CƏMİYYƏT

AMEA niyə susur – Yataqxana sakinləri dərdlərini kimə desinlər?

Azərbaycan Milli Elmlər Akademiyasının Yasamal Rayon Şərifzadə 12 ünvanında yerləşən Aspirantlar yataqxanasının sakinlərinin problemlərinin həlli dönüb olub bir kor düyün.

Kimə şikayət edirlərsə başqasının üstünə göndərirlər. Göndərildikləri ünvanda isə onları nə bir dinləyən var nə də nə istədikləri ilə maraqlanan. Bizim Yol olaraq artıq bir dəfə yataqxana sakinlərinin şikayətlərini işıqlandırmışıq. Bilməyənlərin nəzərinə yenidən çatdırmaq istəyirik ki, uzun illər bu yataqxanda yaşamış AMEA əməkdaşlarına ev verilməliydi. Sovetlər dönəmində AMEA aspirantların yerləşdirilməsi üçün iki yataqxana tikdirib. Burda yerləşən elmi işçilər ev növbəsinə yazılır, zamanla mənzillə təmin olunurdular. Lakin məlum ictimai proseslər səbəbi ilə ev növbəsi söhbəti aradan qalxıb. 2012-ci ildə AMEA və “Yevrostroy -S” MMC tikinti şirkəti arasında yataqxana sakinlərinin də razılığı ilə müqavilə imzalanıb. Yataqxanının həyətində 5 böyük çoxmərtəbəli bina tikilib və bu binalrdan birində iki blok sakinlərin köçürülməsi üçün nəzərədə tutulub. Lakin bina hazır olub, sakinlərin bir neçəsi köçürüldükdən sonra müqavilə unudulub. Üstəlik bu gün AMEA sakinlərdən yataqxananı tərk etməyi tələb edir.
Yataqxana sakinləri dəfələrlə müxtəlif qurumlara üz tutublar, şikayət ediblər, lakin səslərini eşidən yoxdur. Təmirsiz, divarları nəm qoxuyan, uçub tökülən bu binanın yalnız foyesində yüngülvari təmir işləri aparılıb, yuxarıdan gələsi qonaqlara göstəriş olsun deyə balaca bir zal hazırlanıb. Ölkəmizin beyin mərkəzi hesab olunan AMEA-nın əməkdaşlarının, ölkə ziyalılarının, alimlərinin uzun illər sürən bu çətin həyatına son qoymaq üçün isə heç bir qurum məsuliyyət daşımır.

Sakinlərlə birlikdə dəfələrlə AMEA-nın qapısını döysək də, Mənzil Komissiyasının üzvü Sərdar Əliyevlə əlaqə saxlamaq istəsək də bizi min bir bəhanə ilə dinləmək istəyən, ən azından hər hansı bir açıqlama vermək istəyən tapılmadı. Bina sakinləri əllərində qanuni sənədlər qalıblar AMEA-nın əsas binası ilə Rəyasət Heyəti binasının arasında.Nə rahatlıq tapa bilirlər, nə də ümidlərini üzə bilirlər. Qanunla onlara düşəsi mənzil kimlərinsə əli ilə başqalarına verilib. Hüquqi və demokratik bir dövlətin vətəndaşlarına bu cür ali elm ocağında bu şəkildə laqeydlik, saymazlıq göstərilirsə baçqalarına nə deyək. Axı AMEA ölkəmizin mədəniyyətinin, elminin qapısı, güzgüsüdür.

Biz məsələni diqqətdə saxlamağa davam edəcəyik. AMEA rəsmilərindən cavab alana qədər.
İlhamə Rəsulova

//www.bizimyol.info

Paylaş:
Загрузка...