CƏMİYYƏT

“Bu qadağa 8 min insanı işsiz qoyacaq” — Millət vəkilindən ETIRAZ

Milli Məclisin oktyabrın 31-də keçirilən plenar iclasında Mülki Prosessual Məcəlləyə, İnzibati Prosessual Məcəlləyə və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna dəyişiklər çox ciddi, gərgin müzakirələr şəraitində keçdi. Müzakirələr zamanı çıxış edən əksər millət vəkilləri adıçəkilən qanunlarda nümayəndəlik institutunun ləğvinə etiraz ediblər. Etiraz edən deputatlar Azərbaycanda vəkillərin sayının az olmasından nümayəndəlik institutunun ləğvinin ciddi problemlərə yol açacağını dilə gətirərək, bu qanunlara nəzərdə tutulan dəyişikliklərin əleyhinə səs verəcəklərini bildiriblər. Adıçəkilən qanunlara nəzərdə tutulan dəyişikliklərin əleyhinə səs verən millət vəkillərdindən biri də Çingiz Qənizadə olub.

«Qafqazinfo» xəbər verir ki, deputat Çingiz Qənizadə nümayəndəlik institutunun ləğvi və yaradacağı problemlərlə bağlı Gununsesi.info-ya açıqlamasında deyib ki, burada ən çox mübahisə doğuran məsələ Mülki Prosessual Məcəllədə nümayəndəlik institutunun ləğvini nəzərdə tutan dəyişiklik oldu.

“Belə ki, bu günə kimi Mülki Prosessual Məcəllə nümayəndəlik institutunun fəaliyyətinə imkan verirdi, ancaq dəyişiklik artıq bu institutun fəaliyyətini demək olar ki, məhdudlaşdıracaq. Qanuna nəzərdə tutulan dəyişiklik qanunvericilik təşəbbüskarlığına uyğun olaraq Ali Məhkəmənin sədri Ramiz Rzayevin imzası ilə Milli Məclisə daxil olub. Və orada, məhkəmə icraatında nümayəndəlik institutunun məhdudlaşdırılması deyil, əksinə nümayəndəlik institutunun təkmilləşdirilməsi nəzərdə tutulurdu. Amma  biz dəyişikliyə baxanda, hər şeyin əksi olaraq nümayəndəlik institutunun ləğvinə yönələn addımların şahidi olduq”- deyə, Ç.Qənizadə vurğulayıb.

Millət vəkili əlavə edib ki, burada ən çox mübahisə doğuran məqam isə Mülki Prosessual Məcəllədəki 69.1-1.maddəsi ilə bağlı oldu: “Bu məsələ birinci dəfə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə ediləndə orada belə maddə yox. Müzakirələrin yekunu olaraq müəyyən düzəlişlərlə birgə yenidən işlənməsi üçün geri qaytarıldı. Və bundan sonra qanuna yeni maddə əlavə edilərək yenidən müzakirəyə çıxarıldı. Yeni təklifə əsasən isə bu maddədə fiziki şəxsin ancaq yaxın qohumu və ya vəkili məhkəmə prosesinə çıxa bilər. Lakin əvvəlki variantda fiziki şəxsin nümayəndəsi də ola bilməzdi. Yalnız Məcəllənin 69.2 mddəsində nəzərdə tutulduğu kimi hüquqi şəxslərin nümayəndələrin xidmətindən istifadə hüququ nəzərdə tutulurdu. Lakin burada da müəyyən dəyişiklik edilərək, hüquqi şəxsin mövqeyini ancaq o idarə və təşkilatda çalışan şəxs, hüquqi şəxsin hüququnu qoruya bilər. Düzdür, bu məsələ elə də ciddi gərginlik yaratmadı”.

