CƏMİYYƏT

Aprel döyüşlərindən sonra ən böyük qələbəmiz — «QARABAĞ»

Dünən gecə Azərbaycan futbolunun tarixində ilk dəfə “Qarabağ” futbol klubu tarix yazaraq Çempionlar Liqasının qrup mərhələsinə çıxdı. İşğal altındakı bir rayonun təmsilçisi, futbolumuzun sayğıdəyər siması Qurban Qurbanovun yetirmələri səfərdə məğlub olsa da, ümumi hesabda Danimarkanın “Kopenhagen” klubunu məğlub edərək azarkeşləri sevindirməyi bacardı.

Bəli, artıq “Qarabağ” klubu Avropa nəhəngləri ilə mübarizə aparacaq. Artıq azarkeşlik etdiyimiz nəhəng klublar Bakıya gələcək və biz bu oyunları öz stadionlarımızda izləyə biləcəyik. Növbəti mərhələdə “Qarabağ”ın rəqibi kim olursa olsun, xalqımız uzun illər azarkeşi olduğu hər hansısa Avropa komandasını deyil, “Qarabağ”ı dəstəkləyəcək. Bu futbol tariximizdə böyük və ən uğurlu hadisələrdən biridir. Bu sevinci azarkeşlərə və xalqımıza yaşadan komandaya nə qədər təşəkkür etsək, azdır. Bu qələbənin birləşdirici xüsusiyyəti isə daha önəmlidir: bütün xalq eyni komandaya azarkeşlik edir, hamının ürəyi eyni həyəcanla döyünür, hamı qələbə ovqatındadır. Azarkeşlərin gecə yarısına qədər Bakı küçələrində qələbəni qeyd etməsi, məni çox duyğulandırdı. Çoxdandır bu sevincə, bu birliyə ehtiyacımız vardı.

“Qarabağ”ın qələbəsinin informasiya savaşında, siyasi mühitdə də təsiri az olmayacaq. Ən azı beynəlxalq futbol kluarlarında “Qarabağ” adı dəfələrlə səslənəcək, efirlərdə “Qarabağ”ın Azərbaycana məxsus olması, bu adın Azərbaycanı təmsil etməsi vurğulanacaq, eyni zamanda “Qarabağ”ın torpaqları işğal altında olan bir rayonu – Ağdamı təmsil etməsi də, yəqin ki, diqqətdən yayınmayacaq, Avropada “Qarabağ” rüzgarı əsəcək…

İllərdir diasporamızın görməyə çalışdığı işi “Qarabağ” bir neçə oyuna edəcək.

Nə vaxtsa hansısa idman oyununda qələbəyə bu qədər sevinəcəyim, kövrələcəyim və bu oyunla bağlı yazı yazmaq istəyəcəyim ağlıma da gəlməzdi. Yaşadığımız sevinc, qürur, fərəh hissi əvəzolunmaz hislərdir.  Azarkeşlərimizin sevincini, qürur hissi keçirməsini, adrenalinlə dolub-daşmasını bütün qəlbimlə anlayır, üstəlik bu qələbənin futbolda qazanılan bir qələbədən daha böyük olmasını anlaya bilirəm. Əslində, bunu bütün hüceyrələrimlə, bütün ruhumla hiss edirəm, duyuram.

…Amma anlamadığım bəzi əcaib-qəraib şeylər oldu. Axı nə üçün bəziləri hamının sevindiyi anda qanqaraçılıq yaratmağı, sevinc dolu ortamı zəhərə döndərməyi sevir? Bu, nə düşüncədir? Məsələn, bir qrup adam hamının sevinclə coşub-daşdığı məqamda ortaya çıxıb guya hamıdan çox vətənpərvər olduğunu gözə soxmağa çalışır, yeri gəldi-gəlmədi tənqidi fikirlər yazır, bir sözlə məğşuşluq salır. Niyə bu gün? Niyə qələbə sevinci ilə ürəklərin riqqətə gəldiyi bir vaxtda, hamıyla birlikdə sevinməyi bacarmırsınız? Guya sevinənlər və qələbəni bayram edənlər illərdir davam edən “Qarabağ problem”indən xəbərsizdir? Qətiyyən!

Mən bu birliyi, bu həmrəyliyi sonuncu dəfə “Aprel döyüşləri” zamanı müşahidə etmişdim. Deməli, bu “Qarabağ”ın qələbəsinə sevinənlər, Qarabağı da unutmayıb.

“Qarabağ torpaqları işğaldadır, “Qarabağ”ın qələbəsinə sevinmək düzgün deyil.” “Əvvəl torpaqlarımızı azad etmək lazımdır”. “Qarabağı işğalda olan xalq futbolda qazanılan qələbəyə sevinməməlidir” tipli düşük fikirlər səsləndirənlərin məqsədinin nə olduğunu bilən varmı? Hələ Qurban Qurbanovu “Qurban bayramı” ilə asosasiya edənləri, xarı bülbüldən, əsirlikdəki qız-gəlinlərdən, Xocalıda öldürülənlərdən, siyasi proseslərdən söz salıb, özünü fərqli göstərməyə çalışanları demirəm. Nəyə nail olmaq istəyirsiniz? Xalqdan fərqli görünmək, axına qarşı üzmək bu məqamda da vacibdirmi?

 Qardaşlar, bacılar bu qələbəyə nə qədər ehtiyacımızın olması insanların sevincindən bəlli olmurmu? Niyə bu bir tikə sevinci gözümüzdə qoyub, qanqaraçılıq yaratmağa, ortalığa məğşuşluq salmağa çalışırsınız?

Sözsüz ki, ürəkaçan detallar və məqamlar daha çoxdur. Yuxarıda qeyd etdiyim kimi, həmrəylik abu-havası, hamının birlikdə sevinməsi, komandamızın sona qədər dəstəklənməsi çox sevindiricidir. Eyni zamanda “”Qarabağ” qalib gəlsə…” trendi, şəxsən məni çox əyləndirirdi. İlahi, qələbə sevinci bu xalqın yumor qabiliyyətini də inkişaf etdirirmiş. Buna necə sevinməyəsən?

…Az qala 15 ildir azarkeş kimi futbolla maraqlanmıram, nadir hallarda bir oyuna sona qədər baxdığımı xatırlayıram. Amma bu qələbə məni yenidən futbol azarkeşinə çevirməyi bacardı.

Oxuduqlarımdan və müşahidələrimdən bilirəm ki, futbolumuz acınacaqlı durumdadır. Azərbaycan çempionatı olduqca sönük və maraqsız keçir. Nəhəng qələbələrə imza atan “Qarabağ” klubunun heyətində də boşluqlar var. Amma bütün bunlar bu böyük qələbəyə kölgə salmamalıdır.

İllərdir xəyal etdiyimizi “Qarabağ” çətinliklə də olsa, bacarıb. Bu, Azərbaycan futbolu üçün böyük təkandır və inkişaf üçün stimul ola bilər.

Gəlin həmrəy olaq və “Qarabağ”ımızı bundan sonrakı oyunlarda da eyni həyəcanla, eyni ümidlə dəstəkləyək. Bizə, bütün cəbhələrdə qələbə lazımdır!

Cəlil Cavanşir // Milli.Az

Paylaş:
Загрузка...