CƏMİYYƏT

«Düşmənə informasiya müharibəsində daha güclü cavab verməliyik» — Hərbi ekspert

Ermənistan Azərbaycan ordusu ilə bağlı «sənədlər» yayıb.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayaraq bildirib ki, erməni tərəfinin yaydığı sənədlər saxta və yalandır. Müdafiə Nazirliyi bu sənədləri düşmən tərəfinin təxribatı adlandırıb.

Məsələ ilə bağlı hərbi ekspert Tərlan Eyvazov «Ölkə.Az»-a danışıb:

«Ermənistan tərəfi bizdən fərqli olaraq yatmır. Biz ancaq söyüş söyməklə məşğuluq, onlar isə iş görməklə. Bu cür sürprizlər davam edəcək. Biz erməni tərəfinin etdiklərinə təxribat deyirik, bu isə faktiki olaraq düşmən kəşfiyatının gördüyü işdir. Ermənilər bizi düşmən bildikləri üçün Azərbaycana qarşı saxta sənədlərdən, informasiyalardan istifadə etməklə müharibə aparırlar».

Hərbi ekspert əlimizdə olan imkanlardan istifadə edilmədiyini qeyd edərək bildirdi ki, biz deyirik, ən yüksək texnologiyalarımız var, maliyyə baxımından düşməndən öndəyik, ancaq düşmənə cavab verməklə məşğuluq:

«Yazının səhvlərindən, blankın hazırlanmasından bilirik ki, bu təxribatdır. Ancaq digər tərəfdən bu, düşmənin gördüyü işdir. Bəs bizim etdiklərimiz hanı? Biz nəyə görə ancaq düşmənə cavab verməklə məşğul olmalıyıq?

Erməni tərəfi Azərbaycan tərəfinin informasiyasızlığından istifadə edərək məlumatları yayır. Bizim saytlar da həmin məlumatları götürüb yayırlar. Artıq bizim saytlar da bu təxribatın qurbanı olur. Bu da çaxnaşmaya gətirib çıxarır. Üstündən bir neçə gün keçəndən, insanlar oxuyandan sonra biz başlayırıq sübut etməyə ki, əslində elə deyil. Ona görə də, aidiyyatı orqanlar zəhmət çəkib jurnalistlərlə işləməlidirlər. Qanunlar qoyaraq jurnalistlərin işləməyinə mane olmamalıdırlar. Bu informasiyadır, internet dövrüdür, düşmənin yaydığı informasiyalar bizə gəlib çatacaq».

Paylaş:
Загрузка...