CƏMİYYƏT

Ayaz Mütəllibov Akif Əlinin Lütfi Zadə haqqında dediklərinə görə özündən çıxdı: «Bu, tərbiyəsizliyin təzahürüdür!»

Azərbaycanlı alim olması kimi, vəfatından sonra dəfni də ölkədə birmənalı qarşılanmayan Lütfi Zadə haqqında Akif Əlinin bu gün söylədikləri Ayaz Mütəllibovu da çox təəccübləndirib.

“A24.az”a danışan sabiq prezident “hadisələri izləmirəm, ancaq internetdə oxumuşam ki, məşhur azərbaycanlı alim vəfat edib. Ancaq bu hadisə ilə əlaqədar hansısa fikir yürütmək və təhqiredici fikirlər söyləmək mədəniyyətdən xeyli uzaq bir haldır” fikirləri ilə münasibətini yekunlaşdırmaq istədi.

Lakin Ayaz Mütəllibov dövlət qurumunun təmsilçisinin ağzından çıxan sözləri eşidəndən sonra “məmurun buna ixtiyarı yoxdur. Məmur məmurdur, o, dövləti təmsil edir. Deyilən ifadələr tərbiyəsizliyin təzahürüdür, belə olmaz axı. Özü də rəsmi adamdır” deyərək təəccübünü gizlədə bilməyib.

Xatırladaq ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli Amerikada dünyasını dəyişən və nəşi Azərbaycana gətirilən azərbaycanlı alim Lütfi Zadənin harada dəfn olunacağı ilə bağlı “Qafqazinfo”ya açıqlamasında bunları deyib:

“Səhər-səhər ölü xəbərləri ilə məni narahat etməyin. Belə xəbərlər mənə pis təsir edir. Bu haqda heç nə bilmirəm. Ümumiyyətlə, maraqlanmıram. O fındıqbaş kişi məni maraqlandırmır. Xahiş edirəm, səhər-səhər məndən belə şeylər soruşmayın. Yaxşı şeylər danışaq ki, günümüz yaxşı keçsin”.

Paylaş:
Загрузка...