CƏMİYYƏT

Görmədiyim QUBADLI — KÖŞƏ

Orxan Aslanlı
5 yaşım vardı. Ailəvi «Atları yəhərləyin” (bu filmi daha çox «Qaçaq Nəbi” adı ilə tanıyırlar – O.A.) filminə baxırdıq. Nənəm qəfildən dedi: «Eh, Qubadlı, sən bizdə elə yaralar qoydun ki, bu yara çətin sağala”. Uşaq ağlımla bu sözlər mənə çox qəribə gəldi, öz yaşıma uyğun maraqla ard-arda Qubadlı haqqında suallar verməyə başladım. Bu məkanın, yerin bizim üçün xüsusi önəminin nə olduğunu öyrənməyə cəhd etdim. Suallarımdan bezən valideynlərim mənə Qubadlı haqqında ümumi məlumat verdilər: «Qubadlı bizim doğulub boya-başa çatdığımız yurd-yuvamızdır. Hər kəs üçün anadan olduğu yer onun üçün daima əziz olur. Qubadlı da bizə babalarımızın yadigarıdı. Çox heyf ki, 1993-cü ilin avqustun 31-də ermənilər bizi doğma yurdumuzdan, məskənimizdən didərgin saldı”.
Çox qısa məlumat olmasına baxmayaraq bu sözlərdən sonra 5 yaşlı uşaq təfəkkürü ilə Qubadlı sözünün mənasını başa düşdüm və anladım ki, insan üçün doğulub boya-başa çatdığı yer vətənin digər məkanlarından fərqli olaraq daha əziz, doğma olur. Evdə danışılanlardan Qubadlı haqqında ilk təsəvvürlərim belə idi: rayonun girişində Qaçaq Nəbi və Həcərin abidəsi var. Ən böyük çayları Həkəri və Bərgüşaddır. Yaşıllıq və meşəliklə bol olan bir yerdir.
İllər keçdikcə Qubadlı haqqında daha çox məlumat toplamağa, maraqlanmağa başladım. Evdəki söhbətlərə qulaq asır, qohum-əqrabaya Qubadlı haqqında suallar verir, cavablar alırdım.
Həddi-buluğa çatanda  artıq rayon haqqında yetəri qədər məlumata malik idim. Öyrənmişdim ki, Qubadlı 1962-ci ilə qədər Zəngilan rayonunun tərkibində olub. Məhz həmin il Qubadlı Zəngilan rayonundan ayrılaraq müstəqil rayon statusu qazanıb. Bundan sonra rayonda daha çox pambıqçılıq, baramaçılıq, tütünçülük sahələri inkişaf etməyə başlayıb. Qubadlı həm də Azərbaycanın, eləcə də keçmiş SSRİ-nin əhəng və mərmər istehsal edən rayonlar siyahısında imiş.
Əlbəttə, rayonun 1993-cü ilin avqust ayına qədər olan tarixi haqqında öyrəndiklərim məndə ruh yüksəkliyi yaradırdı. Bütün ağrı-acılar və mürəkkəblilik isə 31 avqust 1993-cü il tarixində düyünlənir. Sən demə, tanıdığım qubadlılar, qohum-əqraba özlərini nə üçün yaralı, yarı can adlandırdıqlarının cavabı bu günə bağlı imiş. Həmin gün Qubadlı işğal olunub. Sanki təsəvvürümdə Qubadlının tarixi iki hissəyə ayrılır – 31 avqust 1993-cü ilə qədər olanlar və ondan sonrakılar. Birinci hissə nə qədər aydın və işıqlıdırsa, ikinci hissə bir o qədər ağrılı və qanlı-qadalıdır.
31 avqust 1993-cü ildən sonrakı araşdırmalarıma ən əvvəl bunları aid etdim: Qubadlıdan olan qəhrəmanlar: Qaçaq Nəbi — Xalq Qəhrəmanı, Əliyar Əliyev — Milli Qəhraman, Kərəm Mirzəyev —  Milli Qəhraman, Aslan Aslanov — Milli Qəhraman, Nazim İsmayılov — Qarabağ savaşı şəhidi,Həsənqulu Qasımov — Qarabağ savaşı şəhidi və s.
Qəhrəmanların siyahısı məndə ruhyüksəkliyi yaradırdı ki, ancaq televiziyada eşitdiyim bu ifadə ilə darmadağın oldum: «Gəlin etiraf edək ki, Ermənistanla Azərbaycan arasında müharibə olub və biz bu müharibədə məğlub olmuşuq”.
