdı.

— Teatra marağı vardımı?

— Bəli, vardı. Onun humanitar fənlərə marağı çox idi. Aktyorluq bacarığı da vardı. Yaddaşı çox güclü idi. Nəyisə bir dəfə eşitsə onun xatirəsində tam incəliyi ilə qalardı.

— Son olaraq şeyxə nə arzu edərdiniz?

— Ona dünyanın ən şirin neməti olan can sağlığı arzu edirəm. O, bizim fəxrimizdir. Eyni dövrün insanlarıyıq. İndi ahıl vaxtımızdır. Hazırda ən əsas şey can sağlığıdır.

Paylaş:
Загрузка...