CƏMİYYƏT

“Günəşli”dəki hadisədən 2 il ötür

Bu gün “Günəşli” neft yatağında baş verən hadisədən 2 il ötür.

Metbuat.az-ın məlumatına görə, hadisə 2015-ci ilin 4 dekabrında «Günəşli» neft yatağının 10 saylı dərin dəniz özülündə baş verib. Hadisə nəticəsində 63 nəfər zərər çəkib.

“Günəşli” neft yatağındakı dəhşətli yanğın 4 dekabr 2015-ci ildə 17.40 radələrində başlayıb. Nəhəng dalğalar Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırıb, nəticədə boru kəmərini zədələyib və şiddətli yanğın baş verib. Yarana biləcək fəsadların qarşısını almaq məqsədi ilə 10 saylı dərin dəniz özülünə gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanılıb, özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılıb.

Təlimata və təxliyyə planına uyğun olaraq, yanğın və baş verə biləcək partlayışdan xilas olmaq məqsədi ilə işçilər özüldəki iki xilasedici qayığa minib və qayıqları aşağı buraxıblar. Qayıqlar dəniz səviyyəsindən təqribən 10 metr məsafəyə qədər endirilərək saxlanılıb.

Təqribən 22.45 radələrində güclü küləyin təsiri və hündür dalğaların zərbəsi nəticəsində xilasedici qayıqlardan birinin qarmağı açılıb və qayıq, içindəki adamlarla birlikdə dənizə düşüb. Yaxındakı gəmilər vasitəsi ilə işçilərdən 3 nəfər və 1 cəsədin dənizdən çıxarılması mümkün olub. Qaranlıq və qasırğalı hava şəraitində ikinci xilasetmə qayığındakı işçilərin təxliyyə edilməsi böyük risk və təhlükə yaratdığı üçün təxliyyə işlərinin hava işıqlandıqdan sonra davam etdirilməsi qərara alınıb.

Yanğın zamanı platformadakı 33 nəfər xilas edilib, 11 nəfər həlak olub. 19 neftçi itkin düşmüş kimi qeydə alınıb. Hadisə ilə əlaqədar Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 2015-ci ilin 6 dekabr tarixində matəm günü elan olunub. Həlak olan neftçilərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Çilov adasında abidə ucaldılıb.

Paylaş:
Загрузка...