CƏMİYYƏT Xüsusi

Hər insanda qatil olmaq potensialı var – Amanda Kreq

Amanda Kreq yazar, jurnalist və ədəbi tənqidçidir. Onu qısaca, tənqidçi jurnalist də adlandırmaq olar. 1965-ci ildə doğulmuş Amanda ilk təhsilini Badales məktəbində alır. Kembric universitetindən məzun olduqdan sonra jurnalist kimi fəaliyyət göstərir.
Kreq Britaniya ədəbiyyatında altı qüsursuz romanın müəllifidir. Kreqin dili təkcə kimisə tənqid edərkən yox, yazarkən, qəhrəmanlarını dilləndirərkən də baməzə, satirik və acıdır. Onun üslubu və sujeti irəlilətmək mexanizmi Entoni Trollop, Çarlz Dikenzlə müqayisə olunur. İlk romanı «Qısa dövrə” («Vicious circle”) «Hamish Hamilton” kitab evi tərəfindən nəşrə hazırlanarkən keçmiş sevgilisi və ədəbi tənqidçi Devid Sekstonun «müəllif hüquqları” iddası ilə çıxış etməsi və Amandanın romanına olduqca oxşar bir əlyazma ortaya qoyaraq, əsərin ona aid olmasını irəli sürməsi işləri çətinləşdirib. Belə ki, nəşriyyat adının mübahisəli məsələdə hallanmaması üçün romanın nəşrindən imtina edib. Sekston elə həmin il öz romanını nəşr etdirsə də, 3 il sonra «Fourth Estate” nəşriyyatı Amandanın romanına çıxış haqqı verib. İki roman bəzi ümumi obrazlar və təsvirlərlə bir-birinə oxşasa da, xanım Kreqin romanı bestseller siyahısına girib.
Amanda Kreq xüsusilə də, uşaq ədəbiyyatı nümunələrinin peşəkar tənqidçisi hesab olunur. Mövzunu bütün xırdalıqlarına kimi təhlil etdikdən sonra əsl peşəkar pedaqoq və psixoloq mövqeyini ədəbi tənqidçi dili ilə qələmə alır. JK Roulinq və Filip Pulman kimi dünya ədəbiyyatının iki nəhəng imzasının ən qatı tənqidçisidir. «The Times”, «Daily Mail”, «New statesman” kimi dərgilərin bir-birinə güzəştə getmək istəmədikləri publisistdir. Dünya ədəbiyyatında «Yad adamlar” («Foreign bodies”), «Məxfi yer” («A private place”), «Qaranlıq meşədə” («İn a dark wood”), «Ürəklər və düşüncələr” («Hearts and minds”), «Qırmızı giləmeyvələr” («Red berries”) kimi roman və hekayə toplularının müəllifi kimi tanınır.
Amanda Kreqin 2017-ci ilin martında işıq üzü görmüş səkkizinci romanı – «Torpağın iki üzü” («The Lie of the Land”) qısa zaman ərzində müəllifə böyük nüfuz qazandırdı. Britaniyanın şəhərkənarı ərazilərindəki həyatın çətinliklərinə, ailə mühitinə, boşanmalar, boşananlar haqqındakı ictimai fikrə tənqidçi gözü ilə baxan müəllif mövcud vəziyyəti kəskin sosial satira dili ilə şərh edib. Müəllifin yaradıcılığı və romanları ilə bağlı müxtəlif saytlara verdiyi müsahibələri ixtisarla təqdim edirik.

– Sonuncu romanınızda boşanmış baş qəhrəmanlar ayrı-ayrı ev almaq imkanları olmadığından Devona köçüb, eyni evdə yaşayırlar. Bu ideya haradan gəldi?
– Devondakı o daxmanı həyat yoldaşımla almışıq. Elə o daxmadan ilhamlandım. Çünki bu, şəhərkənarı yerlərə səs-küydən uzaq qalmaq üçün üz tutanların yox, həmin həyatı çətinlikləri ilə məcbur olduğu üçün seçənlərin romanı idi. Burada kənd həyatının əziyyətləri təsvirini tapıb. Meqapolis elitlərinin beyninin qavramayacağı bir həyat tərzidir.