Ç.Qənizadə bildirib ki, bu məsələ ciddi gərginliyə səbəb olub: “Bizdə olan məlumata görə, bu gün ölkədə iki minədək qeydiyyatdan keçmiş  hüquqşünaslar nümyəndəlik fəaliyyəti ilə məşğul olur. Bundan əlavə, haradasa 6-7 min nəfər də qeydiyyatdan keçməyən şəxs fərdi qaydada  nümayəndəlik fəaliyyətiylə məşğuldur. Ona görə də biz məsələni belə qoyduq ki, əgər bu pərakəndliyi aradan qaldırmaq istəyiriksə, o zaman nümayəndəlik institutunu tamamilə ləğv etmədən qanunvericiliyi təkmilləşdirək. Biz yaranmış vəziyyətdən çıxış yolu kimi qanunvericiliyə nümayəndəliklə məşğul olan şəxslərin hüquq firmaları yaratmaqla problemin həlli yolunu təklif etdik. Qoy ali təhsilli hüquqşünaslar hüquq firmalarını yaradaraq nümayəndə kimi insanlara hüquqi yardımlar göstərsinlər. Bu yolla həm pərakəndəliyi aradan qaldırmaq mümkün olacaq, həm də nümayəndə kimi fəaliyyət göstərənlər öz üzərlərində məsuliyyət dərk edəcəklər. Digər məqam isə bu hüquq firmaları yeni iş yerlərinin açılmasına və bunun nəticəsində bu firmalar vergi ödəyici kimi büdcəyə gəlir gətirəcək. Burada çalışan şəxslər ailələrini dolandıracaqlar. Əks təqdirdə isə belə bir institutu ləğv etməklə işsizlik ordusunun sayının artmasına xidmət edəcəyik ki, bu da sonda ciddi problemlərə yol açacaq”.

Millət vəkili əlavə edib ki, qanunvericilikdə nümayəndəlik institutunu ləğv etməklə təqribən 8 minədək insanı fəaliyyətdən uzaqlaşdırıb, insanları işsiz və onların ailəsini ac qoyacağıq: “Odur ki, məsələ bu cür həll olunmamalıdır və bu məsələ ciddi kompleks yanaşma tələb edir”.

Ç.Qənizadə deyib ki, bu gün Azərbaycanda 370 minə yaxın mülki işə baxılır: “Bunların da mütləq əksəriyyətində nümayəndələr iştirak edir. Bu gün Azərbaycanda 480 hakim 900-ə yaxın vəkil var. Və bu 900 vəkil 370 min mülki və inzibati işlərə baxışı zamanı insanlara bir vəkil kimi necə xidmət göstərə biləcəklər? Axı bu fiziki cəhətdən də mümkün deyil”.

Burada xüsusi bir məqama diqqət çəkən millət vəkili deyib ki, əgər nümayəndələr məhkəmə proseslərinə 100-200-300 manat müqabilində çıxırdılarsa, nümayəndəlik institutunun ləğvindən sonra əhalinin kasıb təbəqəsi məhkəmədə müdafiə imkanından məhrum olacaq: “Nümayəndəlik institutunun ləğvindən sonra vəkillik fəaliyətində xidmət haqqı avtomatik bahalaşacaq. Vəkillik institutu monopolist  qismində çıxış etməklə qiymətləri qaldıracaq. Bundan sonra 100-300 manat arasındakı işlərə 500-1000 manat istəyəcəklər. Nəticədə əhalinin kasıb təbəqəsi hüquqi müdafiədən məhrum olacaq. Burada digər əsas məqam isə ondan ibarət olacaq ki, vəkillər müştəriləri arasında fərq qoyacaq. Kim daha çox pul ödəyəcəksə, vəkil onun hüququnu müdafiə edəcək. Bəs kasıb, imkansız təbəqənin hüququnu kim müdafiə edəcək?”.

Ç.Qənizadə deyib ki, əgər burada söhbət keyfiyyətli müdafiədən gedirsə və nümayəndələr arasında xeyli sayda savadsız, hüquqşünas olmayan insanların olduğu əsas gətirilirdisə, bəs, o zaman dəyişiklikdən sonra yaxın qohumların müdafiəsinə çıxan şəxslərin savadlı, peşəkar olacağına kim zəmanət verəcək: “Yeni dəyişikliyə əsasən nümayəndələr ancaq yaxın qohumların məhkəməsində iştirak edib, onların hüquqlarını müdafiə edəcəklər. Bu nümayəndə işsiz, bədən tərbiyəsi müəllimi də ola bilər. Belə olanda məhkəmədə hansı keyfiyyətli müdafiədən söhbət gedə bilər”.

