CƏMİYYƏT

Deputat Şəmsəddin Hacıyevlə bağlı Baş prokurorluğa hesabat göndərildi

Bu gün Hesablama Palatası növbəti kollegiya iclasını keçirib.

Palatadan verilən məlumata görə, iclasın gündəliyində bir məsələ dayanırdı-Azərbaycan Dövlət İqtisad Universitetinə ayrılan büdcə vəsaitlərinin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılmasına, icrasına dair aparılmış auditin nəticələrinə dair hesabatın müzakirəsi.

Bildirilir ki, Hesablama Palatasının Kollegiyası Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən 2012-2014-cü illərdə təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının yığılması və Universitetin bank hesabına köçürülməsi sahəsindəki nöqsanların ciddiliyini, eləcə də təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotdan yayındırılmasını nəzərə alaraq qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edib.

Hesablama Palatası həmin qərarın icrasını təmin etmək üçün aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsinə və audit tədbirinin nəticələri barədə məlumatın Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunmasına da qərar verib. “İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilmiş, müvafiq qərarlar qəbul edilib”-məlumatda deyilir.

Azərbaycan Dövlət İqtisad Universitetində 2012-2014-cü illər Milli Məclisin deputatı Şəmsəddin Hacıyevin rektorluq etdiyi dövrdür. Şəmsəddin Hacıyev Azərbaycanın ali təhsil sisteminin ən korrupsiyalaşmış rektorlarından biri hesab olunurdu və onun barəsində dəfələrlə mətbuatda ciddi korrupsiya əməllərinə dəlalət edən iddialar dərc edilib. Bəs Hesablama Palatasını Şəmsəddin Hacıyevin Azərbaycan Dövlət İqtisad Universitetində düz on ilik rektorluq fəaliyyətinin son üç ilini niyə yoxlamaq qərarına gəlib və Palatanın açıqlamasında bəhs edilən “ciddi nöqsanlar” nədən ibarətdir?

Təhsil sektorundakı mənbələr virtualaz.org-a bildiriblər ki, Hesablama Palatasının keçirdiyi audit zamanı ortaya çıxan korrupsiya faktları kifayət qədər ciddidir. Mənbənin bildirdiyinə görə bura təhsil haqqı kimi daxil olan külli miqdarda vəsaitlərin mənimsənilməsi, xüsusən Dağıstan universitetlərindən çoxsaylı tələbə köçürmələrinin həyata keçirilməsi və bu zaman sanballı məbləğlərdə rüşvət alınması, büdcə vəsaitlərinin talan edilməsi kimi əməllər daxildir.

Məlumatlara görə deputatın ailə üzvlərinin idarəçiliyidə olan “Turan-2009” MMC, “İqtisadçı” MTK və digər şirkətlər onun universitetdə qurduğu korrupsiya sxemində əsas rol oynayıblar. Həmin şirkətlər tenderlər keçirilmədən universitetdən hər il milyonlarla manatlıq sifarişlər alıblar. Təkcə 2013-ci ildə həmin şirkətlər üzərindən universitetin büdcəsindən 11.3 milyon manata yaxın vəsait çıxarılıb. Pullar dəftərxana ləvazimatlarının, inventarların, maşın və avadanlıqların alınması, o cümlədən sağlamlıq kompleksinin tikintisi (7.5 milyon manata yaxın) kimi təyinatlar üzrə silinib.

Mətbuatda habelə Şəmsəddin Hacıyevin rektor olduğu dövrdə Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı üzərindən tələbə köçürmələri həyata keçirməklə hər il milyonlarla manat əldə etdiyi barədə iddialar yer alır. Belə ki, qəbul imtahanlarında kifayət qədər bal toplaya bilməyən tələbələr Dərbənd filialına imtahansız birinci kursa qəbul edilir, növbəti il isə on minlərlə manat rüşvət əvəzində köçürmə yolu ilə universitetin özünə-birbaşa ikinci kursa daxil olurdu. Bütün bunlar Şəmsəddin Hacıyevin rektor fəaliyyəti ilə bağlı uzun müddət mətbuat səhifələrində yer alan və Hesablama Palatasının indi yoxladığı faktlardan ancaq bir qismidir. İndi gözləmək lazımdır ki, Baş prokurorluq Hesablama Palatasından daxil olan, ciddi korrupsiya faktlarından ibarət hesabatla bağlı hansı tədbir görəcək.

Paylaş:
Загрузка...