Hərbi xidmətdən qayıtdıqdan sonra yenə araşdırmalarım davam edirdi. Topladığım məlumata görə, artıq ermənilər rayonun adını bir neçə dəfə dəyişib fərqli-fərqli adlar qoyublar. İlk öncə «Kaşunik” adlandırılıb, daha sonra isə «Sanasar”. Onların qondama, uydurma ad qoymalarına baxmayaraq bu rayonun bizlər üçün əsl adı Qubadlıdır. Elə dəyişilməz də qalacaq. Bu rayon coğrafi baxımdan da digər rayonlarda fərqlidir. Çünki Qubadlıdan yuxarıda Laçının uca dağları dayanır, bu rayon o dağların ətəyində, Həkəri çayının üzərində yerləşir.
Erməni xəbər portallarında olan məlumatlara görə, Qubadlı artıq hərbi strateji zonadır. Çox böyük ehtimal ki, orada hərbi hissələr yerləşdirilib.
Yaşlılardan eşitdiyim bir faktı qeyd etmək istəyirəm: Hələ 1988-ci ildə rayon sakinləri Ermənistanın Qafan rayonuna meyvə-tərəvəz satmağa aparırımış, bu zaman ermənilər daxillərində olan kin-küdurətlərini göstərir, azərbaycanlıları daş-qalaq etməyə başlayırmışlar. Deyilənə görə, müharibədən əvvəl çox gediş-gəliş olurmuş, hətta rayona bəzi ermənilər belə gəlirmişlər. Amma satqın, ikiüzlü insan gec də olsa özünü göstərir. Puşkinin bu sözü həqiqətən də bir daha sübutdur: «Sən qorxaqsan, sən qulsan, sən ermənisən!!!” Ermənilər də özlərinin necə insan olduqlarını adi, məişət səviyyəsində də biruzə verirmişlər.
«Biz məğlub ordunun əsgərləriyik” — bu cümləni eşidəndə elə bil müharibədə məğlub olma cümləsi yenidən qulaqlarımda səsləndi. Həmin cümləni deyən insana yaxınlaşıb soruşdum ki, səni bu cümləni deməyə nə vadar edir? Aldığım cavab belə oldu: «Sən axı hardan biləsən Şuşasız, Laçınsız, Xocalısız qalmaq nə hissdir? Sən o yerləri görməmisən”. Bu cümlədən sonra sadəcə susdum. Və getdim.
Dərd böyükdür, yara sağalmazdır, ürək həmişə sızlayır, amma anlamadığım şey budur ki, niyə özümüz özümüzü bu cür adlandırırıq? Müharibənin qanunları belədir ki, bir ölkə qalib gəldikdə digəri məğlub olur. Amma bu ona əsas vermir ki, yenidən müharibə olmayacaq və biz həmişəlik məğlub olaraq qalacayıq? Bu səbəbdən də ilk öncə özümüzü düzəltməyə, öz içimizdən başlamalıyıq.
Təxminən bir neçə ay bundan öncə yaxın dostumun danışdıqları məni çox sarsıtdı. Dostum danışır ki, İrana gedirmiş və sərhədi keçəndən sonra avtobus birdən saxlayıb və hamı yerə düşüb və kimi fotoaparatla, kimisi mobil telefonla şəkil çəkməyə başlayıb. Əksəriyyət Araz çayının o tayına baxıb ürək ağrısı, sızıltı ilə danışmağa başlayıb. Birdən bir nəfər əlini dağa tərəf uzadaraq dostuma deyib ki, bax, ora bizim yurdumuz Zəngilandır. Daha sonra həmin adam əlavə edib ki, o dağın arxası da Qubadlıdır: «Heyif belə gəzməli-görməli yerləri düşmənə təhvil veib İrana-Turana gedirik”. Uzun müddət «bax o dağın arxası Qubadlıdır” ifadəsini unuda bilməmişdim.
Sonra dostum təklif etmişdi ki, istəyirsən uzaqdan da olsa, gedib Qubadlını görək…
Sualın mənə ünvanlanmasından çox gərginləşsəm də,  nə yalan deyim, uzaqdan da olsa, doğma yurdu, görmədiyim Qubadlını görmək istədim…
Və ilk ağlıma gələn Nüsrət Kəsəmənlinin bu misrası oldu:
Elə kövrəlmişəm, bilmirəm nədən,
Dəli bir ağlamaq keçir könlümdən










Paylaş:
Загрузка...