CƏMİYYƏT

Bakıda şok əməliyyat: 1 yaşlı Yusifi qıza çevirdilər

Elmi-Tədqiqat Pediatriya İnstitutunda unikal əməliyyat baş tutub.

Medicina.az xəbər verir ki, 2 il əvvəl Məmmədovlar (şərti – red.) ailəsində doğulan uşağın oğlan və ya qız olduğunu doğum evində təyin edə bilməyiblər. Oğlana məxsus cinsiyyət orqanına oxşayan orqana sahib körpənin əvvəlcə kişi cinsinə məxsus olduğu düşünülüb. Lakin daxili orqanlarının qadına məxsus olduğu müəyyən edildikdən sonra uşaq uzun müddət hormonal müalicə alıb. Ailə körpəni oğlan uşağı kimi təqdim edib, hətta adını da Yusif qoyub.

Lakin 1 yaşına çatanda yenidən müayinə olunan Yusifin əməliyyatla qadın edilməsinə qərar verilib.

Beləliklə, Yusif Elmi-Tədqiqat Pediatriya institutunda əməliyyata alınıb. Uşaq cərrahı Gündüz Ağayevin keçirdiyi əməliyyat uğurla başa çatıb və körpə həqiqi cinsiyyət orqanına qovuşub.

Həkimin sözlərinə görə, doğulanda körpədə uşaqlıq yolu bağlı olub, hormonal pozğunluq nəticəsində klitor çox böyüdüyündən cinsi orqan kişi cinsiyyət üzvünə bənzəyib.

«Amma uşaq əməliyyatdan öncə endokrinoloqun da müalicəsini alıb. Çünki hormonal balans qaydaya salınmalıdır. Bu körpədə uşaqlıq, yumurtalıqlar, xarici cinsiyyət üzvü də qadına məxsus idi. Sadəcə, hormonal pozğunluq var idi. Xaricən də əməliyyat edib qüsuru düzəltdik, uşaqlıq yolu açıldı”, — deyə cərrah bildirib.

G. Ağayev vurğulayıb ki, belə patologiya ilə doğulmuş uşaqlarda 1 yaşına kimi əməliyyat vacibdir: «Çünki uşaq böyüdükcə, olduğu vəziyyətə öyrəşir, oğlan kimi böyüdülürsə, onu birdən-birə qız olduğuna alışdırmaq psixoloji baxımdan çətin olur. Əgər 13-17 yaşında belə əməliyyat olarsa, uşaq dözməyib özünə qəsd də edə bilər”.

Əməliyyatdan sonra valideynlər «oğlanlarının” qız olmasına heyfslənməyiblər, əksinə, seviniblər və uşağın adını dəyişib Mələk ediblər.

Paylaş:
Загрузка...