CƏMİYYƏT

Hərbi prokuror: “Hərbi cinayətlərin sayı kəskin azalıb”

“Son illər ictimai həyatın bütün sahələri üzrə yeniləşən Azərbaycanın möhkəm təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, milli dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən qorunmasında, kriminogen durumun qarşısının alınmasında, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının təminatında hərbi prokurorluq orqanlarının da mühüm xidmətləri vardır”.

A24.az-ın məlumatına görə, bunu baş prokurorunun müavini – hərbi prokuror Xanlar Vəliyevin “Xalq” qəzetində dərc olunmuş məqaləsində deyilir.

Müəllif qeyd edir ki, dövlətinə, xalqına və prezidentinə hər zaman sadiq olan hərbi prokurorluq orqanları Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində qarşısına qoyulmuş vəzifələri yerinə yetirməklə, orduda nizam-intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin və digər neqativ halların qarşısının alınması istiqamətində məqsədyönlü mübarizə tədbirləri həyata keçirmiş, ordu quruculuğuna mənfi təsir edən qanun pozuntularının və nöqsanların, cinayətkarlığı doğuran səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsini təmin edib.

 

“Orduda nizam-intizamın bərpa edilməsi və cinayətkarlığa qarşı yönəlmiş mübarizə tədbirləri sayəsində əvvəlki dövrlərlə müqayisədə qeydə alınmış cinayətlərin, o cümlədən ağır və xüsusilə ağır cinayətlərin, habelə hərbi cinayətlərin sayı kəskin surətdə azalıb. Müsbət hal kimi qeyd edilməlidir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin I yarımilində də hərbi xidmət əleyhinə cinayətlərin sayında azalma müşahidə edilib, qeydə alınmış cinayətlərin 100 faizi açılması təmin olunub. 2016-cı ilin I yarısı ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə təkcə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 12,5 faizi, fərarilik cinayəti 66,7 faizi, hərbi hissəni və xidmət yerini özbaşına tərk etmə cinayətləri 18,3 faizi azalıb. Bu növ cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla qarşılıqlı, sağlam və işgüzar əlaqələrinin yaranmasının, habelə mütəmadi olaraq təsdiq edilmiş birgə tədbirlər planı əsasında həyata keçirilən fəaliyyətin çox böyük əhəmiyyəti olub”, – deyə X. Vəliyev qeyd edib.

 

Hərbi prokuror vurğulayıb ki, cinayətlərin dinamika və strukturunda müsbət dəyişikliklərə nail olunması hərbi prokurorluq orqanları nəticəsində mümkün olub.

Paylaş:
Загрузка...