CƏMİYYƏT

Gəncə şəhərində iş adamını oğurladılar — TƏFƏRRÜAT

Özünü vəzifəli şəxs kimi təqdim edərək dələduzluq və hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan şəxsin məhkəməsi başlayıb.

“Ölkə.Az”ın məlumatına görə, cinayət məcəlləsinin 182.2.3,182.2.1, 182.2.4-cü maddələri ilə təqsirli bilinən Əliyev Namiq Paşa oğlunun məhkəmə prosesinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmov sədrlik edəcək. Belə ki, N.Əliyev 2 nəfərlə əlbir olaraq iş adamından pul tələb etməkdə təqsirli bilinir. Namiq Əliyev tanışları Bəhruz Cəfərov, Babək Həsənov və istintaqa məlum olmayan digər şəxslərlə özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmək məqsədi ilə qabaqcadan cinayət əlaqəsinə girib. Onlar 28 may 2013-cü il tarixdən 29 may 2013-cü il tarixə keçən gecə saat 3 radələrində iş adamı Abbas Məcid oğlu Məmmədovun yaşadığı Samux rayonunun Qarabağlar kəndindəki evinə gəliblər.

Babək Həsənov və yoldaşları özlərini Milli Təhlükəsizlik Nazirliyinin məsul əməkdaşları kimi təqdim edib, guya onlarda Abbas Məmmədovun barəsində Rusiyada həmkəndlisi Malik Cəfərova qarşı törətmiş olduğu cinayətə görə İnterpol xətti üzrə axtarıldığına dair sənədlər olduğunu bildiriblır.

Bu zaman Bəhruz Cəfərov özü ilə götürdüyü süngü bıçağına oxşar kəsici aləti A.Məmmədovun çiyninə dirəyib, Namiq Əliyev isə qundağı və lüləsi kəsilmiş tüfəngi arxadan ona tuşlayıb. Onlar Abbas Məmmədovu gəldikləri “VAZ-21015” markalı avtomobilə oturdaraq Milli Təhlükəsizlik Nazirliyinin Gəncə Şəhər Şöbəsinin binasının qarşısına apararaq orada hədələməyə başlayıblar. Sonra da bir evə apararaq saxlayıb, mayın 29-dan iyunun 8-dək olan müddətdə mobil nömrəsindən davamlı olaraq ailə üzvləri ilə danışıqlar apararaq azad olunması müqabilində 30 000 manat tələb ediblər.
Mayın 30-da dəstə üzvləri 4750 manat alıblar. Qalan məbləği də almağa çalışsalar da, istəklərinə nail ola bilməyiblər. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dəstə üzvləri həbs edilib.

Həmin şəxslərdən Babək Həsənov 2016-cı ildə məhkəmənin hökmü ilə cəzalandırılıb. O, Cinayət Məcəlləsinin 178.3.3-cü (dələduzluq, əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə), 182.3.2-ci (hədə-qorxu yolu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.4 (hədə-qorxu yolu ilə tələb etmə, əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirli bilinib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Paylaş:
Загрузка...