CƏMİYYƏT Xüsusi

DSX Xəzər dənizində təlim keçirdi

“Xəzər dənizinin Azərbaycana mənsub bölməsində qaçaqmalçılıq, qeyri-qanuni ticarət, mütəşəkkil cinayətkarlıq və enerji infrastrukturuna qarşı terror-təxribat aktlarının qarşısının alınması zamanı Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən axtarış əməliyyatları keçirməklə terrorçu qrupların zərərsizləş­dirilməsi və dəniz təhlükəsizliyinin təmin olunması” mövzusunda taktiki təlim keçirilib.

Bu barədə Panorama.az-a Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, itisürətli və yüksək üzmə qabiliyyətinə malik, mükəmməl naviqasiya və radiotexniki avadanlıqlarla, müasir silahlarla təchiz edilmiş sərhəd gözətçi gəmiləri taktiki təlimdə yüksək manevr imkanları və döyüş qabiliyyəti nümayiş etdiriblər.

Taktiki təlimin əsas məqsədi Xəzər dənizində neft-qaz yataqları, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili və döyüş əməliyyatlarının aparılması zamanı Dövlət Sərhəd Xidmətinin silahlı birləşmələrinin döyüş hazırlığının yüksəldilməsi, qarşılıqlı fəaliyyətdə komandir heyətinin idarəetmə bacarığının inkişaf etdirilməsi, dənizdə sərhəd axtarışının aparılması, helikopterlərin və gəmilərin raket-artilleriya qurğularından atışların keçirilməsi üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi olub.

Qeyd edilib ki, üç mərhələdə on taktiki epizod üzrə keçirilən təlimlərdə neft-qazçıxarma rayonlarının, plat­formaların, ixrac boru kəmərlərinin mühafizəsi və müdafiəsi ilə bağlı Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin və Çevik Hərəkət Qüvvələrinin gündəlik xidməti şəraitdən fövqəladə şəraitə keçirilməsi və birgə axtarış əməliyyatlarının aparılması, sorğuya cavab verməyərək ərazidən uzaqlaşan gəminin dayandırılması üçün xəbərdarlıq atəşinin açılması, havadan çevik qrupun helikopter vasitəsilə gəmiyə desantlaşdırılması, gəmidə şərti düşmənin terror-təxribat qrupunun zərərsizləşdirilməsi, dayandırılmış gəmiyə təlim keçmiş xidməti itlər və xüsusi axtarış vasitələri ilə baxış keçirilməsi, kütləvi qırğın silahlarının komponentlərinin və narkotik vasitələrin aşkar edilməsi kimi təlim tapşırıqları uğurla icra olunub.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gə­milərinin, Çevik Hərəkət Qüvvələrinin helikopterlərinin raket kompleksləri və zenit-artilleriya qurğularından suüstü, sahil və hava hədəflərinə döyüş atışları müvəffəqiyyətlə həyata keçirilmiş, neft platforması rayonunda kəşfiyyat fəaliyyəti ilə məşğul olan rəqibin pilotsuz uçuş aparatının və tələblərə tabe olmayan üzmə vasitəsinin, şərti düşmənin sualtı təxribat qruplarının və sahildə düşərgə qurmuş şərti terrorçu qruplarının aşkarlanması və məhv edilməsi üzrə tapşırıqlar yüksək dəqiqliklə icra edilib.

Təlimdə qarşıya qoyulan vəzifələr tam həcmdə icra olunmuş, şəxsi heyət möhkəm intizam, yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirilib.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev təlimlərin uğurlu yekunu və yüksək nəticələr münasibətilə şəxsi heyəti təbrik etmiş, Xəzər dənizində dövlət sərhədlərinin etibarlı mühafizəsinin, döyüş hazırlığının daha da yüksəldilməsinin, neft-qaz hasilatı və daşınması infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinin Dövlət Sərhəd Xidmətinin əsas vəzifələrindən biri olmasını vurğulamış, Xəzər dənizində sərhəd mühafizə imkanlarının təkmilləşdirilməsi və şəxsi heyətin peşəkarlığının daha da artırılması üzrə tapşırıqlar verib.

Paylaş:
Загрузка...