Millət vəkilinin fikrincə, nə qədər ki, “Vəkil və vəkillik fəaliyyəti haqqında” Qanun təkmilləşdirilməyib, vəkillik institutuna işə qəbul sadələşdirilməyib, Azərbaycanda vəkillərin sayı bir neçə minə qaldırılmayıb, qanuna belə dəyişikliyi qeyri-məqbul hesab edir: “Bunu etmək olmazdı. Sizə bir statistik məlumatı xatırladım ki, Avropa Şurasının açıqladığı rəqəmə əsasən Azərbaycan qurumda üzv olan ölkələr sırasında hər yüz min nəfərə düşən vəkil sayına görə ən axrıncı yerdədir. Lüksemburqda hər yüz min nəfərə 384, Ukraynada 244, 5 milyonluq Gürcüstanda 82,6  vəkil düşdüyü halda, 10 milyonluq Azərbaycanda hər yüz min nəfərə 8,9 vəkil düşür. Bu sayda olan vəkil korpusu ilə vətəndaşlara necə xidmət göstərə biləcək və minlərlə nümayəndənin işini öz üzərinə götürüb həll edə biləcək. Əlbəttə ki, bu mümkün olmayacaq. Bu mümkün olmadığına görə də, hesab edirəm ki, bu boşluq ciddi səs-küyə səbəb olacaq, problemlər yaradacaq. Nəticədə məhkəmələrdə vətəndaşlar normal müdafiədən kənarda qalmış olacaqlar”.

İndiyədək Azərbaycanda ciddi vəkil korpusunun yaranmaması səbəbindən danışan millət vəkili deyib ki, son 3 ilə yaxın müddətdə, daha doğrusu 2 il 7 ay ərzində vəkillərin işə qəbulu baş verməyib: “Niyə görə bu müddət ərzində vəkil işə qəbul edilməyib. Səbəb isə vəkilin işə qəbulu ilə bağlı “Vəkil və vəkillik fəaliyyəti haqqında“ Qanunun 8-ci maddəsində nəzərtə tutulan tələblərdir. Burada elə tələblər qoyulub ki, bu ağlabatan deyil. Digər məqam isə vəkil kimi fəaliyyət göstərmək üçün test balının həddən yuxarı;- 60 bal səviyyəsində müəyyən edilməsidir. Bu balı kim müəyyən edib?! Haradan götürülülb?! Təbii ki, bunu Vəkilllər Kollegiyası özü müəyyən edib.

Hesab edirəm ki, Vəkillər Kollegiyası qapını açmalı, kim vəkil kimi fəaliyyət göstərmək istəyirsə, ona şərait yaratmalıdır. Yəni vəkil fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün şərtlər sadələşdirilməli, bal səviyyəsi aşağı endirilməlidir. Təbii ki, biz qapını aç deyəndə, kim gəldi  vəkil kimi fəaliyyət göstərməsini nəzərdə tutmuruq. Hüquqi təhsili olan, hüquq-mühafizə orqanlarından qovulmayan, ağlı başında olan peşəkarlar müsahibə yolu ilə işə qəbul olunmalıdır”.

O, eyni zamanda bildirib ki, nümayəndəlik institutunun ləğvi Ədliyyə Nazirliyinin lisenziyası ilə Nazirlər Kabinetinin 1 may 1998-ci il tarixli pullu xidmət haqqındakı 103 saylı qərarına da öz təsirini göstərib, onun faktiki olaraq qüvvədən düşməsinə səbəb olacaq: “Yəni bu qərar hüquqi qüvvəsini itirmiş olacaq. Çünki bu qərara əsasən insanlar  Ədliyyə Nazirliyindən aldığı lisenziya əsasında pulli xidmət əsasında nümayəndə kimi fəaliyyət göstərirdilər. Qanunverciliyə müvafiq dəyişiklik, bu qərarın da fəaliyyətini məhdudlaşdırmış olacaq”.

