CƏMİYYƏT

«Dövlət qəzetlərdənsə onlayn mediaya pul ayırmalıdır» — Ekspert

«Azərbaycanda media azadlığına, ifadə azadlığına hökumətin dözümlü olması zəruridir»

«İndiki dövrdə qəzetlərə maliyyə yardımı ayrılmasını doğru addım hesab etmirəm. Çünki kağızın dövrü çoxdan keçib. Əgər bir saytı gün ərzində 100-150 min adam ziyarət edirsə, bir qəzetin gündəlik auditoriyası 3 mindən yuxarı deyil. Həmçinin müharibə şəraitində yaşadığımız bir dövrdə cəbhə xəttində baş vermiş olayları qəzetlər hazırlayıb sabah dərc edirlərsə, onlayn media sözügedən hadisəyə dərhal reaksiya verir, hətta radio və televiziyanı da qabaqlayır».

Bu sözləri onlayn medianın iqtisadi durumu ilə bağlı “Qaynarinfo”nun suallarını şərh edən media eksperti Azər Həsrət bildirib.

Tanınmış ekspert hesab edir ki, onlayn medianın normal şəkildə fəaliyyət göstərə bilməsi üçün neçə illərdir KİVDF xətti ilə ayrılan dövlət vəsaiti qəzetlərdənsə saytlara yönəldilməlidir:

«Digər tərəfdən internet media resursları rəsmi şəkildə KİV kimi qeydiyyata alınmırlar. Burada da boşluq var. Əsas problemlərdən biri də normal reklam bazarının olmamasıdır. Türkiyədə olduğu kimi Reklam Şurası yaradılması məsələsi neçə illərdir ki, bizdə də müzakirə olunur, lakin ortada bir nəticə yoxdur. Biz bunu çıxış yolu kimi görürdük, yəni reklamlar vahid mərkəzdən KİV-lər arasında ədalətli şəkildə bölüşdürüləcəkdi. Həmçinin sement və ya kənd təsərrüfatı məhsulları istehsal edən bir şirkətlə informasiya istehsal edən şirkət eyni ola bilməz. Bu baxımdan vergi tətbiqində də istehsalat şirkəti ilə media şirkətinə münasibət eyni olmamalıdır. Düşünürəm ki, burada hansısa bir güzəştdən və ya fərqli münasibətdən söhbət getməlidir”.

Media eksperti Ələsgər Məmmədli də «Qaynarinfo»-ya açıqlamasında ölkədə medianın iqtisadi durumunun yaxşı olmadığını vurğulayıb:


“Azərbaycanda çox az media qurumu var ki, dövlətdən heç bir vəsait almadan öz gücünə fəaliyyət göstərir. Onlardan biri də “Turan” İnformasiya Agentliyidir. Bu gün «Turan»a qarşı olan məsələ birbaşa onun fəaliyyətinə yönəlmiş məsələdir. Orada vergi pozuntusu olmaması Vergilər Nazirliyinin 30 iyun 2017-ci il tarixli qərarında açıq şəkildə göstərilmiş və cərimə də ləğv edilmişdi, lakin nazirlik bu dəfə də vergi cinayəti iddiası ilə yoxlamalara başlayıb. Məqsəd onun fəaliyyətinin dayandırılmasına yönəlib və burada Vergilər Nazirliyi sadəcə vasitəçidir.

Ekspert həmçinin belə məsələlərdə onlayn media qurumunun KİV kimi qeydiyyata alınıb alınmamasının da heç bir əhəmiyyət daşımadığını bildirib:

“Media qurumu istəyir lap ağzı ilə quş tutsun, fərqi yoxdur. Azərbaycanda media azadlığına, ifadə azadlığına hökumətin dözümlü olması zəruridir. Əgər dözümlü olmayacaqsa, bir gün vergi, sabah başqa qurum gələcək və beləliklə KİV-in fəaliyyəti dayandırılacaq. Məsələ vergi problemi deyil. Hər kəs bilir ki, Azərbaycanda vergi ilə bağlı problemi olan milyonlarla qurum varsa, onların içərisində media qurumu yoxdur. Media qurumunun gəliri nədir ki, problemi də nə olsun?!”

Paylaş:
Загрузка...