CƏMİYYƏT

Hökumət qurumları hərbi hissədəki yanğın və partlayışla bağlı daha bir məlumat yaydı

Xəbər verildiyi kimi, avqustun 27-də səhər saat 09 radələrində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin utilləşmə üçün hazırlanmış silah–sursat anbarında yanğınla müşayiət olunan partlayışlar baş verib.

Müdafiə, Fövqəladə Hallar nazirliklərinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş vermiş hadisə ilə bağlı virtualaz.org-a daxil olan əlavə məlumatında bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən prosesə cəlb edilmiş müvafiq qurumlar tərəfindən görülmüş kompleks təxirəsalınmaz tədbirlər nəticəsində saat 17 radələrində yanğın lokallaşdırılaraq digər ərazilərə keçməsinin və partlayışların geniş vüsət almasının qarşısı alınıb.

Hazırda Müdafiə Nazirliyinin hərbi hissənin ərazisinə cəlb edilmiş mühəndis-istehkam bölmələrinin, eləcə də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Mülki Müdafiə Qoşunlarının və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin canlı qüvvələri və müvafiq texnikaları tərəfindən partlama nəticəsində ətrafa səpələnmiş qəlpələrin, ərazidə qalan partlamamış sursatların aşkarlanıb zərərsizləşdirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.

Eyni zamanda, hadisə nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilmiş hərbi qulluqçulardan 5-i ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, digər şəxs isə xəstəxanada müşahidə altında saxlanılır. Onun vəziyyəti sabitdir, həyatı üçün təhlükə yoxdur. Baş vermiş hadisə nəticəsində digər ağır xəsarət alan və yaxud vəfat edən şəxslər olmayıb.

Bundan başqa, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı-Quba avtomobil yolunda avtomobillərin təhlükəsiz hərəkəti bərpa edilib.

Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən, əhalinin müvəqqəti olaraq təhlükəsiz yerlərdə yerləşdirilməsi, eləcə də onların məişət və həyat təminatlarının təmin edilməsi üçün tədbirlər davam etdirilir.

Paylaş:
Загрузка...