CƏMİYYƏT

Dözülməz ağrıları olan insanı öldürmək… – Bu qanun Azərbaycanda qəbul oluna bilərmi?

Evtanaziya sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəsidir.

Dünyada yalnız 2 ölkədə insanların həyatı könüllü tərk etməsinə icazə verilir: Niderland və Amerikanın 1 ştatında.

Medicina.az xəbər verir ki, evtanaziya ilk dəfə 1984-cü ildə Niderlandda tətbiq edilib. İnsanların ölüm seçmələri qanunla rəsmiləşdirilib. Dünyada belə xidmət göstərən ilk klinika da məhz Hollandiyada açılıb.

İkinci məkan isə ABŞ-ın Oreqona ştatıdır. Oreqonada 1997-ci ildən bəri qüvvəyə minmiş yerli qanuna görə, könüllü ölüm prosedur yolverilən sayılır. ABŞ-da “ölüm həkimi” ləqəbini qazanmış erməni həkim Cek Qevorkyan evtanaziya yolu ilə 130 adamın həyatına son qoyub. Birləşmiş Ştatların başqa yerində isə belə qanun yoxdur.

Evtanaziyanın qanuni olduğu Hollandiyada bu yolla həyatı tərk etmək istəyənlərin sayında isə artım müşahidə olunur. Məlumatlara görə, Həyatın Sonu Klinikasında (“Levenseindekliniek”) ölmək üçün növbə gözləyənlər var. Klinikadan bildirilib ki, evtanaziya üçün müraciət edənlərin boş yerə gözləməsinin qarşısını almaq üçün onlarla yeni həkim və psixoloq işə götürüləcək.

Məlumata görə, ötən il dözülməz ağrılardan əziyyət çəkən və yaxşılaşmaq ümidi olmayan 1800-dən çox xəstə evtanaziya üçün müraciət edib. Bu rəqəm 2017-ci ilin ilk 9 ayı ərzində isə 1862 nəfər olub. İlin sonuna qədər müraciətlərin 2500-ə çatacağı bildirilir.

Bəs evtanaziya nə qədər düzgün təcrübədir və bu haqda qanun Azərbaycanda da rəsmiləşdirilə bilərmi?

Məsələ ilə bağlı açıqlama verən tibb eksperti Adil Qeybulla bildirib ki, Azərbaycan mentalitetini, qohumluq münasibətlərinin xüsusiyyətini nəzərə alsaq bu ictimaiyyətin referendumundan sonra qəbul olunmalıdır.
Ekspertin sözlərinə görə, evtanaziyanın tətbiqinə müəyyən inkişaf səviyyəsinə çatmış ölkələrdə icazə verilir: “Bizdə hələ o qədər deyil. Mən hesab edirəm ki Azərbaycanda insanlar buna psixoloji olaraq hazır deyillər. Heç kim öz yaxın adamını bu addımı atmasına sövq etməz. Ona görə də bu məsələ müzakirə olunmalıdır. Ümumiyyətlə izdirabları çox olan və ümid olmayan xəstələrlə bağlı bu mövzu müzakirə məsələsi ola bilər. Çünki bəzi situasiyalarda təbabət özü gücsüz qalır. Lakin hələ ki bu mövzu Azərbaycanda aktual deyil”.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev açıqlamasında Azərbaycanda qanunvericiliyə görə evtanaziyanın qadağan olduğunu qeyd edib.
“Bu, həm bizim türk adət-ənənəmizə, həm də islam inanclarımıza ziddir. Dünyada bununla bağlı çox ciddi müzakirələr və mübahisələr var. Əksəriyyət hesab edir ki, bu, humanizmə ziddir. Elə insan var ki, onun ağrılarını yüngülləşdirmək üçün müəyyən xidmətlər göstərmək olar. Amma evtanaziya təbiətin qanunlarına da zidd hərəkətdir. İnsanın canını Allah verirsə, Allah da almalıdır. Mən bunun tərəfdarıyam”, – deyə M.Quliyev vurğulayıb.

Paylaş:
Загрузка...