– «Torpağın iki üzü”ndə şəhərlə kənd arasında gərgin mübarizə var. Amma müəllifin könlünün kəndə üstünlük verdiyi hiss olunur…
– Demək olar ki, ikisi arasında bölünüb. Hələ də Londonda yaşayıram. Bu şəhərin enerjisinə, multikulturallığına, insana aşıladığı optimizmə vurğunam. Amma başqa bir cəhət var. İnsanlar rasist deyil, səfeh deyil, lakin mütəmadi olaraq, əsəbidir. Xeyirxahdırlar, amma tənhalığı sevirlər. Bu baxımdan ehtiyacım olanı kənddə tapıram.

– Londonluların ölkənin qalan yerlərinin əhalisinin vəziyyətindən tamamilə bixəbər olduğu qənaətindəsiniz?
– Təkcə londonlular belə deyil. Dünyanın bütün ölkələrində paytaxtda, əsas şəhərlərdə yaşayanlar üçün kənd həyatı qolf meydanı, nağıllar aləmi kimi görünür. Onlara kənd deyəndə beyinlərində fantastik bir yer canlandırırlar. Halbuki bu yerlərdə yaşayanlar şəhər əhalisindən daha həqiqidir, problemləri daha dərin, həyatları daha çətindir.

– Bu romanda insanı ürküdən bir sir pərdəsi var. Müasir trillerlərin populyarlığından təsirləndiyiniz üçün belə bir sirr pərdəsi çəkməyə qərar verdiniz?
– Bunun müasirlik və ya populyarlıqla əlaqəsi yoxdur. Dikenz, Trollop dövründən gəlir bu ənənə. Onlar da əsərin sujetində belə dedektiv, triller janr elementlərinə yer veriblər. Mən də həmişə bədii əsərdəki qatil obrazı yaratmağın həvəskarı olmuşam. Çünki, mənim nəzərimdə hər insanda qatil olmaq potensialı var.

– Psixoloji trillerlər oxuyursunuz?
– Elə alovlu pərəstişkar deyiləm. Amma qiraət siyahıma salıram. Peşəkar yazılan hər şey insana zövq verir.

– Yazı üslubunuza, texnikanıza hansı yazarların təsiri çox olub?
– Mən yenidən həyata gələn obrazlar yaratmaq ideyasını Alison Luirinin yaradıcılığından götürmüşəm. Onun əsərlərini isə Trollop və Balzakın vasitəçiliyi ilə tanımışam. Bir də Helen Danmor – mənim nəzərimdə bədii nəsrin ən güclü nümunələrinin müəllifidir.

– Bəs, sevimli yazarlarınız kimlərdir?
– Mən yumoru və satiranı sevirəm. Məsələn, Stella Gibbonsun tərzi çox ürəyimcədir. İan Mak Evana heyranam – bu insan əlindən gələnin ən yaxşısını etməkdə ustadır.

– Yaşayan və dünyasını dəyişmiş ədəbi fiqurlardan kimlərlə nahar etmək istərdin?
– Dikenz, Takerey, Şarlotta Bronte…

– Ən son nə oxumusunuz? Yəni, möhtəşəm olduğunu düşündüyünüz sonuncu əsər…
– Elena Ferrantenin «Neapol kvarteti” («Naples quartet”) əsəri. Dərc olunan il bir çox mükafata namizəd göstərilmişdi.

– İndi nə oxuyursunuz?
– Katerina Randelin «Tədqiqatçı” («The Explorer”) əsərini.

– Niyə yazırsınız?
– Bunu necə izah edim. Təsəvvür edin ki, bu, haradasa dinə bütün zərrələriylə itaət edən adamın ölümcül xəstəlik ucbatından intihar qərarı alması kimi bir şeydir. Balaca bir ədəbi şövq yazarı həvəsləndirir, ideyanı sözə tökdürür. İnsan bütün varlığını bu işə həsr etməyə hazır vəziyyətə gəlir və bu xoşbəxtlik qısa zaman sonra bitir. Mən qısamüddətli olduğunu bilə-bilə bu sevincə, xoşbəxtliyə möhtacam.