Qanunvericiliyə belə müddəanın tələm-tələsik salınmasının mahiyyətini anlamadığını qeyd edən millət vəkili deyib ki, belə bir təklifin parlamentdə tələm-tələsik qəbul edilməsinin qəbul edilməsinin məqsədi nə idi və bu nəyə xidmət edirdi sondadək başa düşə bilməyib: “Belə bir ciddi dəyişiklik ölkənin hüquq ictimaiyyəti tərəfindən geniş müzakirə olunmadı. Daha doğrusu ölkədə fəaliyyət göstərən geniş  hüquqşünas cəmiyyəti və təşkilatlarının iştirakı təmin edilmədi. Onların mövqeyi öyrənilmədi. Bax, belə tələm-tələsik qəbul edilən qanun sonda məhkəmələrin fəaliyyətində xaos yaradacaq. Nə qədər ki, Azərbaycanda çoxminlik vəkillik korpusu formalaşdırılmayıb və vəkil kimi fəaliyyət göstərmək üçün işə qəbul proseduru asanlaşdırılmayıb işlər çətin olacaq. Ona görə də mən bu dəyişikliklərin əleyhinə səs vermişəm”.

Millət vəkili problemin bu cür həllinə narazılığını bildirərək deyib ki,  qolda yara varsa, onu kəsməklə həllinə nail olmaq olmaz: 

“Qolu kəsmək xilas yolu deyil, müalicə olunmalıdır. Bir daha təkrar edirəm, məsələnin həllində ən optimal variant hüquq firmaları yaratmaqla nümayəndəlik institutunu saxlamaq idi.

Digər həll variantı isə Vəkillər Kollegiyası nümayəndəliklə məşğul olanlara qapılarını açıb, onların vəkil kimi fəaliyyət göstərməsinə imkan yaratmalıdır. Düzdür, Vəkillər Kollegiyası onların hüquq məsləhətxanalarında yerin olmaması ilə izah edə bilər. Yerin olmaması problem deyil. Onlardan bir çoxu ofis tuta bilər. Və yaxud kimisi gedib çayxanada əyləşib özünə müştəri tuta bilər. Əsas odur ki, onlara imkan yaratmaqla, bu şəxslərin marağı olacaq ki, işləyib pul qazansınlar. Əks təqdirdə mövcud formada qanunun qəbulu işlək mexanizm olmayacaq və işlərsə də ciddi problemlərlə üzləşəcək. Hətta vəkillər özləri etiraf edirlər ki, onlar belə olan halda işin öhdəsindən gələ bilməyəcəklər”.

Ç.Qənizadə deyib ki, nümayəndəlik institutunun ləğvi ilə bağlı artıq ölkə hüquqşünasları ölkə başçısına müraciət edib.

Deputat sonda onu da əlavə etdi ki, qanuna dəyişikliyin əsas mahiyyətini guya nümayəndəlik fəaliyyəti ilə məşğul olan bəzi şəxslərin milli maraqlara, dövlətçiliyə zidd hərəkətləri ilə izah ediblər: “Guya bu şəxlər məhkəmə çəkişməsinin Avropa Məhkəməsinədək gedib çıxamasına çalışırdılar. Kim hesab edirsə ki, qanuna dəyişiklikdən sonra bu olmayacaq, yanılır. Nümayəndə vətəndaşın sənədinin hazırlanmasına yardım edəcək, şəxs özü müraciət ünvanlayacaq. Ondansa biz məhkəmələrimizdə elə qərarların qəbul olunmasına nail olaq ki, məhkəmə qərarlarından Avropa Məhkəməsinə müraciətə əsas qalmasın”.

Paylaş:
Загрузка...