CƏMİYYƏT

Bakı funikulyoru haqqında 8 maraqlı fakt

Bakı funikulyoru şəhərimizə açılan mükəmməl görüntünü görmək üçün əla vasitədir. Yüksəkliyə qalxdıqca qarşımızda açılan mənzərə daha da gözəlləşir və şəhərin bütün gözəlliyini tam formada görə bilirik. Bəs funikulyorun tarixi haqqında nə bilirik? Gəlin, bir neçə maraqlı məqama nəzər salaq.

1. Bakı funikulyoru tanınmış dövlət xadimi, əməkdar mühəndisi Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilib. İlk dəfə 1960-ci il mayın 5-də istifadəyə verilib.

2. SSRİ zamanında funikulyorun qatarları xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilib.

3. İki stansiyadan ibarət funikulyorun vaqonları saniyədə 2,5 metr sürətlə hərəkət edərək bir stansiyadan digərinə 4 dəqiqəyə çatırdı. Vaqonlararası intervalı 10 dəqiqə olan funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik idi.

4. Funikulyorun cəmi 2 stansiyası var: “Bəhram Gur” və “Şəhidlər Xiyabanı”. Stansiyalar arası məsafə 455 metrdir. Bəhram Gur stansiyası Azneft meydanına çıxır. “Şəhidlər Xiyabanı” stansiyası Dağüstü parka çıxır.

5. Dörd dəfə təmir səbəbiylə bağladılıb. İlk dəfə 1980-ci illərin sonlarında qəza vəziyyətində olduğu əsas gətirilərək istifadəsi dayandırılıb. Uzun müddət istifadəsiz qalan bu nəqliyyat vasitəsi 2001-ci ilin sonunda təmir edilərək yenidən istifadəyə verilib. Növbəti dəfə isə 2007-ci ildə təmir olunub. Bu təmirdən sonra vaqonların hərəkəti zamanı yaranan müxtəlif səs-küylər minimuma endirilib. Lakin budəfəki təmir də funikulyoru uzunömürlü etməyib. Müəyyən fasilələrlə işləyən funikulyor 2011-ci ilin aprelində yenidən əsaslı təmirə dayandırılıb. Nəhayət, 2012-ci il may ayının 23-də funikulyor tam müasir görkəmdə yenidən insanların istifadəsinə verildi.

6. Bakı funikulyoru kompüter sistemi ilə idarə olunur. Texniki nasazlıq aşkarlandığı halda, dərhal mərkəzə məlumat ötürülür. Beləcə, baş verə biləcək problemin qarşısını vaxtında almaq mümkün olur.

7.Hər iki stansiyadan vaqonlar eyni vaxtda eyni relslə stansiyanı tərk edir, yolun tam yarısında bir-biri ilə qarşılaşanda ayırıcı relslərlə ötüşürlər. Vaqonlar bir-birini ötüb keçdikdən sonra yenidən eyni relslə hərəkət edirlər.

8. Vaqonların oturacaq sayı (28), getdiyi yolun zamanı (4 dəqiqə), relsin uzunluğu (455.5 m) və s. göstəricilər olduğu kimi saxlanılıb.

pahoo.az

Paylaş:
Загрузка...