CƏMİYYƏT

Böyük əfv və amnistiya: siyasilərdən kimlər azadlıqda olacaq…

“Biz artıq siyasi məhbus problemini qapadıb başqa işlərlə məşğul olmalıyıq” – hüquq müdafiəçisi
Əfv Komissiyasının iclasları intensivləşib. Son olaraq,  komissiya fevralın 8-də toplaşıb və 100-ə yaxın müraciətə baxıb. Artıq əfvin veriləcəyinə şübhə qalmayıb. Budəfəki əfvin daha çox məhbusa şamil olunacağı deyilir. Bu ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının yüz illiyi, eləcə də sabiq prezident Heydər Əliyevin 95 illiyi ilə bağlı geniş amnistiya aktının qəbul olunacağı da deyilir.
Hüquq müdafiəçisi Səidə Qocamanlı “Yeni Müsavat”a açıqlamasında olduqca ümidli danışdı: “Bildiyimiz kimi, Əfv Komissiyası mütəmadi olaraq fəaliyyət göstərir. Yəni onlar işlərini səngitmədən aparırlar. Bu il ölkəmiz üçün çox önəmlidir. İlk növbədə Cümhuriyyətimizin yüz illiyini təmtəraqla qeyd etməliyik. Digər tərəfdən ölkəmizdə milli ordunun yaranmasının da 100 illiyidir. Hazırda Azərbaycan növbədənkənar prezident seçkiləri ərəfəsindədir. Bu tarixləri bir-birinin ardınca qısa fasilələrlə yaşayacağıq. Bütün bunlardan öncə də qarşıdan millətimizin ən sevimli bayramlarından olan Novruz bayramı gəlir. Bütün bu tarixlərin fonunda əfv sərəncamının verilməsi labüddür. Adətən Novruzda əfv sərəncamları verilib. Bu əfv sərəncamlarında elə olub ki, çoxsaylı məhbuslar azadlığa buraxılıblar. Elə də olub ki, biz pərişan olmuşuq, çünki tək biz yox, beynəlxalq təşkilatları da yaxından maraqlandıran şəxslər azadlığa buraxılmayıblar. Müxtəlif hisslər az yaşamamışıq. Düşünürəm ki, bu ilin əfv sərəncamı çox önəmli olmalıdır. Çünki belə önəmli tarixlərin fonunda bu ölkədə bir barışıq mühiti yaradar. Beynəlxalq təşkilatların daim ölkəmizin üzərinə yüklədiyi siyasi məhbus problemi, nəhayət, bu il həll olunar. Anlayıram ki, bu sərəncam tək siyasilərə deyil, bir çox insanlara şamil olunmalıdır. Elə məhbuslar var ki, ya xəstəlikləri, ya da cəzalarının böyük bir hissəsini çəkdikləri üçün və ən nəhayət, humanistlik nöqteyi-nəzərindən azadlığa buraxıla bilərlər. Hər halda əfv sözü öz-özlüyündə humanizm, əfvetmə, bağışlamaq  deməkdir. Ona görə də, biz Novruz bayramında böyük əfv gözləyirik. Bilirsiniz ki, bizlər də Əfv Komissiyası ilə işləyirik, onlara öz siyahılarımızı təqdim edirik, məktublarımızı ünvanlayırıq. Bu il də belə olub.
Səidə Qocamanlı ile ilgili görsel sonucu
Səbirsizliklə əfvi gözləyirik. Biz ümumiyyətlə, istərdik ki, bizi və beynəlxalq təşkilatları narahat edən, ölkəmiz üçün qınaq yeri olan siyasi məhbus problemi həll olunsun, onların hamısı azadlığa buraxılsın və ən nəhayət, ölkəmiz üzərindən o problem götürülsün. Biz daim səsləndiririk ki, Azərbaycanda söz, toplaşma azadlığı var. Avropa Konvensiyasında olan azadlıqlara Azərbaycanda riayət olunduğunu daim dilə gətiririk. Gəlin bunu sözdə deyil, əməldə görək. Ona görə onların hamısının azadlığa buraxılması çox vacibdir. Mən şəxsən istərdim ki, əfv siyahısında gənc siyasətçilərimiz, gənclər təşkilatlarının üzvləri, siyasi partiyaların nümayəndələri, Azərbaycan cəmiyyətinə önəm verən jurnalistlər olsun. Bu əfv sərəncamı real olmasa da, Əli İnsanov kimi məhbuslara da şamil olunsun. Biz artıq siyasi məhbus problemini qapadıb başqa işlərlə məşğul olmalıyıq. Ölkəmizdə siyasi məhbus problemindən əlavə o qədər problemlərimiz var ki, biz hüquq müdafiəçiləri nəzər yetirib, bunlarla bağlı işləməliyik. Onların hər biri də insan hüquqlarıdır. Əfv sərəncamı böyük bir formatda verilsə, bu problemdən biz qurtula bilərik”.
Hüquq müdafiəçisi əfv sərəncamı ilə bağlı son sözün prezidentə məxsus olduğunu da qeyd etdi: “Bir faktı unutmamalıyıq ki, əfv sərəncamı birbaşa prezidentin müstəsna səlahiyyətinə aiddir. Yəni Əfv  Komissiyası nə qədər işləsə də, siyahını prezidentə təqdim etsə də, son söz onundur. Əminəm ki, adları Əfv Komissiyasının verdiyi siyahılarda olmayan şəxslərin adlarını belə həmin siyahıya özü əlavə edib, bu problemdən ölkəni qurtara bilər. Burada əsas söhbət ölkəmizin şansından getməlidir. Azərbaycan bir daha göstərməlidir ki, biz özümüz ölkə daxilində bu problemi həll etməyə, heç bir təzyiqə, heç kimin sözünə baxmayaraq, özümüz bu problemləri aradan qaldırmağa qadir ölkəyik. Mən bir vətəndaş olaraq, Cümhuriyyətimizin yüz illiyinə böyük önəm verirəm. Bu bizim hamımızın ən əziz bayramlarından biridir. Cümhuriyyətimizin qoyduğu demokratiya, insan hüquqları, söz azadlığı kimi təməllərin həyata keçirilməsini, yüz il əvvəl babalarımızın yaratdığı ölkəni görmək istəyirik. Allah bizə 2018-ci ildə böyük şans verib, bu şansdan yararlanıb, bu problemi həll etməliyik”.
Paylaş:
Загрузка...