CƏMİYYƏT

Azərbaycan Ordusu 2017-ci ildə bu yeni silahlarını nümayiş etdirdi – VİDEO

Prezident İlham ƏLİYEV: “Bundan sonra da yeni texnika, silahlar, ən müasir döyüş vasitələri alınır və alınacaqdır”

Geridə qoyduğumuz 2017-ci ildə Azərbaycan Ordusu öz arsenalını yeni silahlarla zənginləşdirməyə davam etdi. “AzeriDefence”nin məlumatına görə, 2017-ci ildə Azərbaycan Ordusu bir sıra xarici və yerli istehsal olan silah və texnikaları silahlanmaya qəbul edərək onları nümayiş etdirdi.

İlin əvvəlində təbii ki, diqqəti çəkən yenilik “İldırım” – orijinal adı “Barak” olan zenit raket kompleksinin silahlanmaya qəbulu idi. Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayiş etdirdiyi bu yeni silah gerçəkdən düşmənləri ildırım kimi vurmuş oldu.

İyun ayının əvvəlində isə Müdafiə Nazirliyi “Xrizantema-S” özüyeriyən tank əleyhinə raket kompleksinin Rusiyadan Bakıya gətirilməsini nümayiş etdirdi. “Xrizantema-S” kompleksinin döyüş dəstində lazer və radiosiqnala idarə olunan 4 fərqli raket tipi, habelə axtarış radarı və optik nişangah yer alır. BMP-3 döyüş maşınlarının şassisi üzərində yerləşməsi onun manevr imkanlarını daha da artırıb.

Başqa bir yeni texnika isə İsrailin “Elbit” şirkətinin istehsalı olan 120 mm-lik “Spear Mk 2” avtomatik minaatan kompleksidir. Minaatan “Plasan” şirkətinin istehsalı olan 4×4 konfiqurasiyalı “Sand Cat” zirehli maşınının üzərində qurulub. Müasir rabitə, atış kompüter, “SmarTMR” adlı multimedia sistemi və GPS ilə təchiz edilən “Spear Mk 2” minaatanı “Cardom” minaatanının yeni nəsli hesab olunur. Minaatanın “SmarTMR” multimedia sistemi müxtəlif sensorlar, silahlar, digər C4İ (komanda, nəzarət, kommunikasiya, kompüter və kəşfiyyat) sisteməri ilə birləşdirilə bilər. Minaatanın doldurulması avtomat və yaxud əllə həyata keçirilə bilər. Kompleksin heyəti 3 nəfərdir. Sərhəd Qoşunlarının istifadəsindəki BTR-70 zirehli maşının üzərində qurulmuş həmin minaatan avqust ayında prezident İlham Əliyevə nümayiş etdirilib.

 

Sentyabr ayında keçirilən hərbi təlimdə isə Azərbaycan Ordusu obrazlı şəkildə ifadə etsək daha bir “bomba partlatdı”. Təlimdə nümayiş olunan Çexiya istehsalı 152 mm-lik “SpGH DANA” özüyeriyən haubitsaları və RM-70 “Vampir” yaylım atəşli reaktiv sistemləri bir neçə ay xarici medianın gündəmi oldu. “Dana” artilleriya kompleksinin maksimum sürəti 80 km/saat, gediş ehtiyatı 600 km, atış uzaqlığı 20 km, heyəti 4, yaxud 5 nəfərdir. Maşının əsas silahı 5580 mm uzunluğunda 152 mm 37 kalibr top, yardımçı silahı 12.7 mm çaplı pulemyotdur.

122 mm-lik RM-70 “Vampir” YARS isə “Tatra T-813” şassisi üzərində yerləşir. Sistem 30 saniyədən az müddətdə 40 raket buraxır. “Vampir”in əsas özəlliklərindən biri də döyüşə hazır 40 raketlə bərabər maşın üzərində əlavə 40 raket blokunun da olmasıdır. Bu sayədə bir sistem vaxt itirmədən qısa müddətdə 80 raketin atışını həyata keçirir. Çexiya istehsalı olan raketlərlə “Vampir” 20381 metr məsafəyə atəş açır və maşın bir buraxılışda 3.5 hektar ərazini məhv edir.

Artilleriya potensialını gücləndirən Azərbaycan Ordusu həm də Türkiyənin ROKETSAN şirkəti tərəfindən “Qasırğa” sistemindən atışlar üçün hazırlanmış TRG-300 “Tiger” raketini əldə edib. İstehsalçı şirkət nümayəndələrinin sözlərinə görə, bu raketin ağırlığı 585 kiloqram, döyüş başlığı 105 kiloqram, mənzili 130 km, dəqiqliyi 10 metrdir. Raket GPS və İNS naviqasiyasına malikdir. TRG-300 raketləri Azərbaycan və Naxçıvan Muxtar Respublikası ərazisindən Ermənistanın paytaxtı İrəvan da daxil olmaqla, ölkənin dərinliyindəki istənilən hərbi hədəfləri vurmağa imkan verir. “Qasırğa”lar oktyabr ayında Naxçıvanda keçirilən hərbi paradda nümayiş olunub.

