CƏMİYYƏT

Bakıdakı məşhur bazarın keçmiş sahibi özünü niyə öldürdü? — TƏFƏRRÜAT

Bakı şəhərinin Suraxanı rayonunda biznesmenin intihar etməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, bir vaxtlar iş adamı kimi tanınan və Yasamal rayonundakı “Şüşəli bazar”ın sahibi olan Qulu Quliyevin külli miqdarda kredit borcuna görə özünü öldürdüyü məlum olub. Belə ki, son illər uğursuzluq zolağından çıxa bilməyən və biznesi batan iş adamının 3 banka külli miqdarda borcunun olduğu müəyyənləşib. Onun fəaliyyətini dayandırmış banklardan birinə 90 min manat borcunun olduğu məlum olub. Həmçinin başqa iki bankdan götürdüyü kreditləri də vaxtında qaytara bilməməsi Q.Quliyevi çıxılmaz vəziyyətə salıb.

Hadisənin baş vermə şəraitinə gəlincə, dekabrın 2-nə keçən gecə Q.Quliyev yaşadığı Hövsan qəsəbəsindəki fərdi yaşayış evinin həyətində özünü asıb. Dünən səhər saatlarında ailə üzvləri onun cansız bədənini asılı vəziyyətdə aşkarlayıblar.

Araşdırmalar davam etdirilir.

*****

2 dekabr

Bakıda intihar hadisəsi baş verib. Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Qulu Quliyev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Q. Quliyevin Bakının Yasamal rayonu ərazisində yerləşən və «Şüşəli bazar» kimi tanınan ticarət mərkəzinin keçmiş sahibi olduğu bildirilir.

Paylaş:
Загрузка...