– Uşaqlığınızdan yazıçı ruhunuz var idi, yoxsa həyatınıza sonradan daxil olmuş bir şey idi?
– Yeniyetmə olanda indi gözümə olduqca vahiməli görünən şeirlər yazmışam. Uşaqlıq illərində isə Nesbitin yaradıcılığından həvəslənərək, bir neçə qısa hekayə qələmə almışam. Bir də özümdən başqa heç kimin bilmədiyi skandallar və sirlərlə dolu bir günlük var. Sonra bunların arxası gəlmədi. Çünki həkim olmaq istəyirdim. İnsan bədəni, daxili mənə çox maraqlı gəlirdi. Amma riyazi təfəkkürüm dözülməz dərəcədə yoxsul idi. Yanımda isə Çexov və Con Kits var idi. Mən də onların yolu ilə irəlilədim.

– İlk böyük əngəli necə yıxdınız?
– Ədəbi karyera qurmaq istəyən hər bir yazar üçün iki maneə var – zaman azlığı və yazmaqla məşğul olduğu müddətdə ac qalmamaq üçün pul. Bu maneələri 29 yaşımda, «Sunday Express”də gündəlik yazar kimi işlədiyim il aşdım. Nəşr olunan ilk əsərimi yazdım. İngiltərə jurnalistləri arasında keçirilən «The star” mükafatının qalibi oldum. O dövr üçün aldığım pul məni uzun müddət idarə etdi, mən isə bütün enerjimi yazmağa sərf etdim.

– Yeni əsərə necə başlayırsınız? Hər şeyi əvvəlcədən planlaşdırırsınız, yoxsa yazmağa başlayır və hekayənin apardığı yerə gedirsiniz?
– Əslində, planlaşdırmaq yaxşıdır. Mən də planlaşdırmağa çalışıram, amma ideyanı planlaşdırıram, kitabı on il sonra yazmağa başlayıram. Çünki obrazları bir romandan digərinə daşımaq vərdişini tərgidə bilmirəm. Amma adətən romanlarım mənə çox maraqlı gələn bir şeydən başlayır – ya çox xoşuma gələn bir adamın obrazlı təsvirindən, ya hansısa hadisədən, ya da məkandan. Bir əsəri tamamilə yekunlaşdırana kimi paralel dünyalarda yaşayıram.

– Yazmaq rejiminiz necədir? Səs-küylü kafelər, yoxsa səssiz tənhalıq? Günəşinin doğuşunun səmanı yardığı zamanlar, yoxsa gecənin yağını dağıtdığı saatlar? Kompüter, yoxsa kağız-qələm?
– Yalnızlıqda və kompüterdə yazmağa üstünlük verirəm. Qələm-kağızı da sevirəm, amma onda uzun çəkir. Özümü bayquşa bənzədirəm, gecələr işləyirəm. Ev əhalisi yatmalıdır, elə bir səssizlik olmalıdır ki, evli olduğumu, məsuliyyətlərimi unudum, yoxsa yaza bilmirəm.

– İlk əlyazmanız nə qədər təmiz, səliqəli olur?
– Qorxunc olur. İngilis dilinin mövcudluğundan utandırıram. Təkrarlar, mənasız obrazların müdaxiləsi, sujetin qarışması… Ədəbiyyat birmənalı şəkildə yenidən yazmaq sənətidir.

– Hansı əsərləri oxuyanda içinizdə «Kaş bunu mən yazmış olsaydım…” demisiniz?
–Dikenzin «Böyük gözləntilər”ini. Dünya ədəbiyyatında azsaylı qüsursuz əsərlərdəndir. Bu siyahıya Lampedusanın «Pələng” («The leopard”), Austenin «Emma” romanlarını da daxil edə bilərəm.

– Yazmaqdan başqa sahib olduğunuz hansı bacarıq və ya nailiyyətinizlə öyünürsünüz?
– Sürməyi öyrənmək. Bəlkə də, bilmirsiniz, avtomobil idarə edə bilməmək, əksər yazarların çatışmazlığıdır.

– Nəyə sahib olmaq istərdiniz?
– Uçmaq bacarığına…

– Gənc yazarlara nə məsləhət verə bilərsiniz?
– Qətiyyətli olun. İnadkar davranın. Cəsur olun, səxavətli olun. Bədəninizi və ruhunuzu sadəcə sizə aid bir şey kimi saxlamağı bacarın. //artkaspi.az

Paylaş:
Загрузка...