Başqa bir yenilik isə Pakistanla 10 ədəd “Super Mushshak” təlim təyyarəsinin alınması oldu. Bununla bağlı iyul ayında tərəflər arasında müqavilə imzalandı. “Super Mushshak” təyyarəsi bu gün dünyada öz sinfində həm təhlükəsizliyinə və imkanalarına, həm də qiymətinə görə ən münasib təyyarələrdən hesab olunur. Təyyarənin heyəti 2 nəfər, uzunluğu 7.15 m, qanad açıqlığı 8.85 m, uçuş ağırlığı – 1250 kq-dır. Təyyarə xarici asmada 300 kiloqram yükgötürmə qabiliyyətinə sahibdir.

May ayında Hərbi Hava Qüvvələrində İtaliyanın “Leonardo Aircraft” şirkətinin istehsalı olan yeni nəsil reaktiv M-346 tipli təlim-məşq təyyarəsinin də təqdimatı keçirilib. Yaxın perspektivdə bu təyyarələrin Azərbaycanın istifadəsində yer alacağı gözlənilir.

Dövlət Sərhəd Xidməti isə avqust ayında Xəzər Dənizində keçirdiyi təlimdə ilk dəfə olaraq “Hermes – 900” PUA –nı nümayiş etdirdi. 9100 metr yüksəkliyə qalxa və havada fasiləsiz 36 saat uça bilən PUA-nın faydalı yükü 300 kq, qanad açıqlığı 15 metr, uzunluğu 8.3 metr təşkil edir. “Hermes 900”ün faydalı yükünə elektro-optik/infraqırmızı sensorlar, SAR radarı, radioelektron kəşfiyyat, həmçinin radioelektron mübarizə və hiperspektral sensorlar daxildir. Yeri gəlmişkən, DSX ötən il daha iki ədəd “Tufan” layihəli gözətçi gəmisini istifadəyə qəbul etdiyini açıqlayıb.

Ötən il Azərbaycan hərbi sənayesi üçün də uğurlu olub. Ilin əvvəlində Müdafiə Sənayesi Nazirliyi (MSN) Azərbaycan mühəndisləri tərəfindən dizayn edilmiş və Azərbaycanın ilk milli minaya qarşı qorumalı nəqliyyat vasitəsi olan “Tufan” maşınının eksperimental nümunəsinin təqdimatını keçirib. Daha sonra – may ayında bu maşın Türkiyədəki beynəlxalq sərgidə nümayiş etdirilib. “Tufan”ın ümumi çəkisi 12300 kq, faydalı yükü 3000 kq, heyəti 2 nəfərdir. Maşın 8 desant 8 daşıyır. Maşının uzunluğu 7360 mm, eni 2440 mm,hündürlüyü 2820 mm-dir. “Tufan”ın sürəti 85 km/saat, gediş ehtiyatı 900 km təşkil edir. Maşın 230 at gücündə 8 silindrli, dördtaktlı maye ilə soyuducunun KAMAZ EVRO 2 dizel mühərriki və mexaniki transmissiyaya ilə təchiz olunub. Nəqliyyat vasitəsi NATO-nun STANAG 4569 standartının 3-cü səviyyəsinin tələblərinə cavab verir.  Zirehi üfüqi müstəvidə 360 dərəcə bucaq altında 30 metr məsafədən atılan 7,62×51 mm AP M993 tipli zirehdələn güllədən, 60 m məsafədə partlayan 155 mm-lik qəlpə fuqas mərminin qəlpələrindən və partlayış dalğasından, təkər altında partlayan tank əleyhinəfuqas tipli minadan (8 kq TNT ekvivalenti)  qorumanı təmin edir.

MSN həmçinin “Zərbə” kamikadze pilotsuz uçuş aparatının seriyalı istehsalına başlayaraq qoşunların istifadəsinə verib. 2017-ci ilin sonlarında nazir Yavər Camalov “Zərbə”nin kumulyativ döyüş başlığı ilə dəstləşdirilmiş konfiqurasiyasını testlərinə başlandığını bildirib. Kumulyativ başlığa malik “Zərbə-KH” kamikadze PUA 100 km qədər məsafədə düşmənə zərbə vurmağa imkan verəcək.

2017-ci ildə MSN mühəndisləri tərəfindən yaradılmış “Yalquzaq” snayper tüfəngi də ordunun istifadəsinə verilib.

Prezident Ilham Əliyev 31 dekabrda çıxışında bəyan edib ki, bu gün bütün beynəlxalq reytinqlər göstərir ki, Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır: “Düşmən bunu bilir və bilməlidir. Bundan sonra da ordu quruculuğu üçün bütün lazımi tədbirlər görüləcək, yeni texnika, silahlar, ən müasir döyüş vasitələri alınır və alınacaqdır”.

Paylaş:
Загрузка...