CƏMİYYƏT

Azərbaycanlı alim vəfat etdi

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Siddiqə Rza qızı Məmmədova 2017-ci il avqustun 5-də 93 yaşında vəfat edib.
 
Panorama.az Azərtac-a istinadən xəbər verir ki, prezident İlham Əliyev Siddiqə Məmmədovanın vəfatı ilə əlaqədar başsağlığı verib.
Nekroloqda deyilir:
«Siddiqə Məmmədova 1925-ci il mart ayının 8-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şəhriyar kəndində anadan olub. O, 1940–1943-cü illərdə Gəncə Kənd Təsərrüfatı Texnikumunda oxuyub, 1943–1947-ci illərdə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsində ali təhsil alıb.
Əmək fəaliyyətinə 1952-ci ildən etibarən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda başlıb, 1963-cü ildən ömrünün sonuna qədər isə nazirliyin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsində işləyib.
Siddiqə Məmmədova 1952-ci ildə kənd təsərrüfatı elmləri namizədi, 1971-ci ildə biologiya elmləri doktoru elmi dərəcələrini alıb. O, entomologiya ixtisası üzrə 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib.
Akademik Siddiqə Məmmədova respublikada kənd təsərrüfatı elmləri sahəsində uzunmüddətli səmərəli fəaliyyətinin nəticəsi olan çoxsaylı tədqiqatları ilə tanınıb. O əsərlərində bitkilərin mühafizəsində ekoloji cəhətdən təhlükəsiz və yeni texnologiyaların tətbiqini, eləcə də kənd təsərrüfatı bitkilərinin zərərli faunasına qarşı mübarizə üsullarının işlənib hazırlanmasını xüsusilə diqqət mərkəzində saxlayıb.
Siddiqə Məmmədovanın bitki mühafizəsi sahəsində apardığı çoxillik araşdırmaların nəticələri 200-dən artıq elmi əsərdə, o cümlədən 3 monoqrafiya və 5 tədris vəsaitində əksini tapmışdır. Müxtəlif ixtiralara görə 10-dan çox patent alıb.
Alim bir neçə çağırış yerli sovet və Azərbaycan Ali Sovetinin deputatı da seçilib.
S. Məmmədova ölkədə elmin inkişafı sahəsindəki xidmətlərinə görə «Şöhrət” və «Şərəf” ordenlərinə, «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.
Allah rəhmət eləsin!”
İlham Əliyev
Mehriban Əliyeva
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Akif Əlizadə
Heydər Əsədov
Mikayıl Cabbarov
Dilqəm Tağıyev
Əhliman Əmiraslanov
Məmməd Salmanov
Məhərrəm Babayev
Qərib Məmmədov
Urxan Ələkbərov
İbrahim Cəfərov
Elmar Vəliyev
Paylaş:
Загрузка...