CƏMİYYƏT

Axxx, qadınlar, qadınlar… — KÖŞƏ

Orxan Aslanlı
Cənnət anaların ayaqları altındadır.
(Məhəmməd peyğəmbər)
Bu söz boş yerə, hədər olsun deyə deyilməyib. Qadına, anaya hörmət dövründən, zamanından asılı deyil və hər zaman aktualdır. Amma bu deyimdən istifadə edib lovğalanan, özündən razı xanımlar da xeylidir, təəssüf ki…
Bu günlərdə Azərbaycanın gözəl guşələrindən biri olan Şamaxıya səfər zamanı gördüklərim bu yazını qələmə almağıma səbəb oldu. Qarşılaşdığım mənzərədən sonra «qadına hörmət”, «qadına qayğı” ifadələrinin işlədilməsi mümkün deyil, ən azından mənə görə…
Yol boyu bir dəfə deyil, hətta dəfələrlə rastlaşdığım mənzərə belə idi: heyvanları otlaqlara ötürən, çobanlıq edən qadınlar idi, yol boyu uzanan tarlalarda, zəmilərdə, bağ-bostanlarda çalışan qadınlar idi, magistral qıraqlarında müxtəlif şeylər satan yenə də qadınlar idi. Biz əsasən bu işlərin həyata  keçirilməsində çox vaxt kişilərin məşğul olduğunu görmüşük. Amma indi qadınlar «ön cəbhə”də idilər…
Görəsən, niyə qadınlar bu qədər ağır yükün altına girirlər? Harada yaşamalarından asılı olmayaraq, nə üçün qadın kişi işi görməlidir – heyvanlarlıqla, əkinçiliklə məşğul olmalıdır? Niyə qadına qarşı təzyiq göstərilməlidir? Qadınlar qorxmadan, çəkinmədən nə vaxt öz sözlərini deyəcəklər? Cəsur, öz sözünün ağası, qorxmaz xanımlarımız yoxdurmu? Yaxud onları susmağa məcbur edən bəylərimiz çoxdurmu?
Bəlkə yarızarafat dediyimiz sözlər o qədər gerçəkləşib ki, daha doğrunu səhvdən ayırmaz olmuşuq?  «Qadının yeri mətbəxdir”, «Qadın ancaq uşaqlarının tərbiyəsi ilə məşğul olmalıdır” və s. misallar timsalı… Bu kimi ifadələrin nəticəsidir ki, biz qadın faciələri ilə üz-üzə gəlirik. Qadınların şiddətə məruz qalması, ailədaxili problemlərin qadınların özləri tərəfindən gizli saxlanılması, bunun nəticəsində ardı-arası kəsilməyən şiddətlərin günü-gündən artması, təhsil almayan xanımların sözün əsl mənasında heç nədən xəbəri olmaması və s. Minlərlə bu cür misal da ə fayda?!  Bu sadalananlar həmin qadınlar üçün faydasızdır. Hər hansi bir qadına qarşı şiddət varsa, bundan ətrafdakıların günahı yoxdursa, o zaman bunun ən böyük günhakarlarından biri məhz həmin qadının özüdür. Çünki başına açılan «oyunlardan” kimsəyə danışmır, çox zaman dərdini ana-bacısına deyir və onlar da «Ailə daha üstündür” şüarını üstün tutub təzyiqə məruz qalan qadını dözümə çağırırlar. Əgər bu çağırışı qarşılaşdığı haqsızlıqlar, təzqiylər qarşılığında üstün tutursa, o zaman ən böyük günahkar həmin qadının özüdür.
Ona da tam əminəm ki, həmin heyvandarlıqla məşğul olan xanıma yaxınlaşıb  niyə bu işlə məşğul olduğunu soruşsam, təxmini verdiyi cavab bu cür olacaq: «Məcburam bu işi görməyə”.
Hələ mən qadın hüquqlarının qorunmasından, qadına qarşı şiddətin artmasından danışmıram, çünki bölgələrdə yaşayan qadınlarımızın əksəriyyət qadın hüququ adlı anlayışın olduğunu heç bilmirlər.
Bu yazının o tip həyat tərzi sürən qadınların oxumayacağına tam əminəm. Amma yenə də yazıram ki, kimsə bunu oxuyarsa, söhbət əsnasında həmin qadınlara belə bir anlayışın olduğunu başa salsınlar.
Sonda bir nümunə yada salmaq istəyirəm: Azərbaycanın məhşur tamaşalarının birində dahi sənətkar Səyavuş Aslan yaratdığı bazarkom Nadir obrazının dili ilə qadınlar haqqında belə deyir: «Füzuli bilirsən qadınlar haqqında nə deyib? Deyib: «Axx, qadınlar, qadınlar, qadınlar”. Arvadı ondan soruşur: «Bəs sonra?”
Bazarkom Nadir: «Sonrasını arvadı qoymayıb yazmağa”.
Bəli, qadınlara münasibət kimin necə baxmağından çox asılıdır. Bəli, axxx, qadınlar, qadınlar, qadınlar.
Paylaş:
Загрузка...