CƏMİYYƏT

“Bircə günlük aviazərbələr nəticəsində 500-dən çox erməni hərbçi öldürdük…” — “KarabakhTV”

Polkovnik Ş.Ramaldanov: “Heydər Əliyev məni dinlədi və dedi ki, gözləyin…”
(Əvvəli bu lunkdə: moderator.az/news/207217.html )
Xəbər verdiyimiz kimi, 24 il öncə — 1994-cü ilin bu günlərində keçirilmiş məşhur Horadiz əməliyyatının qəhrəmanlarından biri, həmin uğurlu əməliyyatın həlledici zərbə qüvvələrindən olmuş  keçmiş 702-ci briqadanın komandiri, polkovnik Şair Ramaldanovun “KarabakhTV”-yə rus dilində verdiyi müsahibə ermənilərin hal-təbdən çıxmasına  səbəb olub.
Moderator.az aktuallığını nəzərə alaraq sözügedən müsahibənin ən maraqlı və bu günədək Azərbaycan KİV-də dərc olunmamış məqamlarının Azərbaycan türkcəsinə tərcümə edilmiş mətnini nəzərinizə çatdırır:
“…Horadiz  qəsəbəsi və 22 kəndimiz  azad olunduqdan sonra 1994-cü ilin mayınadək iki dəfə erməni tərəfi ilə atəşkəs haqqında razılıq əldə edilmişdi. Lakin hər  dəfə razılaşmanın ertəsi günü ermənilər məqamdan yararlanaraq yenə də atəşkəsi pozurdular.  Bəs nəyə görə Ermənistan 1994-cü ilin mayında atəşkəs müqaviləsini imzalamağa razı oldular?  Həmin ilin aprelində Ermənistan ordusu Beyləqan və İmişli də daxil olmaqla Azərbaycanın növbəti ərazilərini işğal etmək məqsədi ilə geniş əks-hücum əməliyyatı hazırlayırdı. Və bu səbəbdən Horadiz istiqamətində düşmənin kifayət qədər qüvvəsi cəmlənmişdi. Bizdə olan kəşfiyyat məlumataları belə nəticəyə gəlməyə əsas verirdi ki, həmin hücumun qarşısını almaq üçün bizim bölgədəki gücümüz yetərli deyildi. Odur ki, mən ermənilərin müəyyən mövqelərinə hava zərbələri vurulması üçün müdafiə nazirinə müraciət etməli oldum.  Düşmən qüvvələri əsasən  kənd  Horadizdə, eləcə də Yuxarı Seyidəhmədli,  Qorqan və Yuxarı Əbdürrəhmanlı kəndlərində cəmlənmişdi.  Ancaq o vaxtkı müdafiə naziri cavab verdi ki, onun sərəncamında bu əməliyyatları icra edə biləcək resurslar yoxdur. O  halda mən nazirdən Ali Baş Komandana müraciət etmək üçün icazə istədim. O razılaşdı və mən cənab prezident  Heydər Əliyevə müraciət edərək  ona cəbhədəki gerçək vəziyyət və müdafiə nazirinin cavabı haqda məruzə etdim. Mən bu addıma getməli idim, çünki yaranmış situasiyanın  nə ilə nəticələnəcəyini bilirdim. Ali Baş Komandan məni dinlədi. Cavab verdik ki, vəziyyəti anladım, gözləyin. Cəmi 10 dəqidəyə yaxın vaxt keçdi və müdafiə naziri zəng edərək dedi ki, mən Horadiz istiqamətinə hərbi təyyarələri yollayıram. Beləliklə, biz  təyyarəçilərlə əməliyyatı hazırladıq və sadalanan məntəqələrdəki düşmən mövqelərinə  hava zərbələri endirildi. Bizim təyyarəçilər əməliyyatı uğurla yerinə yetirdi. Radio-kəşfiyyat vasitəsilə erməni hərbçilərin öz komandanlığına verdiyi məlumatları öyrəndik. Məlum oldu ki, hava zərbələrinin yalnız 1-ci günündə  erməni hərbi birləşmələri 500-dən çox itki veriblər. Bunadək ermənilər bir gündə belə itkilər verməmişdi. Horadiz əməliyyatı zamanı da onlar bu qədər itki verməmişdilər. Ona görə ki, həmin vaxt erməni hərbçilər panika içində qaçırdılar…
Bu minvalla ermənilərin gücü xeyli sarsıldı. Doğrudur, onlar yenə də əks-hücuma keçdilər. Lakin döyüşçülərimiz qəhrəmanlıqla bu  hücumları dəf etdilər. Həmin döyüşlər zamanı bizim briqadanın səngərlərindən birində cəmi 6 əsgər qalmışdı. Bütün bunlara rəğmən komandir və zabitlərimizin də cəsarət və bacarığı sayəsində bu hücumun da qarşısını aldılar. Ermənilər isə yenə də böyük itkilər verdilər. Təbii ki, Ermənistan ordusunun ciddi itkilər haqda informasiya ölkənin daxilinə də sızdı.  Onlar əvvəllər öz itkilərini Ermənistan sakinlərindən gizlədirdilər. Ancaq 500-dən çox itkini gozlətmək mümkün deyildi. Bizdə olan kəşfiyyat məlumatlarına görə, erməni əsgərlərinin ata-anaları Ermənistan ordusunun Füzuli istiqamətindəki mövqelərinə axın etməyə, etiraz aksiyaları keçirməyə başlamışdılar. Və görünür,  bir günlük aviazərbələr nəticəsində 500 nəfərlik itki Ermənistanda döyüş ruhunu sındırmışdı. Nəticədə Ermənistan sakinlərinin, əsgər valideynlərinin də tələblərini nəzərə alan erməni komandanlığı 1994-cü ilin mayında atəşkəs  barədə Bişkek protokolunu imzalamağa məcbur oldu…
— Cənab polkovnik, maraqlıdır ki, 1994-cü ildə 23 məntəqənin azad olunduğu Horadiz əməliyyatına rəsmi Moskva gec reaksiya verdi. Lakin cəmi bir neçə yüksəkliyin nəzarətə götürüldüyü 2016-cı il Aprel döyüşləri zamanı Moskva dərhal əməliyyatların dayandırılması üçün əl-ayağa düşdü… 
— Görünür, Moskva düzgün informasiya almayıb. Aprel döyüşləri zamanı Azərbaycan ordusunun torpaqların azad edilməsi üçün genişmiqyaslı hücuma keçmək planı yox idi.  Məsələ ondadır ki, həmin istiqamətlərdə Azərbaycanın işğal altındakı ərazilərindəki erməni silahlı birləşmələri ordumuzun nəzarətində olan yaşayış məntəqələrini mütəmadi atəşə  tuturdu. İnsanlar arasında itkilər və yaralılar olur, evlərə, məktəblərə və s. də ziyan dəyirdi. Və bütün xəbərdarlıqlara  və danışıqlara rəğmən  erməni tərəfi atəşi dayandırmırdı. Odur ki, Azərbaycan komandanlığı  orduya intensiv atəş açılan həmin erməni mövqelərini yaşayış məntəqələrindən  xeyli geri atmaq tapşırığı verdi. Və Azərbaycan ordusu qısa müddətdə bu tapşırığı yerinə yetirərək təmas xəttindəki sakinlərin nisbi təhlükəsizliyini təmin etdi.  Moskva isə həmin vaxt, yəqin ki, Azərbaycanın genişmiqyaslı hücum əməliyyatlarına başladığını güman edib. Odur ki,  belə tez reaksiya verib. Və hamıya məlumdur ki, Qarabağ məsələsinin açarı Moskvadadır. Əgər Moskva istəsə, Qarabağ məsələsi qısa müddətdə və qansız həll edilər…”
Paylaş:
Загрузка...